Məhkəmə qərarları › İş №e-2(004)-184/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-184/2022

14.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-184/2022 14.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı “Vorld Telekom“ MMC - nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “Vorld Telekom“ MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Kreditor “Vorld Telekom“ MMC borclu Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə hesablanmış borcun tutulması” barədə məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tələbkar “Vorld Telekom" MMC-nin direktoru X1 ilə borclu Cavabdeh arasında 27 iyul 2020-ci il tarixdə hissə-hissə şərti ilə WTCN-000501/20 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən alıcı olan Cavabdeh "xxxx" mağazasından ümumi nisyə dəyəri 2529 manat olan Samsung G985 128 DS (İMEİ **********87492) markalı mobil telefon almışdır Müqavilənin 4-cu bəndinə uyğun olaraq alıcı Cavabdeh 27.08.2020-ci il tarixdən başlayaraq hər ayın 27-dən gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 843 manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, aldığı malın qalıq pulunu, yəni 2529 manatı mağazaya ödəməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09.08.2021-ci il tarixli 2(004)-5294/2021 nömrəli məhkəmə əmri ilə Cavabdeh 27.07.2020-ci il tarixli müqavilə üzrə yaranmış 2259 manat əsas borc, hesablanmış 250 manat cərimə və ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 2799 manat pul tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə göstəriş verilmişdir. Borclu Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09.08.2021-ci il tarixli 2(004)-5294/2021 nömrəli məhkəmə əmrinə etiraz verərək məhkəmə əmrinin ləğv edilib iddia icraatına keçilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli 2(004)- 5294/2021 saylı qərardadı ilə məhkəmə əmrinin ləğv edilməsi və işin iddia icraatına keçirilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı “Vorld Telekom“ MMC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, onun təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, AZEMİS vasitəsilə SMS bildiriş göndərilsə də, o heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, “Vorld Telekom“ MMC ilə Cavabdeh arasında 27.07.2020-ci il tarixli WTCN-000501/20 nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı özünə məxsus satıcı İddiaçı MMC alıcı Cavabdeh dəyəri 2259 manat olan “Samsung G985 128 DS (İMEİ **********87492) markalı mobil telefonu 27.08.2020-ci il tarixdən başlayaraq hər ayın 27-dən gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 843 manat ödənilməsi şərti ilə 3 ay müddətinə nisyə satmışdır. Müqavilənin 1.3cü bəndində nəzərdə tutulmuşdur ki, alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, satıcı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada hər gün üçün hecikdirilmiş borc məbləğinin 0,3 %-i həcmində cərimə ödənilməsini tələb edə bilər. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən cavabdeh 3 ay ərzində hər ay 843 manat ödəniş edilməlidir. İş materiallarında olan 05.12.2021-ci il tarixli maliyə arayışına əsasən tərəflər arasında bağlanmış 27.07.2020-ci il tarixli WTCN-000501/20 nömrəli müqavilə üzrə Cavabdeh “Vorld Telekom“ MMC-yə 2529 manat əsas borc və 250 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2779 manat məbləğində borcu vardır. İş materiallarında olan ödəniş qəbzindən (№**********51) görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı “Vorld Telekom“ MMC ilə Cavabdeh arasında qanunvericiliyə uyğun olaraq əşyanın nisyə alqı-satqı müqaviləsi bağlamışdır. İddiaçı (satıcı) müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, müqavilə predmeti olan əşyanı cavabdehə (alıcı) təhvil vermişdir. Alıcı (cavabdeh) isə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, müqavilə üzrə heç bir ödəniş etməmişdir. Onun satıcı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar əsas borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 442, 448 və 600.4-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi əşyanın dəyərinin ödənilməmiş hissəsini cavabdehdən tələb etməkdə haqlıdır. Bundan başqa, iddiaçı müqaviləyə istinad edərək cavabdehdən gecikdirilmiş ödənişlərə görə 250 manat cərimə tələb etmişdir. Lakin, məhkəmə cavabdehinin maddi vəziyyətini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq, borc məbləğinə nəzərən tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını və 25 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı “Vorld Telekom“ MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, nisyə alqı-satqı müqaviləsi üzrə 2529 manat ödənilməmiş borc, 25 manat dəbbə pulu olmaqla, cəmi 2554 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2529 (iki min beş yüz iyirmi doqquz) manat əsas borc və 25 (iyirmi beş) manat cərimə olmaqla, cəmi 2554 (iki min beş yüz əlli dörd) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 (iyirmi) manat pul tutularaq “Vorld Telekom“ MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar