Məhkəmə qərarları › İş №e-2(004)-1848/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1848/2023

27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1848/2023 27.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli 0080/PB/2019 nömrəli kredit müqaviləsi üzrə yaranmış 2.385,08 manat əsas borc, hesablanmış 174,33 manat faiz borcu, 1.962,92 manat dəbbə pulu olmaqla, cəmi 4.522,33 manat borc və ödənilmiş 65,25 manat dövlət rüsumunun tutularaq İddiaçı BOKT ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli 0080/PB/2019 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı BOKT ASC illik 1% faizlə 5 il müddətinə Cavabdeh 2.385,08 manat kredit vermişdir. Borcalan həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini lazımi qaydada icra etməmişdir. Hazırda Cavabdeh banka 2.385,08 manat əsas borc, hesablanmış 174,33 manat faiz borcu, 1.962,92 manat dəbbə pulu olmaqla, cəmi 4.522,33 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcunu ödəməkdən boyun qaçırır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməklə məlumat verilmişdir, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İddiaçı BOKT ASC-nin nümayəndəsi Cahangir Mahmudov xx.xx.2023-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinin tələbinə uyğun olaraq iddiaçının nümayəndəsinin, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin iddianı müfafiə etməsinə dair ərizəsini, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2019-cu il tarixli 0080/PB/2019 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı BOKT ASC illik 1% faiz hesablanmaq şərti ilə 5 il müddətinə Cavabdeh 2.385,08 manat kredit verilmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və cərimə borcunu vaxtlı-vaxtında lazımi qaydada ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. İddiaçı BOKT ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2.385,08 manat əsas borcu, 174,33 manat faiz borcu, 1.962,92 manat dəbbə pulu olmaqla, cəmi 4.522,33 manat borcu yaranmışdır. Məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə tənasübsüz surətdə yüksək hesablanmış 1.962,92 manat cərimə borcu azaldılaraq 150 manat müəyyən edilməlidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməklə, Cavabdeh xx.xx.2019-cu il tarixli 0080/PB/2019 nömrəli kredit müqaviləsi üzrə yaranmış 2.385,08 manat əsas borc, hesablanmış 174,33 manat faiz borcu, 150 manat dəbbə pulu, ödənilmiş 65,25 manat dövlət rüsumu olmaqla, cəmi 2.774,66 manat pul tutularaq İddiaçı BOKT ASC-yə ödənilməlidir. İddia tələbi - 1.812,92 manat dəbbə pulunun tutulması hissəsində rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 0080/PB/2019 nömrəli kredit müqaviləsi üzrə yaranmış 2.385,08 manat əsas borc, hesablanmış 174,33 manat faiz borcu, 150 manat dəbbə pulu, ödənilmiş 65,25 manat dövlət rüsumu olmaqla, cəmi 2.774,66 (iki min yeddi yüz yetmiş dörd manat altmış altı qəpik) manat pul tutularaq İddiaçı BOKT ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar