Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1962/2022 18.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Əlizadə Şamil Akif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 Cavabdeh iştirakı ilə İddiaçı Turanbank ASC-nin cavabdehlər Cavabdeh, Zamin qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı Turanbank ASC cavabdehlər Cavabdeh, Zamin qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Turanbank ASC-nin Yasamal filialı ilə Cavabdeh arasında bağlanmış 28.08.2020-ci il tarixli MKOS № 265-05 saylı kredit müqaviləsi vaxtından əvvəl ləğv edilməsi, Turanbank ASC-nin Yasamal filialı ilə Cavabdeh arasında bağlanmış 28.08.2020-ci il tarixli MKOS № 265-05 saylı kredit müqaviləsi üzrə Cavabdeh banka olan 4999,60 AZN (dörd min doqquz yüz doxsan doqquz manat, altmış qəpik) əsas, 328,27 AZN faiz, 2104,77 manat cərimə borcu olmaqla, cəmi 7432,64 AZN məbləğində borc və 94,33 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh və Zamin tutularaq Turanbank ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Turanbank ASC-nin Yasamal filialı ilə Cavabdeh arasında bağlanmış 28.08.2020-ci il tarixli MKOS № 265-05 saylı kredit müqaviləsi vaxtından əvvəl ləğv edilməsi, Turanbank ASC-nin Yasamal filialı ilə Cavabdeh arasında bağlanmış 28.08.2020-ci il tarixli MKOS № 265-05 saylı kredit müqaviləsi üzrə Cavabdeh banka olan 4850,67 AZN (dörd min səkkiz yüz əlli manat, altmış yeddi qəpik) əsas, 15,22 AZN (on beş manat iyirmi iki qəpik) faiz, 2104,77 manat cərimə borcu olmaqla, cəmi 5015,89 AZN (beş min on beş manat, səksən doqquz qəpik) məbləğində borc və 94,33 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh və Zamin tutularaq Turanbank ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh əsas borcu qəbul etdiyini, ödəməyə çalışdığını, cərimə məbləği ilə razı olmadığını bildirmiş və iddia tələbini qismən təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan Turanbank ASC ilə Cavabdeh arasında bağlanmış 28.08.2020-ci il tarixli MKOS № 265-05 saylı kredit müqaviləsinə əsasən müəyyən olunur ki, Turanbank ASC Cavabdeh 18 ay müddətinə (3 ay güzəşt müddəti tətbiq edilməklə), illik 22,5% olmaqla, 7127 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 28.08.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, borclu Cavabdeh 28.09.2020-ci il tarixdən 28.02.2022-ci il tarixədək, sonuncu ay 549,44 manat, hər ay 549,49 manat olmaqla, cəmi 8643,19 manat məbləğində pulu banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 28.05.2020-ci il tarixli ödəniş tapşırığına əsasən müəyyən olunur ki, Cavabdeh 7127 manat məbləğində pulu bankdan almışdır. İş materiallarında olan İddiaçı ASC ilə Zamin arasında bağlanmış 28.08.2020-ci il tarixli MKOS № 265-05 saylı zaminlik müqaviləsinə əsasən müəyyən olunur ki, zamin borcalanın 28.08.2020-ci il tarixli MKOS № 265-05 saylı kredit müqaviləsinə əsasən bankdan 18 (on səkkiz) ay müddətinə (3ay güzəşt tətbiq edilməklə), illik 22,5% olmaqla, aldığı 7127 manat məbləğində kreditin, həmin kreditə görə hesablanacaq faizlərin, cərimə, dəbbə və məhkəmə xərclərinin banka ödənilməsi üçün məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan 05.04.2022-ci il tarixli maliyyə arayışından görünür ki, borcalanın banka 4850,67 manat əsas və 15,22 manat faiz, 2104,77 manat cərimə borcu vardır. İş materiallarında olan 06.12.2022-ci il tarixli pretenziya məktubuna əsasən müəyyən olunur ki, iddiaçı təərfindən borcun ödənilməsi barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş matariallarına əsasən məhkəmə hesab edir ki, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, borclunun və zaminin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Cavabdeh məhkəməyə verdiyi izahatında əsas və faiz borcunu qəbul etdiyini cərimə məbləği ilə razı olmadığını bildirmişdir. Məhkəmə həmçinin qeyd edir ki, 2104,77 manat məbləğində cərimə tənasübsüz surətdə yüksək hesab olunmalı, buna görə də azaldılaraq ağlabatan miqdarda, yəni 150 manat məbləğində müəyyən edilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin maddənin 2-ci bəndinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. AR Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. Turanbank ASC-nin Yasamal filialı ilə Cavabdeh arasında bağlanmış 28.08.2020-ci il tarixli MKOS № 265-05 saylı kredit müqaviləsi vaxtından əvvəl ləğv edilsin. Turanbank ASC-nin Yasamal filialı ilə Cavabdeh arasında bağlanmış 28.08.2020-ci il tarixli MKOS № 265-05 saylı kredit müqaviləsi üzrə Cavabdeh banka olan 4850,67 AZN (dörd min səkkiz yüz əlli manat, altmış yeddi qəpik) əsas, 15,22 AZN (on beş manat iyirmi iki qəpik) faiz, 150 (yüz əlli) manat cərimə borcu olmaqla, cəmi 5015,89 AZN (beş min on beş manat, səksən doqquz qəpik) məbləğində borc və 94,33 manat dövlət rüsumu cavabdehlər Cavabdeh, Zamin tutularaq Turanbank ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №e-2(004)-1962/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1962/2022
18.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver