Məhkəmə qərarları › İş №e-2(004)-1841/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1841/2022

26.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1841/2022 26.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi, İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili - Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 4365,53 manat məbləğində pul vəsaiti, məhkəməyə müraciət etmək üçün dövlət rüsumu və mediasiya xərci olaraq ödənilmiş 114 manat məbləğində vurulmuş maddi ziyanın tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 2019-cu ilin oktyabr ayında turizm şirkəti olan İddiaçı MMC-ə işə qəbul edilmiş və bir müddətdən sonra işdən azad olunmuşdur. Cavabdeh İddiaçı MMC-də işlədiyi müddət ərzində bir neçə dəfə MMCdən tur paketlər və aviabiletlər almış və onların dəyərini tam şəkildə ödəmişdir. Cavabdeh sonuncu dəfə İddiaçı MMC-dən “X1” MMC üçün ümumi dəyəri 5365,53 manat məbləğində tur paketlər almış və aldığı məhsulları “X1” MMC-yə təqdim etmişdir. Bir müddət sonra “X1” MMC tərəfindən alınan tur paketlərin dəyəri ödənilmədiyindən tərəflərindən həmin şirkətə müraciət edilmiş və alınmış tur paketlərinin və göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi tələb olunmuşdur. Lakin qeyd olunan şirkət tərəfindən təkidlə ödənişlərin tam şəkildə İddiaçı MMC-nin əməkdaşı olan Cavabdeh verildiyi bildirilmişdir. Bununla əlaqədar olaraq cavabdehə etdikləri müraciət və tələbdən sonra Cavabdeh tərəfindən “X1” MMC-dən aldığı vəsaitdən cəmi 1000 manat məbləğində pul vəsaiti geri ödənilmişdir. Yerdə qalan 4365,53 manat məbləğində pul vəsaiti bu günə qədər cavabdeh tərəfindən geri ödənilməmişdir. Məsələ ilə əlaqədar iddiaçı şikayət ərizəsi ilə Xətai rayon prokurorluğuna müraciət etmişdir. Xətai rayon prokurorluğunun müstəntiqi X2 tərəfindən 22 fevral 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmçinin tərəflərindən Cavabdeh mediasiya təklifi və mediasiyaya dəvət məktubu göndərilmişdir. Lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı iddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xərci ödənilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(009)-3058/2021 saylı qərardadı ilə cavabdehin ünvan 1 ünvanında qeydiyyatda olması səbəbindən iddiaçının mövcud iddia tələbi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etməsi qərara alınmışdır. Bu səbəbdən də, Cavabdeh 4365,53 (dörd min üç yüz altmış beş manat əlli üç qəpik) manat məbləğində pul məhkəmə qaydasında tutularaq ona ödənməlidir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(004)- 7938/2021 saylı qərardadı ilə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 0 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında, yəni 63,66 manat dövlət rüsumu ödənilməli olduğu halda, iddiaçı tərəfindən göstərilən miqdarından az, yəni 34 manat dövlət rüsumu ödənildiyindən ərizə geri qaytarılmışdır. Daha sonra iddiaçı məhkəmənin qeyd edilən qərardadından şikayət verərək Yasamal Rayon Məhkəməsinin 2(004)-7938/2021 saylı, 20 dekabr 2021-ci il tarixli qərardadının ləğv olunmasını və işin məhkəmədə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-7938/2021 saylı qərardadı ilə Yasamal Rayon Məhkəməsinin 22(004)-7938/2021 saylı, 20 dekabr 2021-ci il tarixli qərardadının qanuni olduğundan və ləğv edilməsi üçün əsas olmadığından iddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-1544/2022 saylı qərardadı ilə İddiaçı MMC tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-7938/2021 saylı 20 dekabr 2021-ci il tarixli qərardadının ləğv edilməsi və mülki iş iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü barədə məsələnin həlli üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bundan sonra Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. O, verilmiş suallar əsasında əlavə olaraq bildirmişdir ki, “X1” MMC-yə satılmış turpaketlərin ümumi dəyəri 4820 manat təşkil etsə də, qalan 545,53 manat avia biletlərin cərimələrindən yaranmış borcdur. Lakin onlar tərəfindən avia biletlərə görə cərimələrin kimin təqsiri nəticəsində yaranmasını, yəni Cavabdeh və ya sifarişçi “X1” MMC-nin təqsiri nəticəsində yaranmasını araşdırmamışlar. Cərimə borcuna dair isə məhkəməyə hər hansı sübut təqdim edə bilmir. Hazıradək Cavabdeh tərəfindən 1000 manar ödəniş həyata keçirilmişdir. Nümayəndə Vəkil hazırki faktla bağlı Xətai rayon prokurorluğunda aparılan araşdırma zamanı Cavabdeh tərəfindən verilmiş izahatın sübut olaraq qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə qeyd edir ki, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə hər hansı formada məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Xətai rayon prokurorluğunun müstəntiqi X2 tərəfindən qəbul edilmiş 22 fevral 2020-ci il tarixli qərardan müəyyən edilir ki, İddiaçı MMC ərizə ilə müraciət edərək bildirmişdir ki, şirkətin əməkdaşı olmuş Cavabdeh şirkətdən alaraq “X1” MMC-yə satdığı turpaketlərin pulunu şirkətə geri qaytarmayaraq mənimsəmişdir. Araşdırma zamanı İddiaçı MMC-nin nümayəndəsi izahatında bildirmişdir ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə şirkətə biznesin inkişafı üzrə menecer vəzifəsinə sınaq müddəti ilə təyin edilmiş, xx.xx.2019-cu il tarixdə isə işdən azad edilmişdir. 2019cu ilin noyabr ayında Cavabdeh vasitəsilə “X1” MMC-yə 5365,53 manat dəyərində turpaketlər satılmış lakin bu xidmətlə bağlı şirkətə həmin vaxt ödəniş həyata keçirilməmişdir. Belə ki, hər zaman olduğu kimi turpaketlər beynəlxalq şirkətlərdən alınmış və “PDF” formatında elektron qaydada “X1” MMC-nin elektron ünvanına göndərilmişdir. Daha sonra “X1” MMC tərəfindən onlara bildirilmişdir ki, turpaketlərin dəyəri Cavabdeh tam şəkildə ödənilmişdir. Araşdırma zamanı “X1” MMC-nin direktoru vəzifəsində işləyən X3 izahatında bildirmişdir ki, Cavabdeh 4820 manat məbləğində turpaketi elektron formada, yəni “X1” MMC-yə göndərilməsini təmin etmişdir. Alqı-satqı onunla Cavabdeh arasında baş tutmuşdur. O, aldığı turpaketlərin tam məbləğini təşkil edən 4820 manat vəsaiti xx.xx.2019-cu il tarixdə Cavabdeh məxsus olan "xxxx" MMC-nin hesabına köçürmüşdür. Araşdırma zamanı Cavabdeh izahatında bildirmişdir ki, 2019-cu ilin noyabr ayında 4820 manat məbləğində turpaketi İddiaçı MMC-dən götürərək elektron formada “X1” MMC-yə göndərilməsini təmin etmişdir. Alqı-satqı onun vasitəsilə həyata keçirilmiş və “X1” MMC ondan almış olduğu 4820 manat məbləğində turpaketin dəyərini tam şəkildə ona məxsus olan "xxxx" MMC-nin hesabına köçürmüşdür. Həmin məbləğdən 1000 (bir min) manat vəsaiti İddiaçı MMC-yə geri qaytarmış, hazırda həmin MMC-yə 3820 (üç min səkkiz yüz iyirmi) manat borcu qalmışdır. Araşdırma materiallarından həmçinin müəyyən edilir ki, sifarişçi “X1” MMC-nin pul vəsaitini köçürdüyü "xxxx" MMC-nin Cavabdehlə hüquqi bağlılığı olmaqla, o, həmin Cəmiyyətin direktoru olaraq tanınmışdır. Xətai rayon prokurorluğunda aparılan araşdırma nəticəsində cinayət tərkibinin əlamətləri aşkar edilmədiyindən material üzrə 22 fevral 2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. -Məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, həqiqətən də İddiaçı MMC tərəfindən sifarişçi “X1” MMC-yə turpaketlərin təşkili (avia bilet, otel və s) təmin edilmişdir. Lakin iddiaçı tərəfindən məhkəməyə həmin turpaketlərin qiyməti iddiaçının nümayəndəsinin də məhkəmədə izahatında qeyd etdiyi kimi avia biletlərin cəriməsinə dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir, eyni zamanda bu xüsusat iddia ərizəsində əsaslandırılmamışdır. Odur ki, məhkəmə Cavabdeh Xətai rayon prokurorluğunda verdiyi izahatındakı etirafı sübut olaraq qəbul edir. Beləliklə, məhkəmə araşdırması ilə sübut edilir ki, Cavabdeh 2019-cu ilin noyabr ayında 4820 manat məbləğində turpaketi İddiaçı MMC-dən götürərək elektron formada “X1” MMC-yə göndərilməsini təmin etmişdir. Alqı-satqı onun vasitəsilə həyata keçirilmiş və “X1” MMC ondan almış olduğu 4820 manat məbləğində turpaketin dəyərini tam şəkildə ona məxsus olan "xxxx" MMC-nin hesabına köçürmüşdür. Həmin məbləğdən 1000 (bir min) manat vəsaiti İddiaçı MMC-yə geri qaytarmış, hazırda onun həmin MMC-yə 3820 (üç min səkkiz yüz iyirmi) manat borcu qalmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci bəndinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd olunan Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası MM-in 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 3820 manat (üç min səkkiz yüz iyirmi) manat pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə həmçinin iddia tələbinin ərizə verilməsi üçün ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də qismən təmin edilməli və cavabdehdən iddia tələbinin qismən təmin olunduğu hissədə, yəni 58,20 (əlli səkkiz manat iyirmi qəpik) manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki işdə olan qəbzlərdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilməsi üçün 5365,53 manat məbləğə münasibətdə 64 (30+34,4) manat dövlət rüsumu ödənilmişdir, təmin edilən 3820 (üç min səkkiz yüz iyirmi) manata münasibətdə isə dövlət rüsumu 58,20 (əlli səkkiz manat iyirmi qəpik) manat təşkil etdiyindən məhkəmə hesab edir ki, yalnız bu hissədə tələb təmin edilə bilər. Bundan başqa ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş cəmi 50 manat pulun cavabdehdən tutulması ilə bağlı iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd olunan normanın məzmunundan göründüyü kimi, ilkin mediasiya prosesində tərəflərdən biri üzrsüz səbəbdən iştirak etmədiyi halda mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ödəməli, əks halda əgər tərəflər arasında ayrı razılaşma yoxdursa mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin üzrsüz səbəbdən ilkin mediasiya prosesində üzrsüz səbəbdən iştirak etməməsinə dair sübut təqdim etmədiyindən mediasiya xərcinin ödənilməsi hissəsində iddia tələbi qismən təmin edilməli və ilkin mediasiya prosesində ödənilmiş 50 (əlli) manatın ½ hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlirr ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 3820 manat (üç min səkkiz yüz iyirmi) manat pul vəsaiti, məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddia tələbinin təmin olunduğu hissədə 58,20 (əlli səkkiz manat iyirmi qəpik) manat və mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 50 manat məbləğin ½ hissəsi olan 25 (iyirmi beş) manat, cəmi 3903,20 (üç min doqquz yüz üç manat iyirmi qəpik) manat pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3820 manat (üç min səkkiz yüz iyirmi) manat pul vəsaiti, məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddia tələbinin təmin olunduğu hissədə 58,20 (əlli səkkiz manat iyirmi qəpik) manat və mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş məbləğin ½ hissəsi olan 25 (iyirmi beş) manat, cəmi 3903,20 (üç min doqquz yüz üç manat iyirmi qəpik) manat tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar