Məhkəmə qərarları › İş №e-2(004)-1949/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1949/2025

07.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1949/2025 07.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair ilk, cavabdehin iddiaçıya qarşı alimentin azaldılması tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə (açar sözlər: aliment) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair ilk, cavabdehin iddiaçıya qarşı alimentin azaldılması tələbinə dair qarşılıqlı iddiana dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Culfa rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından 2 övladı olmuşdur: xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X3.

2. Bakı 12 saylı Mediasiya təşkilatında xx.xx.2023-cü il tarixli, MŞB/12/2023 nömrəli barışıq sazişi ilə tərəflər birgə nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X1 birinci tərəf – İddiaçı yanında qalması, uşaqların saxlanılması üçün ikinci tərəf – Cavabdeh hər ay hər uşağa görə 220 manat aliment ödəməsi barədə razılıq əldə etmişlər.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 1893/2025 nömrəli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında Culfa rayon Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması qət edilmişdir.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

4. İddiaçı cavabdehə qarşı ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə rəsmi nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdehdən sabit pul məbləği kimi hər biri üçün hər ay 246 manat, ümumilikdə 492 manat miqdarda alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddianın əsaslarına görə, hazırda faktiki olaraq azyaşlı övladları onun himayəsindədirlər, lakin cavabdeh aliment ödənişlərini etməkdə problemlər yaradır. Hazırda cavabdeh tərəfindən azyaşlı övladlarına görə ödənilməli olan aliment məbləği artırılmalıdır. Bununla bağlı cavabdehə müraciət etsə də, razılığa gələ bilməmişlər. Cavabdeh məhkəmədən öncə keçirilən mediasiya prosesində də iştirak etməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcbutiyyətində qalmışdır.

6. Cavabdeh iddiaçıya qarşı alimentin azaldılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı 12 saylı Mediasiya Təşkilatında xx.xx.2003cü il tarixində bağlanmış barışıq sazişinə əsasən alimentin müəyyən olunmuş miqdarının dəyişdirilərək, hər uşaq üçün hər ay 50 manat, ümumilikdə 100 manat miqdarda alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Qarşılıqlı iddianın əsaslarına görə, onun səhhəti pis olduğundan, belə vəziyyətdə normal işləməyə imkanı yoxdur. Maddi durumu yaxşı deyil. İş qabilliyətinin çox zaman olmaması səbəbindən mediasiyada razılaşdığı barışıq sazişində göstərilən iki uşaq üçün 440 manat məbləğdə göstərilən alimenti ödəməkdə çətinlik çəkir. Hazırda o fəhləlik edir, lakin çox vaxt xəstə olduğu üçün işə çıxa bilmir. Qeyd edilənlərə əsasən hesab edir ki, aliment məğləği azaldılarsa azyaşlı övladları üçün alimentin ödənilməsində problemləri olmayacaqdır və mütəmadi olaraq aliment ödəniləcəkdir. Lakin əsk təqdirdə aliment məbləği artırılarsa ödəniş edilməsi hazırki vəziyyətdə qeyri mümkün olacaqdır.

b) iddiaya qarşı etiraz

8. İlk iddia tələbinə qarşı qarşılıqlı idda təqdim edilmiş, qarşılıqlı iddiaya etiraz daxil olmamışdır.

c) məhkəmə icraat iştirakçılarının izahatları

9. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi tərəflər arasında qarşılıqlı razılıq olduğunu bildirərək qarşılıqlı iddianın təmin olunmasına etiraz etmədi.

10. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 75.1. valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.1.1. aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində aliment tutulur. Maddə 78.1. valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 78.3. tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Maddə 100.2. aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

12. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

13. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” xx.xx.2024-cü il tarixli Sərəncamı: “…

1. Minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilsin.”

14. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarı: “... 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).”

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında.

Məhkəmə baxışının hədləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

17. İşin faktiki hallarından görünür ki, tərəflər arasında xx.xx.2008-ci il tarixdə nikah bağlanmış və birgə nikahdan tərəflərin xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X3 adlı uşaqları olmuşdur. Tərəflər arasında bağlanmış nikah Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-1893/2025 nömrəli qətnaməsi ilə pozulmuşdur. Həmin qətnaməyə əsasən uşaqlar ananın yanında saxlanmışdır. Hazırda isə iddiaçı cavabdehdən uşaqların saxlanmaları üçün hər ay hər uşaq üçün 246 manat sabit pul məbləğində aliment tələb etmiş, bununla belə cavabdeh qarşılıqlı iddia təqdim edərək alimentin məbləğinin azaldılaraq hər uşaq üçün 50 manat məbləğdə müəyyən edilməsini xahiş etmişdir.

18. İddiaçı tərəf məhkəmə iclasında qarşılıqlı iddia tələbini qəbul etmiş, təmin olunmasına etiraz etməmişdir.

19. Odur ki, tərəflər ödəniləcək alimentin məbləği ilə bağlı razılıq əldə etdiklərindən ilk iddia təmin edilməməli, qarşılıqlı iddia isə təmin edilməli, uşaqların saxlanılması üçün tutulan alimentin məbləği hər ay hər uşaq üçün 50 manat məbləğdə müəyyən edilməlidir.

20. Eyni zamanda məhkəmə qeyd edir ki, məhkəmə təcrübəsini müəyyən edən Ali Məhkəmənin məhkəmələrə tövsiyəsi ondan ibarət olmuşdur ki, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.

21. 2025-ci il üçün minimum əmək haqqı 400 manat olduğundan tutulmalı olan alimentin miqdarı minimum əmək haqqının 0,125 misli həddində müəyyən edilməlidir.

22. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı alimentin artırılması tələbinə dair ilk iddiası təmin edilməməli, cavabdehin iddiaçıya qarşı alimentin azaldılması tələbinə dair qarşılıqlı iddiası isə təmin edilərək xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulması xx.xx.2023-cü il tarixli, MŞB/12/23 nömrəli barışıq sazişi ilə müəyyən edilmiş alimentin miqdarı azaldılaraq hər ay hər uşaq üçün 50 manat ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,125 misli həddində müəyyən edilməlidir.

23. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair ilk iddiası təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. 21 iyul 2008-ci il təvəllüdlü X2 və 29 yanvar 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulması xx.xx.2023-cü il tarixli, MŞB/12/23 nömrəli barışıq sazişi ilə müəyyən edilmiş alimentin miqdarı azaldılaraq hər ay hər uşaq üçün 50 manat - sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,125 misli həddində müəyyən edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar