Məhkəmə qərarları › İş №e-2(004)-1840/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1840/2021

17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1840/2021 17.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh kredit müqaviləsinə əsasən 2525,77 manat əsas borc, 474,99 manat faiz borcu, cəmi 3000,76 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış 27.02.2020-ci il tarixli, RGTK1815685A110 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 21 faiz ödəmək şərti ilə 60 ay müddətinə 2525,77 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə krediti və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Bank tərəfindən dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. (maddə 739.2) Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi tam icra etmədiyindən iddia təmin olunaraq kredit müqaviləsinə əsasən 2525,77 manat əsas borc, 474,99 manat faiz borcu, cəmi 3000,76 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh kredit müqaviləsinə əsasən 2525,77 manat əsas borc, 474,99 manat faiz borcu, cəmi 3000,76 (üç min manat yetmiş altı qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu iddiaçı "İddiaçı" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri, Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar