Məhkəmə qərarları › İş №e-2(004)-1914/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1914/2025

05.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1914/2025 05.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə (açar sözlər: kredit borcunun tutulması) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı “İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 2024/00065- 01AK nömrəli kredit müqaviləsinə əsasən, avtomobil alışı məqsədi ilə borc alana illik 30 faiz olmaqla, 12 ay müddətinə 10000 manat məbləğdə kredit verilməsini öhdəsinə götürmüşdür.

2. Müqaviləyə əlavə ödəniş cədvəlindən görünür ki, qaytarılma müddəti 12 ay, aylıq ödəniş 974,87 manat olaraq razılaşdırılmışdır.

3. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, kredit məbləğinə uyğun pul borc alanın hesabına köçürülmüşdür.

4. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, “Toyota Prius (hibrid)” markalı avtomobil xx.xx.2024-cü il tarixli 2024/00065-01AK nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini məqsədi ilə ipoteka ilə yüklü edilmişdir.

5. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA seriyalı, 153046 nömrəli çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə ipotekanın dövlət qeydiyyatı aparılmışdır.

6. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq ilə xx.xx.2024-cü il tarixli, 2024/00065-01AK nömrəli kredit müqaviləsi üzrə cavabdehdən 6457,09 manat əsas, 198,50 manat faiz və 1280 manat cərimə borcu olmaqla, ümumilkdə 7935,59 manat borcun ödənilməsi tələb edilmişdir.

7. İddiaçı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixli 2024/00065-01AK nömrəli kredit müqaviləsi üzrə cavabdehin cəmi borcu 4518,69 manat əsas, 282,07 manat faiz və 1000 manat dəbbə pulu olmaqla ümumilikdə 5800,76 manat təşkil edir.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən kreditin əsas borcu üzrə 4518,69 manat məbləğdə qalıq, 282,07 manat məbləğdə faiz borcu, 1000 manat məbləğdə dəbbə pulu, cəmi 5800,76 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 78,01 manat məbləğdə pulun tutulması, tələbin cavabdehin mülkiyyətində olan “Toyota Prius (hibrid)” markalı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borc, faiz borcu və dəbbə pulu və dövlət rüsumu kimi ödənilmiş məbləğin iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddianın əsaslarına görə, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tariхli, 2024/00065-01AK nömrəli krеdit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə illik 30% hesablanmaq şərti ilə 10000 manat məbləğdə krеdit vеrilmişdir. Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişinin surətindən də göründüyü kimi, müqavilə ilə müəyyən edilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. Krеdit müqaviləsinin təminatı оlaraq cavabdehin mülkiyyətində olan nəqliyyat vasitəsi ipoteka predmeti kimi banka təqdim edilmiş və bu barədə xx.xx.2024-cü il tariхli, 2024/00065-01AK nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Qeyd olunan girov müqaviləsi xx.xx.2024-cü il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir. İpoteka ilə yüklü edilmiş əmlakın dəyəri tərəflərin razılığına əsasən 20000 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur.

b) iddiaya etiraz

10. MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi bildiriş göndərilmiş, iddia tələbinə qarşı etiraz daxil olmamışdır.

c) məhkəmə icraat iştiakçılarının izahatları

11. İddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verib, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

12. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; Maddə 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir; Maddə 307.6. İpoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır; Maddə 307.7. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir; Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür; Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir; Maddə 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir; Maddə 740.4. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır; Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir; Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər; Maddə 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

14. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 10.2 İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir; Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;

Məhkəmə baxışının hədləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

17. İddianın faktiki əsaslarını maddi hüquqi əsaslar baxımından yoxlayan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

18. Belə ki, işin məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli kredit müqaviləsi, həmin müqavilə üzrə öhdəliyin icrasını təmin etmək məqsədi ilə isə ipoteka müqaviləsi bağlanmışdır.

19. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, kredit müqaviləsinə əsasən borc məbləğinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə ödəməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir.

20. Bu mənada məhkəmə iddiaçı tərəfin borcun tutulması barədə dəlilləri ilə ümumən razılaşır.

21. Borcun əsası olan kredit müqaviləsi, müqaviləyə əlavə olan ödəniş qrafiki və maliyyə arayışından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 2024/00065-01AK nömrəli müqaviləyə əsasən iddiaçı cavabdehdə 12 ay müddətinə, illik 30% dərəcəsi ilə 10000 manat məbləğdə kredit vermişdir.

22. Cavabdeh aylıq ödənişlərin vaxtında yerinə yetirilməsi ilə bağlı öhdəliyini pozaraq 4518,69 manat əsas, 282,07 manat faiz borcu yaranmışdır. Hansı ki, bu məbləğ cavabdehdən tutulmalıdır.

23. Həmçinin, iddiaçı tərəfindən müqavilə üzrə 1000 manat cərimə borcu hesablanmışdır.

24. Məhkəmə cərimə məbləğlərinə münasibətdə qeyd edir ki, bu hissədə iddia tələbi qismən əsaslıdır.

25. Belə ki, nəzərə alınmalıdır ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir. Bununla belə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (MM 467).

26. Hazırkı işin halları baxımından da əsas borc və dəbbə pulunun nisbəti nəzərə alan məhkəmə müqavilə üzrə hesablanmış 1000 manat dəbbə pulunun məbləğinin azaldılaraq 150 manat məbləğdə müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır.

27. Məhkəmənin qənaətinə görə isə tutmanın ipoteka predmetinə yönəldilməsi və əlaqəli digər hissələrdə iddia tələbi təmin edilə bilməz.

28. Həm Mülki Məcəllənin 307.7-ci maddəsinin, həm də “İpoteka haqqında” Qanunun 10.2-ci maddəsinin imperativ tələbi ondan ibarətdir ki, ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.

29. Hazırkı halda isə iş materiallarına əlavə edilmiş tərəflər arasında bağlanan xx.xx.2024-cü il tarixli, 2024/00065-01AK nömrəli ipoteka müqaviləsi qanunvericinin qeyd olunan tələblərinə uyğun bağlanmamış, yəni notariat qaydada təsdiq olunmamışdır.

30. ““İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən “İpoteka haqqında” Qanunda 10.2-ci maddənin ikinci cümləsində “Daşınmaz əşyanın ipotekası haqqında müqavilə” sözləri “İpoteka müqaviləsi” sözləri ilə əvəz edilməsi qərara alınmışdır.

31. Göründüyü kimi, əvvəllər yalnız daşınmaz əşyaların ipoteka müqaviləsinin notariat təsdiq edilməli olması təsbit edilsə də, artıq 2018-ci ildə qanunverici bu barədə mövqeyini qətiləşdirmiş, predmetinin daşınar-daşınmaz olmasından asılı olmayaraq bütün ipoteka müqavilələrinin notariat qaydada təsdiq edilməli olmasını göstərmişdir.

32. Qanunla nəzərdə tutulmuş məcburi forma şərtinə əməl edilmədən bağlanan müqavilələr isə heç bir hüquqi nəticə doğura bilməz.

33. Beləliklə, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənmədiyindən iddia tələbi həmin müqavilə üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi, onun satılması və ipoteka predmetinin satışından əldə edilən vəsait hesabına borcun ödənilməsi hissələrdə əsassız olmaqla, bu hissələrdə təmin edilməməlidir.

34. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə münasib 69,51 manat hissəsi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

36. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən edilməli, 4518,69 manat əsas, 282,07 manat faiz, 150 manat cərimə borcu və 69,51 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5020,27 manat məbləğdə pul Cavabdeh tutularaq İddiaçı BOKT ASCyə ödənilməlidir.

37. Göstərilənləri və MPM-in 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. 4518,69 manat əsas, 282,07 manat faiz, 150 manat cərimə borcu və 69,51 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5020,27 manat məbləğdə pul Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar