Məhkəmə qərarları › İş №e-2(004)-1910/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1910/2022

19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1910/2022 19.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi ilə, Paşayev Elçin Tofiq oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 18.03.2021-ci il tarixli Kredit kartına dair müqaviləyə əsasən 299,99 azn əsas, 57,80 azn faiz və 18.03.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən isə 7617 manat əsas, 1420,55 manat faiz borcunun və 113,95 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış 18.03.2021-ci il tarixli Kredit kartına dair müqaviləyə əsasən ona 03.03.2024-cü il tarixədək illik 25% dərəcəsi ilə 300 manat kredit xətti ayrılmış, 18.03.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən isə 35 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 8000 manat kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdehin 18.02.2022-ci il tarixinə İddiaçı ASC-yə 18.03.2021-ci il tarixli kredit kartına dair müqaviləyə əsasən 299,99 manat əsas, 57,80 manat faiz, 18.03.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən isə 7617 manat əsas, 1420,55 manat faiz borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. (Cavabdeh adına olan (077) 331 83 73 mobil nömrəsinə 18 aprel 2022-ci il tarixdə saat 15:13-də zəng etməklə mülki iş üzrə 19.04.2022-ci il tarixə saat 10:30-a təyin edilmiş məhkəmə baxış iclasında iştirak etməsi barədə məlumat verilmişdir) Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 18.03.2021-ci il tarixli Kredit kartına dair müqaviləyə əsasən borcluya 03.03.2024-cü il tarixədək illik 25% dərəcəsi ilə 300 manat kredit xətti ayrılmış, 18.03.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən isə 35 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 8000 manat kredit verilmişdir. İş materiallarına əlavə olunmuş 24 fevral 2022-ci il tarixli maliyyə arayışından görünür ki, 18.02.2022-ci il tarixə Cavabdeh 18.03.2021-ci il tarixli Kredit kartına dair müqaviləsinə əsasən 299,99 manat məbləğində əsas borc və 57,80 manat faiz borcu; 18.03.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən 7617 manat əsas, 1420,55 manat faiz borcu yaranmışdır. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh 18.03.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən 19.02.2024-cü il tarixədək hər ay 332,70 (üç yüz otuz iki manat yetmiş qəpik) manat sonuncu ay 340,24 (üç yüz qırx manat iyirmi dörd qəpik) manat ödəməyi öz üzərinə götürmüşdür. İş materillarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış 13 avqust 2021-ci il tarixli 16/40431 nömrəli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcun 5 iş günü müddətində banka ödənilməsi tələb olunmuşdur. Bildirilmişdir ki, əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq barəsində tədbirlər görüləcəkdir. İş materiallarında olan 24.02.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 113,95 (yüz on üç manat doxsan beş qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarından göründüyü kimi borclu şəxs hazırki iş üzrə Cavabdeh 18.03.2021ci il tarixli, GTKR3502457A106 nömrəli kredit müqaviləsi və 18.03.2021-ci il tarixli, BRED3502458A106 nömrəli kredit kartı müqaviləsi ilə öz üzərinə götürdüyü kredit öhdəliklərini pozmuş, onları lazıminca icra etməmiş və İddiaçı ASC-yə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri ödəməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış əsas borcun və ona hesablanmış faizin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı ASC ilə 18.03.2021-ci il tarixli Kredit kartına dair müqaviləyə əsasən 03.03.2024-cü il tarixədək illik 25% dərəcəsi ilə 300 manat kredit xətti ayrılmışdır. Həmçinin, Cavabdeh İddiaçı ASC ilə 18.03.2021-ci il tarixli Kredit müqaviləsi əsasında illik faiz dərəcəsi 27 % olmaqla 35 ay müddətinə kredit müqaviləsi üzrə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8000 (səkkiz min) manat məbləğində kredit götürmüşdür. Lakin Cavabdeh 18.03.2021-ci il tarixli, GTKR3502457A106 nömrəli və 18.03.2021-ci il tarixli, BRED3502458A106 nömrəli kredit razılaşması üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə də müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə 18.03.2021-ci il tarixli, BRED3502458A106 nömrəli kredit kartı müqaviləsinə əsasən iddiaçı tərəfindən hesablanmış əsas və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 299,99 manat məbləğində əsas borc və 57,80 manat faiz borcu olmaqla, cəmi 357,79 (üç yüz əlli yeddi manat yetmiş doqquz qəpik) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin, 18.03.2021-ci il tarixli, GTKR3502457A106 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən hesablanmış əsas və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 7617 manat məbləğində əsas borc və 1420,55 manat faiz borcu olmaqla, cəmi 9037,55 (doqquz min otuz yeddi manat əlli beş qəpik) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 113,95 manat dövlət rüsumu cavabdehə aid edilərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 18.03.2021-ci il tarixli, BRED3502458A106 nömrəli kredit kartı müqaviləsinə əsasən 299,99 (iki yüz doxsan doqquz manat doxsan doqquz qəpik) manat məbləğində əsas borc və 57,80 (əlli yeddi manat səksən qəpik) manat faiz borcu; 18.03.2021-ci il tarixli, GTKR3502457A106 nömrəli kredit müqaviləsinə əsasən 7617 (yeddi min altı yüz on yeddi) manat məbləğində əsas borc və 1420,55 (bir min dörd yüz iyirmi manat əlli beş qəpik) manat faiz borcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 9395,34 (doqquz min üç yüz doxsan beş manat otuz dörd qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 113,95 (bir yüz on üç manat doxsan beş qəpik) manat pul tutularaq İddiaçı ASC – nin xeyrinə ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar