Məhkəmə qərarları › İş №e-2(004)-1905/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1905/2022

07.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1905/2022 07.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02.03.2018-ci il tarixli 2(004)- 3213/2018 nömrəli məhkəmə əmri ilə Cavabdeh 8K21183 saylı 10.02.2015-ci il tarixli müqavilə üzrə yaranmış 2226.89 ABŞ dolları əsas borc və ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 2226.89 ABŞ dolları və 20 manat pul tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə göstəriş verilmişdir. Məhkəmə əmri qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Yasamal rayon İcra Şöbəsinə göndərilmişdir. Borclu Cavabdeh 24.02.2022-ci il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon 02.03.2018-ci il tarixli 2(004)- 3213/2018 nömrəli məhkəmə əmrinin ləğv edilməsini, iddia icraatına keçirilməsini xahiş etmişdir. Bakı şəhər Yasamal rayon Məhkəməsinin 28.02.2022-ci il tarixli 2(004)-1905/2022 nömrəli qərardadı ilə məhkəmə əmri ləğv edilmiş və iddia icratına keçilmişdir. İddiaçı-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə təqdim edərək, 10.02.2015-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********26211 olan İphone 6 plus markalı telefon, BOSCH markalı piltə, Silverline markalı aspirator, Silverline markalı soba, Seksiya İmmergas 8sı markalı əşya üçün 1959,41 ABŞ dolları ödənilməmiş borcun və 20 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, tərəflər arasında bağlanmış 8K21183 saylı 10.02.2015-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC ümumi dəyəri 2768 manat olan telefon cihazını və məişət əşyalarını Cavabdeh nisyə satmışdır. Müqaviləyə əsasən əşyaların toplam məbləği 3528,26 ABŞ dollarına bərabərdir. Ödənişlər Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə olan AZN/ABŞ dolları məzənnəsinə uyğun, yalnız Azərbaycan manatı ilə həyata keçirilir. 15.03.2022-ci il tarixinə Cavabdeh “ABC TELECOM" MMC-yə olan borcu 1959,41 ABŞ dolları təşkil edir. Ödəniş Azərbaycan manatı ilə həyata keçirildiyi üçün, borclu məhkəmə əmri çıxarıldığı vaxtdan sonra cəmi 460 manat ödəniş etmişdir. Bu isə ödəniş dövründə olan rəsmi məzənnəyə əsasən 270,48 ABŞ dolları təşkil edir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək, izahatında bildirdi ki, onun “ABC TELECOM" MMC-yə ümumilikdə 2768 manat borcu olmuş, həmin borcun 1750 manatını ödəmişdir. Qalan məbləği də manatla ödəməyə razıdır. O, əşyaların qiymətini manatla görüb almış, ABŞ dolları ilə qaytarmalı olmasını başa düşməmişdir. Sonradan əşyaları geri qaytarmaq istəsə də, mağaza bundan imtina etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı arasında 10.02.2015-ci il tarixli 8K21183 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, satıcı özünə məxsus ümumi dəyəri 2768 manat təşkil edən İphone 6 plus markalı telefon, BOSCH markalı piltə, Silverline markalı aspirator, Silverline markalı soba, Seksiya İmmergas 8sı markalı əşyanı dəyərini hissə-hissə ödəmək şərtilə Cavabdeh satmışdır. Bu bənddə manatla göstərilən məbləğlər şərtidir və AZN/ABŞ dolları məzənnəsi ilə 0,7844 hesablanıb. Əşyaların toplam məbləği 3528,26 ABŞ dollarına bərabərdir. Ödənişlər Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə olan AZN/ABŞ dolları məzənnəsinə uyğun, yalnız Azərbaycan manatı ilə həyata keçirilir. İş materiallarında olan 10.02.2015-ci il tarixli təhvil-təslim aktına əsasən 8K21183 nömrəli alqı-satqı müqaviləsi üzrə İphone 6 plus markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan 15.03.2022-ci il tarixli 3004/3 nömrəli maliyyə arayışından görünür ki, 15.03.2022-ci il tarixinə Cavabdeh “ABC TELECOM" MMC-yə olan borcu məhkəmə əmrinə əsasən 1959,41 ABŞ dolları təşkil edir. Ödəniş Azərbaycan manatı ilə həyata keçirildiyi üçün, borclu məhkəmə əmrinin çıxarıldığı tarixdən bugünə qədər cəmi 460 manat ödəniş etmişdir. Bu isə ödəniş dövründə olan rəsmi məzənnəyə əsasən 270,48 ABŞ dolları təşkil edir. İş materiallarında olan 21183 saylı 10.02.2015-ci il tarixli müqavilə üzrə 09.02.2017ci il tarixli qəbzdən görünür ki, cavabdeh tərəfindən həmin tarixdə 25 manat ödəniş edilmiş və həmin tarixə onun tərəfindən 488,79 ABŞ ödənilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubları göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. Mülki Məcəllənin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında əşyaların nisyə alqı-satqısı müqaviləsi bağlanmışdır. Müqavilə üzrə iddiaçı (satıcı) əşyaları alıcıya vermiş, lakin cavabdeh (alıcı) nisyə alqı-satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun satıcı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar əsas borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 442, 448 və 600.4-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş 21183 saylı 10.02.2015-ci il tarixli müqavilə üzrə sonuncu ödəniş qəbzindən isə, həmin tarixə onun tərəfindən yalnız 488,79 ABŞ ödənilməsi görünür. Həmçinin, tərəflər arasında bağlanmış müqavilənin 2.1-ci bəndində satıcının özünə məxsus ümumi dəyəri 2768 manat təşkil edən telefon cihazını və məişət əşyalarının dəyərini hissə-hissə ödəmək şərtilə Cavabdeh satması, həmin bənddə manatla göstərilən məbləğlərin şərti olduğu və AZN/ABŞ dolları məzənnəsi ilə 0,7844 hesablanması, əşyaların toplam məbləğinin 3528,26 ABŞ dollarına bərabər olması, ödənişlərin Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə olan AZN/ABŞ dolları məzənnəsinə uyğun, yalnız Azərbaycan manatı ilə həyata keçirilməsi göstərilmişdir. Tərəflər müqaviləni imzalamış və müqavilə imzalandığı andan qüvvəyə minmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi əşyaların dəyərinin ödənilməmiş hissəsini cavabdehdən tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 10.02.2015-ci il tarixli, 8k21183 nömrəli müqavilə üzrə ödənilməmiş qalan 1959,41 ABŞ dolları məbləğində əsas borc (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1 və 439.2-ci maddələrinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, o manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində qeyd olunmuşdur ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 10.02.2015-ci il tarixli, 8k21183 nömrəli müqavilə üzrə ödənilməmiş qalan 1959,41 (bir min doqquz yüz əlli doqquz ABŞ dolları qırx bir sent) ABŞ dolları məbləğində əsas borc (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 (iyirmi) manat pul tutularaq İddiaçı-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar