Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1832/2024 02.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X4-Məmmədova Ramiz qızının sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 manat əsas və 22,67 manat faiz olmaqla, cəmi 3022,67 manat borcun və 50,23 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan X3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 101804-441532/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən, borcluya 24 ay müddətinə, illik 17% dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir. X3 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. X1 vərəsələrinin olub-olmaması araşdırılarkən məlum olmuşdur ki, X2 dair 3 saylı Bakı Asan Xidmət Mərkəzinin Notariat Ofisində vərəsəlik işi açılmışdır. Bundan sonra 3 saylı Bakı Asan Xidmət Mərkəzinin Notariat Ofisinə vəkil sorğusu verilmiş və sorğu nəticəsində müəyyən edilmişdir ki, X1 vərəsəsi kimi Cavabdeh tanınmış və bu barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri verilmişdir. Həmin şəhadətnamələrə əsasən Cavabdeh VAZ 21074 markalı 90CB749 dövlət nömrə nişanlı, VAZ 21074 markalı 10OM775 dövlət nömrə nişanlı və Mercedes Benz C180 markalı 90BM343 dövlət nömrə nişanlı nəqliyyat vasitələrinə tam hissədə pay almışdır. Bundan sonra X1 vərəsəsi olaraq, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Cavabdeh xəbərdarlıq məktubu göndərilmiş, lakin Banka olan borc ödənilməmişdir. 24 yanvar 2024-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 3000 məbləğində əsas borcu və 22,67 manat faiz borcu olmaqla, cəmi 3022,67 manat məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərdə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş yaranır. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Belə ki, müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iş materiallarında olan: İddiaçı ASC ilə X3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 101804-441532/1 saylı istehlak krediti müqaviləsindən görünür ki, X2 istehlak məqsədləri üçün 24 ay müddətinə illik faiz dərəcəsi 17% olmaqla 3000 manat məbləğində kredit verilmişdir. 24 yanvar 2024-cü il tarixli maliyyə arayışından görünür ki, 24 yanvar 2024-cü il tarixə borcalanın Banka 3000 manat əsas və 22,67 manat faiz borcu olmaqla, cəmi 3022,67 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 548 gün təşkil edir. 21 yanvar 2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh şəhadətnamə ilə verilən miras əmlak Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli BA105555 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDB2020181F190468, mühərrikin nömrəsi **********0834 və buraxılış ili 1994-cü il olan MERCEDES BENZ C180 MİNİK markalı 90BM343 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. 21 yanvar 2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh şəhadətnamə ilə verilən miras əmlak Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AD476403 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi XTA**********2619, mühərrikin nömrəsi ******* və buraxılış ili 2005-ci il olan VAZ 21074 MİNİK markalı 10OM775 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. 21 yanvar 2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh şəhadətnamə ilə verilən miras əmlak Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AD476402 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi XTA**********0328, mühərrikin nömrəsi ******* və buraxılış ili 2008-ci il olan VAZ 21074 MİNİK markalı 90CB749 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, İddiaçı ASC tərəfindən borclu Cavabdeh istehlak krediti müqaviləsi üzrə öhdəliklərini icra etməsi, əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. Ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 50,23 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3000 manat əsas, 22,67 manat faiz borcu olmaqla, cəmi 3022,67 manat kredit borcu tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 40.24 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 284-5.3, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3000 (üç min) manat əsas, 22,67 (iyirmi iki manat altmış yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 3022,67 (üç min iyirmi iki manat altmış yeddi qəpik) manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 50,23 (əlli manat iyirmi üç qəpik) manat pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-1832/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1832/2024
02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver