Məhkəmə qərarları › İş №e-2(004)-1808/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(004)-1808/2022

26.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1808/2022 26.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi, İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən "xxxx" MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 67,80 manat abunə haqqı qismində vurulmuş maddi zərərin, həmçinin xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün "xxxx" MMC-yə ödənilmiş 100 manat pul məbləğində vəsaitin və 30 manat dövlət rüsumun və 0,40 manat xidmət haqqının, ümumilikdə 198,20 manat məbləğində vurulmuş maddi ziyanın tutularaq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011- ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. İddiaçı Bakı şəhərinin rayonlarında kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xətləri çəkir. Nəsimi rayonu ərazisində son zamanlar bəzi vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan və ya müqavilə münasibətlərinə xitam verildikdən sonra qanunsuz olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Qeyd edilən qanunsuz qoşulmaların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında “hüquqi xidmətlərin göstərilməsi” barədə müqavilə imzalanmışdır. İddia ərizəsinə əlavə olunmuş Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin 31 saylı MKİS-i tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli arayışdan görünür ki, cavabdeh qanunsuz qoşulmanın icra edildiyi Bakı şəhəri, Nəsimi rayonu, 5-ci MKR 20 Yanvar küçəsi 32 saylı evin, 1 №-li mənzilinin sahibidir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, ünvan 1-də yaşamış Aynur İsmayılova adlı şəxslə iddiaçı arasında bağlanmış müqaviləyə əsasən adıçəkilən ünvan xx.xx.2010-cu ildə iddiaçıya məxsus kabel şəbəkəsinə qoşulmuş, xx.xx.2011-ci ilədək son ödənişi edib və xx.xx.2011-ci ildə 23 manat 70 qəpik borcla şəbəkədən ayrılmışdır. Ərizədə qeyd edilir ki, xx.xx.2012-ci il tarixdə "xxxx" hüquq firmasının, Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirilən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə 0965 K saylı akt tərtib olunmuşdur. Akt tərtib edildikdən sonra qapını açan və ad soyadını demədən özünü həmin mənzildə yaşayan kirayəçi kimi təqdim edən xanıma təqdim edilmişdir. Beləliklə tərtib edilmiş aktdan görünür ki, cavabdehə məxsus mənzil “KATV1” kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulmuş və həmin qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Eyni zamanda baxış keçirilən zaman tərtib edilmiş aktda qeyd edilənlər video qeydə alınmışdır. Həmçinin kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat və 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Həmin ünvanın kabel şəbəkəsindən ayrıldığı xx.xx.2011-ci ildən, qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2012-ci ilədək olan müddət 226 gün təşkil edir. Bu isə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərti ilə 67,80 manat təşkil edir. Eyni zamanda, mülki hüquq pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, mənzil bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə cavabdehə pretenziya məktubları göndərilmiş, lakin məktublar geri qayıtmışdır. Həmçinin iddia ərizəsinə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilə əsasında xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 100 (yüz) manat pul ödəyir. Bu səbəbdən də, Cavabdeh 198,20 (yüz doxsan səkkiz manat iyirmi qəpik) manat məbləğində pul məhkəmə qaydasında tutularaq ona ödənməlidir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə qeyd edir ki, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə hər hansı formada məlumat verməmişdir. Məhkəmə tərəfindən Cavabdeh məhkəmənin bildirişlərinin çatdırılması məqsədilə zəruri olan bütün tədbirlər görülmüşdür. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin işə qiyabi icraat qaydasında baxılmasına iddiaçının etiraz etməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nəsimi Rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin 31 saylı MKİS-i tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli arayışdan görünür ki, Cavabdeh qanunsuz qoşulmanın icra edildiyi Bakı şəhəri, Nəsimi rayonu, 5-ci MKR 20 Yanvar küçəsi 32 saylı evin, 1 №-li mənzil ona məxsusdur, lakin qeydiyyata düşməmişdir. İş materiallarında olan xx.xx.2012-ci il tarixdə "xxxx" hüquq firması tərəfindən 02 may 2022-ci il tarixdə tərtib edilmiş İddiaçı MMC-nin “KATV1” kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında 0965K nömrəli aktından görünür ki, ünvan 1 ünvanında “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmiş, bununla əlaqədar aktın tərtib olunmasında mənzil sakinin iştirakını təmin etmək məqsədilə həmin mənzilin qapısını döyərkən xanım açmış nəticədə mənzil sakini özünü təqdim etməkdən və akta imza atmaqdan imtina etmişdir. İş materiallarında olan İddiaçı MMC-nin 19 iyul 2019-cu il tarixli arayışından görünür ki, İddiaçı MMC ilə ünvan 1 ünvanında yaşayan İsmayılova Aynur arasında bağlanmış “KATV1” kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2010-cu il tarixində bu ünvan “KATV1” kabel televiziyasının şəbəkəsinə qoşulub. xx.xx.2011-ci il tarixinədək isə son ödəməsini etmiş, xx.xx.2011-ci il tarixində 23,70 manat borc ilə şəbəkədən ayrılmışdır. İş materiallarında olan İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında bağlanmış 15 may 2008-ci il tarixli müqaviləyə əsasən xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün "xxxx" MMC-yə 100 manat ödənilmişdir. İş materiallarındakı diskdə olan videodan görünür ki, qanunsuz qoşulma halı MMC-nin əməkdaşları tərəfindən qeydə alınmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci bəndinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının “Telekommunikasiya haqqında” qanununun 35-ci maddəsinə əsasən, Telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tamhəcmdə ödənilir. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 227 saylı “Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə Qaydaları”nın 6.3-cü maddəsinə əsasən dəymiş ziyan təqsirkar fiziki və hüquqi şəxs tərəfindən könüllü şəkildə ödənilir, tərəflərin razılığa gəlməməyi halında isə ödəmə məhkəmə yolu ilə təmin edilir. Məhkəmə hesab edir ki, cavabdeh “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən "xxxx" MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulmuş və nəticədə iddiaçıya maddi zərər dəymişdir. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədədə təmin edilməli cavabdehdən 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərə görə 67,80 (altmış yeddi manat səksən qəpik) manat, hüquqi xidmət göstərilməsinə görə 100 (bir yüz) manat, məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və bank xidmət haqqı 0,40 (qırx) qəpik olmaqla, cəmi 198,20 (bir yüz doxsan səkkiz manat iyirmi qəpik) pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 67,80 (altmış yeddi manat səksən qəpik) manat, hüquqi xidmət göstərilməsinə görə 100 (bir yüz) manat, məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və bank xidmət haqqı 0,40 (qırx) qəpik olmaqla, cəmi 198,20 (bir yüz doxsan səkkiz manat iyirmi qəpik) pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar