Məhkəmə qərarları › İş №e-2(004)-1842/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1842/2023

10.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1842/2023 10.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı «Para” BOKT ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimənin qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimənin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı BOKT ASC arasında xx.xx.2019-cu il tarixli, 0085/PB/19 saylı kredit müqaviləsi imzalanmışdır. Müvafiq olaraq xx.xx.2019-cu il tarixli, 0085/PB/19 saylı kredit müqaviləsi üzrə 5 il müddətinə, 1 faizlə, 1341.90 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.1.3-cü maddəsinə əsasən Kreditor müştərinin əmlak vəziyyəti pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, habelə güzəştli kredit müqaviləsi üzrə ödənişlər vaxtında və lazımı qaydada icra edilməzsə borcun qaytarılmasını tələb etmək hüququ vardır. xx.xx.2019-cu il tarixli, 0085/PB/19 saylı kredit müqaviləsinə əsasənCavabdeh BOKTa 1341.90 manat əsas borc, 100.19 manat hesablanmış faiz borcu, 1097.68 manat dəbbə pulu olmaqla,cəmi 2539.77 manat borcu vardır. Eyni zamanda nəzərəinizə çatdırırıq ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixliFərmanına əsasən "xxxx" ASC iləCavabdeh arasında bağlanmış əvvəlki problemli kredit müqaviləsi restruktrizasiya edilmiş və cavabdehlə hazırkı müqavilə bağlanmışdır. Təəssüf ki, cavabeh bu müqavilə üzrə də borc öhdəliyini qəsdən icra etməkdən imtina edir. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə borcun ödənilməsi tələbinə dair cavabdehə bildiriş verilmişdir. Qeyd edilənlərə əsasən, Cavabdeh İddiaçı BOKT ASCnin xeyrinə xx.xx.2019-cu il tarixli, 0085/PB/19 saylı kredit müqaviləsinə əsasən 1341.90 manat əsas borc, 100.19 manat hesablanmış faiz borcu, 1097.68 manat dəbbə pulu olmaqla, cəmi 2539.77 manat kredit borcu və 45.40 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, işə nümayəndənin iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini iş üzrə toplanmış materialları ilə tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, 0085/PB/19 saylı kredit (restrukturizasiya) müqaviləsinin məzmunundan görünür ki, Cavabdeh 1341,90 manat kredit borcunun qalıq hissəsinin qaytarılması məqsədilə 1341,90 manat məbləğində kredit borcunun "xxxx" BOKT ASC-na 05 il müddətinə illik 1 faiz olmaqla qaytarılması haqqında razılığa gəlinmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh 1341,90 manat əsas borcu, 100,19 manat faiz borcu və 1097,68 manat cərimə borcu olmaqla, ümumilikdə 2539,77 manat təşkil edir. İş materiallarında olan iddiaçı «Para” BOKT ASC-nin Cavabdeh ünvanladığı 13 oktyabr 2022-ci il tarixli xəbərdarlıq məktubundan müəyyən olur ki, cavabdehdən kredit müqaviləsinə əsasən ödənilməmiş kredit, faiz və cərimə borcunun ödənilməsi tələb olunmuş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə borcun tam şəkildə qaytarılması tələbi ilə materialların hazırlanıb məhkəməyə göndəriləcəyi barədə cavabdeh xəbərdar edilmişdir. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında kredit müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmışdır. İddiaçı öhdəliyini icra etsə də cavabdeh öhdəliyini lazmınca icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdeh tərəfindən götürülmüş kredit məbləğinin miqdarını və hesablanmış cərimənin götürülmüş kreditə münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, yəni 100 (yüz) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2019cu il tarixli, 0085/PB/19 saylı kredit müqaviləsi üzrə 1341,90 manat əsas borc, 100,19 manat faiz borcu və 100 manat cərimə olmaqla, cəmi 1542,09 (min beş yüz qırx iki manat doqquz qəpik) manat məbləğində pul iddiaçı "xxxx" BOKT ASC -nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə, eyni zamanda hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 45,40 (qırx beş manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun 35 (otuz beş) manat hissəsi Cavabdeh iddiaçı "xxxx" BOKT ASC-nin xeyrinə tutulmalı, dövlət rüsumu qalan 10,40 (on manat qırx qəpik) manat hissədə iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1341,90 manat əsas borc, 100,19 manat faiz borcu və 100 manat cərimə olmaqla, cəmi 1542,09 (min beş yüz qırx iki manat doqquz qəpik) manat məbləğində pul iddiaçı "xxxx" BOKT ASC -nin xeyrinə tutulsun. İş üzrə ödənilmiş 45,40 (qırx beş manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun 35 (otuz beş) manat hissəsi Cavabdeh iddiaçı "xxxx" BOKT ASC-nin xeyrinə tutulsun, dövlət rüsumu qalan 10,40 (on manat qırx qəpik) manat hissədə iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar