Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1925/2025 12.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ iddiaçı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə (açar sözlər: kredit müqaviləsi, pul) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 854-EEO-0042- 24 nömrəli əlaqəli kredit müqaviləsindən görünür ki, borc verən borc alana Elit E.O. MMC tərəfindən satışı həyata keçirilən malları almaq məqsədi ilə 190 manat məbləğdə istehlak krediti verməyi, borc alan isə aldığı borcu müqavilə ilə müqavilə ilə müəyyən olunmuş qaydada və müddətdə borc verənə qaytarmağı öhdəsinə götürür.
2. Müqavilənin 1.4 və 1.6-cı bəndlərinə əsasən kreditin qaytarılma müddəti 6 ay, faktiki illik faiz dərəcəsi isə 6,89 faizdir.
3. Müqavilənin 3.1-ci bəndinə görə, borc alan müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmədikdə əsas və faiz borcundan əlavə borc verənə gecikdirilmiş gün üçün kreditin ödənilməmiş hissəsinə görə 0,5 % həcmində cərimə ödəməlidir.
4. Ödəniş qrafikindən görünür ki, qaytarılma müddəti 6 ay, ödəniş məbləği hər ay 32 manat, sonuncu ay isə 30 manat olmaqla razılaşdırılmışdır.
5. xx.xx.2023-cü il tarixli əməkdaşlıq haqqında müqavilədən görünür ki, "xxxx" BOKT QSC və "xxxx" MMC bir və bir neçə malı kreditlə əldə etmək istəyən müştərinin kredit məbləği ilə təmin edilməsi barədə razılıq əldə etmişlər.
6. "xxxx" MMC və Cavabdeh arasında tərtib edilmiş arayışdan görünür ki, satıcı MMC alıcını “Mini soba Gastro” markalı əşya ilə təmin edəcəyini bildirmişdir.
7. İddiaçı tərəfindən verilmiş məlumata əsasən kredit məbləği "xxxx" MMC-nin təqdim etdiyi bank hesabına köçürülmüşdür.
8. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, 854-EEO-0042-24 nömrəli kredit müqaviləsi üzrə 122,32 manat əsas və 18,38 manat cərimə borcu olmaqla, cəmi 140,67 manat borcu yaranmışdır.
9. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıqla əsas borcu 60,32 manat və 8,60 manat cərimə borcu olmaqla, cəmi 68,92 manat məbləğinin tam ödənilməsi tələb olunmuşdur.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 122,32 manat əsas, 18,35 manat cərimə borcu və 30,40 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 171,07 manat məbləğdə pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddianın əsaslarına görə, cavabdehə 6 ay müddətinə qaytarılmaq şərti ilə 190 manat məbləğdə krеdit vеrilmiş və bununla bağlı iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli 854-EEO-0042-24 nömrəli əlaqəli krеdit müqaviləsi bağlanmışdır. Əlaqəli krеdit müqaviləsinin 2.1.1-ci bəndinə əsasən borc alan müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş cədvəlində göstərilmiş bank hesablarına və ödəniş cədvəlində nəzərdə tutulmuş digər ödəmə vasitələrinə (ödəniş terminalları, onlayn ödənişlər) ödəniş məbləğlərini ödəmədikdə/vaxtında ödəmədikdə borc verən kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Hazırda krеdit müqaviləsinin şərtlərinə əsasən cavabdehin iddiaçıya əsas borcu 122,32 manat, cərimə borcu 18,38 manat olmaqla ümumi borcu 140,67 manat təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir.
a) iddiaya etiraz
12. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
b) məhkəmə icraat iştiakçılarının izahatları
13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verib iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; Maddə 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür; Maddə 746-6.1. Müəyyən malların alqı-satqısı və ya xidmətlərin göstərilməsi üzrə müqavilənin maliyyələşdirilməsi üçün bağlanan və həmin müqavilə ilə iqtisadi əlaqəsi olan istehlak krediti müqaviləsi əlaqəli kredit müqaviləsi hesab olunur. İqtisadi əlaqə aşağıdakı hallardan birinin mövcudluğu ilə şərtləndirilir: 746-6.1.1. kredit müqaviləsinin hazırlanması və bağlanması ilə əlaqədar olaraq borcverən satıcının (xidmət göstərənin) xidmətlərindən istifadə edir; 746-6.1.2. müəyyən malın alqı-satqısı (xidmətin göstərilməsi) kredit müqaviləsində aşkar göstərilir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
Məhkəmə baxışının hədləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
18. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, əlaqəli kredit müqaviləsinə əsasən borc məbləğinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə ödəməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir.
19. Bu mənada məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşır.
20. Borcun əsası olan kredit müqaviləsi, müqaviləyə əlavə olan ödəniş qrafiki və maliyyə arayışından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 854-EEO-0042-24 nömrəli müqaviləyə əsasən "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC kredit alana 6 ay müddətinə, illik 6,89% dərəcəsi ilə 190 manat məbləğində kredit vermişdir.
21. Cavabdeh aylıq ödənişlərin vaxtında yerinə yetirilməsi ilə bağlı öhdəliyini pozaraq 122,32 manat əsas və 18,35 manat cərimə borcu olmaqla, cəmi 140,67 manat borcu yaranmışdır.
22. Odur ki, həm müqavilə üzrə əsas borc, həm də hesablanmış cərimə borcu cavabdehdən tutulmalıdır.
23. Belə ki, nəzərə almaq lazımdır ki, borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir.
24. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur.
25. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu və rüsumun ödənilməsi ilə bağlı xidmət haqqı da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
27. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 122,32 manat əsas, 18,35 manat cərimə borcu və 30,40 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 171,07 manat məbləğdə pul Cavabdeh tutularaq "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinə ödənilməlidir.
28. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. 122,32 manat əsas, 18,35 manat cərimə borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı 0,40 manat olmaqla, cəmi 171,07 manat məbləğdə pul Cavabdeh tutularaq "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə