Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1822/2024 09.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı BOKT MMC-nin qanuni təmsilçisi Nümayəndə iştirakı ilə, İddiaçı BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 1292,45 manat əsas, 540,64 manat faiz borcunun və 40 manat dövlət rüsumunun, ümumi 1443,29 manat məbləğində pulun tutularaq İddiaçı BOKT MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı BOKT MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə İddiaçı BOKT MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən boorcverən müqavilədə göstərilən pul məbləğini borcalana verməyi, borcalan isə aldığı borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilən zamanda və qaydada borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə üzrə borcverən 5004 manat məbləğində pulu borcalana 24 ay müddətinə müqavilə müddəti üzrə 33 faiz dərəcəsi ödənilməklə gündəlik tələbat ehtiyaclarının ödənilməsi məqsədilə vermişdir. Borc Cavabdeh2 MMC-nin zaminlik öhdəliyi ilə təmin edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı BOKT MMC-nin qanuni təmsilçisi Nümayəndə izahatında iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, Cavabdeh2 MMC isə nümayəndəsinin iştirakını təmin etməmiş və gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı BOKT MMC ilə Cavabdeh1 (borcalan) arasında imzalanmış 15 iyul 2022-ci il tarixli RBMNT saylı Kredit müqaviləsinə əsasən bank borclana illik istifadə haqqı 33 faiz hesablanmaqla 24 ay müddətinə 5004 manat məbləğində kredit verməyi, borcalan isə aldığı borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilən zamanda və qaydada borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı BOKT MMC ilə Cavabdeh2 MMC (zamin) arasında bağlanmış 25 oktyabr 2021-ci il tarixli Cavabdeh2 MMC-nin işçilərinin kreditləşməsinə dair əməkdaşlıq müqaviləsinə əsasən zamin tərəfindən BOKT-a təqdim edilmiş işçilərin siyahısı və onların ərizəsi əsasında tələb olunan şərtlərlə BOKT tərəfindən onlara kredit verilməsi təmin edilir. İş materillarında olan İddiaçı BOKT MMC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə ünvanlanmış 12 yanvar 2024-cü il tarixli xəbərdarlıq məktublarından və 22 yanvar 2024-cü il tarixli bildiriş məktubundan görünür ki, Regional” BOKT MMC ilə Cavabdeh1 arasında imzalanmış 15 iyul 2022-ci il tarixli RBMNT saylı Kredit müqaviləsi üzrə yaranmış borcun 7 gün ərzində banka ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan İddiaçı BOKT MMC tərəfindən təqdim edilmiş 22 fevral 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 RBMNT-1648 saylı Kredit müqaviləsi üzrə banka olan borcu əsas borc üzrə 1292,45 manat, faiz borcu üzrə 540,64 manat olmaqla, cəmi 1833,09 manat təşkil edir. İş materiallarında olan xx.xx.2024 -cü il tarixli **********72, **********45 nömrəli mədaxil qəbzlərindən görünür ki, İddiaçı BOKT MMC tərəfindən cəmi 40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarından göründüyü kimi, borclu şəxs hazırki iş üzrə Cavabdeh1 15 iyul 2022ci il tarixli RBMNT saylı kredit müqaviləsi ilə öz üzərinə götürdüyü kredit öhdəliklərini pozmuş, onları lazıminca icra etməmiş və İddiaçı BOKT MMC-yə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri ödəməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış əsas borcun və ona hesablanmış faizin ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdehlər isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, İddiaçı BOKT MMC ilə Cavabdeh1 (borcalan) arasında imzalanmış 15 iyul 2022-ci il tarixli RBMNT saylı Kredit müqaviləsinə əsasən bank borclana illik istifadə haqqı 33 faiz hesablanmaqla 24 ay müddətinə 5004 manat məbləğində kredit verməyi, borcalan isə aldığı borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilən zamanda və qaydada borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh1 müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə bank qarşısında məsuliyyət daşıyaraq, nəticədə 22 fevral 2024-cü il tarixli maliyyə arayışına əsasən əsas borc üzrə 1292,45 manat, faiz borcu üzrə 540,64 manat olmaqla, cəmi 1833,09 manat borcu yaranmışdır. Məhkəmə eyni zamanda digər Cavabdeh2 MMC-nin mülki məsuliyyətini araşdıraraq hesab edir ki, Cavabdeh2 MMC kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməsi üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci və 472.3-cü maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada 1292,45 (min iki yüz doxsan iki manat qırx beş qəpik) manat əsas borc, 540,64 (beş yüz qırx manat altmış dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 1833,09 (min səkkiz yüz otuz üç manat doqquz qəpik) manat pul tutularaq İddiaçı BOKT MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehlər iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu ödəməklə əlavə xərc çəkmişdir. Odur ki, kredit borcu cavabdehlərdən alınmaqla yanaşı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi kimi 40 (qırx) manat pul da tutularaq İddiaçı BOKT MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada 1292,45 (bir min iki yüz doxsan iki manat qırx beş qəpik) manat əsas borc, 540,64 (beş yüz qırx manat altmış dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 1833,09 (bir min səkkiz yüz otuz üç manat doqquz qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 40 (qırx) manat pul tutularaq İddiaçı BOKT MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-1822/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1822/2024
09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver