Məhkəmə qərarları › İş №e-2(004)-1814/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1814/2025

10.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1814/2025 10.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "borc müqaviləsi üzrə pul" tələbinə dair mülki işə məhkəmənin inziabti binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "borc müqaviləsi üzrə pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 06 iyun 2022-ci il tarixli Bakı şəhəri 32 saylı notariat ofisinin Xüsusi notariusu X1 tərəfindən təsdiqlənən borc müqaviləsi üzrə 19000 (on doqquz min) manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olan 147 (bir yüz qırx yeddi) manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 06 iyun 2022-ci il tarixdə Cavabdeh ilə aralarında borc müqaviləsi bağlanmışdır. Həmin müqavilə Bakı şəhəri 32 saylı notariat ofisinin Xüsusi notariusu X1 tərəfindən təsdiqlənmişdir. Müqavilənin 2-ci bəndinə əsasən “Borc verən” “Borc alana” 60.000 (altmış min) manat məbləğində pul borc vermişdir. Müqavilənin 3-cü bəndinə əsasən “Borc alan” krediti xx.xx.2022-ci il tarixinədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Bu günədək cavabdeh cəmi 41.000 (qırx bir min) manat ödəniş etmiş, lakin 19.000 (on doqquz min) manat borcu qalmışdır. Ona bu vaxta kimi cavabdehə dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq ona (iddiaçıya) olan borcunu ödəməkdən yayınmaqla öhdəliyini icra etməmişdir. Cavabdehə dəfələrlə etdiyi şifahi müraciətlərimə və telefon zənglərimə baxmayaraq o, öhdəliyini icra etməkdən boyun qaçırmış, bunu maddi vəziyyətinin pisləşməsi ilə izah etmişdir. Göründüyü kimi o (iddiaçı) göstərdiyim humanist münasibətin qurbanı olmuş. Özü də ehtiyac içində olduğu bir vaxtda belə vəziyyətə düşməyi onu (iddiaçını) məhkəməyə müraciət etmək məcburiyyətində qoymuşdur. Bundan başqa işin məhkəməyə verilməsi üçün də 147 manat dövlət rüsumu ödəmiş. Halbuki, cavabdeh öz öhdəliyini yerinə yetirsəydi, bu xərclər ortaya çıxmayacaqdı. Buna görə də məhkəmədən çəkilmiş xərclərin də cavabdehdən alınaraq ona qaytarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəfin izahatını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında bağlanaraq, 32 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisinin reyestrində 3M-715 nömrə ilə qeydiyyat alınmış xx.xx.2022-ci il tarixli Borc müqaviləsinə əsasən İddiaçı ("borc verən") Cavabdeh("borc alan") 60.000 manat məbləğində pulu faizsiz olaraq borc verməyi, borc alan isə xx.xx.2022-ci il tarixədək aldığı pulu borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqaviləsinin 5-ci bəndinə əsasən bu müqavilədən irəli gələn öhdəliklər onun yarandığı yer üzrə icra edilməli, 10-cu bəndinə əsasən, tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 60.000 manat məbləğində pulu xx.xx.2022-ci il tarixədək qaytarmaq şəti ilə faizsiz olaraq borc verilmişdir. Cavabdeh iddiaçıya ümumilikdı 41.000 manat ödəniş etmiş, lakin 19.000 manat pulu qaytarmayaraq müqavilə üzrə öhdəliklərini icra etməmişdir. Nəticə etibarilə, borc verən, iş üzrə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Müqavilə üzrə yaranmış borcun iddiaçıya ödənilməsini sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdehin məhkəmə iclasında iştirak etməmiş və borcun ödənilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, borc alan Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, iddiaçıya olan borcunu ödəməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 19.000 (on doqquz min) manat məbləğində pul və ödənilmiş 147 (bir yüz qırx yeddi) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 19.000 (on doqquz min) manat məbləğində pul və ödənilmiş 147 (bir yüz qırx yeddi) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar