Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-204/2023 27.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçı İddiaçının vəkili və nümayəndəsi Vəkil Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 20 000 manat pulun və 151 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə qonşuluqda yaşayır, uşaqlıq vaxtından uzun illərdən yaranan etibarlı qonşuluq, rəfiqəlik münasibətləri olmuşdur. Cavabdeh daim iddiaçının evinə gəlib-getmiş, iddiaçının ailə üzvləri ilə də çox səmimi münasibətləri olmuşdur. 2019-cu ilin sentyabr ayının sonunda cavabdeh iddiaçıya müraciət edərək ona 25-30 min manat məbləğində borc pul lazım olduğunu, zərurət olsa, həmin pulu faizlə də götürmək istədiyini bildirmişdir. Bu barədə dəfələrlə cavabdeh iddiaçıdan xahiş edərək ona vacib şəkildə hissə-hissə də olsa qeyd olunan pul vəsaitinin lazım olduğunu bildirmişdir. Cavabdeh iddiaçıdan 2019-cu ilin oktyabr ayının əvvəlindən başlayaraq 3 dəfə olmaqla hissə-hissə cəmi 14.000 manat pul almış, həmin pul iddiaçının özünə məxsus olmuş və iddiaçı cavabdehə 14.000 manat borc pulu verəndə, həmin pulun anasının tanışı X3 məxsus olduğunu və 14.000 manat pulun Səbirə Mədətovadan alaraq ona verdiyini cavabdehə bildirmişdir. 14.000 manat pulu aldıqdan sonra cavabdeh, yenə də əlavə 15.000 manata yaxın pul lazım olduğunu iddiaçıya bildirmiş, Bakı şəhərinin Nərimanov rayonunda yerləşən evlərini və qeyri-yaşayış obyektlərini sataraq pulları tam şəkildə birdəfəlik ödəyəcəyini bildirmişdir. İddiaçı cavabdehə köməklik etmək üçün özünə məxsus qızıl-zinət əşyalarını qohumu X4 girova qoyaraq sonuncudan 6400 manat pulu alıb tam şəkildə cavabdehə vermişdir. Cavabdeh iddiaçıdan aldığı 20.400 manat puldan 7000 manatını Səbirə Mədətovaya qaytarmaq adı ilə geri ödəmiş, 3300 manatını isə iddiaçının qızıllarını girova qoyaraq İlahə Bağırovadan aldığı 6400 manat puldan ödəmişdir. Ümumilikdə cavabdeh 10300 manat borcunu qaytarmışdır. 2021-ci ilin yanvar ayında cavabdeh qalan 10100 manat borcunu qaytaracağını, lakin ona təxirəsalınmadan əlavə 10.000 manat borc pul lazım olduğunu, Nərimanov rayonunda yerləşən evlərini və qeyri-yaşayış obyektlərini böyük məbləğdə pula satışa qoyduqlarını, qısa müddətdə bütün borclarını qaytaracağı barədə iddiaçını təkrarən inandıraraq sonuncudan xahiş etmişdir ki, iddiaçı kimdənsə borc pul götürsün, zamin dursun, həmin pulu sözsüz ki, qaytaracaqdır, iddiaçını pis vəziyyətdə heç vaxt qoymaz. Hətta iddiaçıya söz vermişdir ki, dediyi daşınmaz əmlaklar satılsa, o, öz payını götürəcək, bütün borclarını ödəyəcək və iddiaçıya borcdan əlavə qonorar verəcək. Cavabdehin inandırıcı vədlərinə, təkidli xahişlərinə, iddiaçının anası Dünyaxanım Məmmədovaya qalıq pulları qısa müddət ərzində qaytaracağı barədə sözlərinə inanan iddiaçı 2021-ci ilin aprel ayında cavabdehə əlavə olaraq 6000 ABŞ dolları pulu vermişdir və cavabdehin iddiaçıya ümumilikdə 20300 manat borcu qalmışdır və 2021-ci ilin aprel ayının sonunda 6000 ABŞ dollarını alarkən cavabdeh öz xətti ilə iddiaçıya iltizam yazaraq onun iddiaçıya 20.000 manat borcu olduğunu və həmin borcu may ayının 20-də bağlayacağını əlyazmasında bildirmişdir (Həmin əlyazma iddia ərizəsinə əlavə olunur). Buna baxmayaraq, cavabdeh hal-hazıradək iddiaçıya 20.000 manat borcunu qaytarmamışdır. İddiaçı ilə cavabdeh şifahi borc müqaviləsi bağlamış, cavabdeh iddiaçıdan borc şəklində qəbul etdiyi və əlyazmasında borcu olduğunu etiraf etdiyi 20.000 manat pulu 2021-ci ilin may ayında qaytarmalı olduğu halda qaytarmamış, özgəsinin vəsaitini özündə saxlamışdır. Məhkəmə iclasında iddiaçı və iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etmiş və iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh iddia ərizəsinə etiraz edərək, iddianın rədd edilməsini xahiş etmişdir. İzahatında bildirmişdir ki, iddia ərizəsinə əlavə edilmiş qəbz onun tərəfindən yazılmamış və imza edilməmişdir. İddia ərizəsində qeyd edilənlər həqiqəti tam əks etdirmir. İddiaçının nümayəndəsinin vəsatətlə şahid qismində dəvət etdiyi X7 faizə pul verməklə məşğuldur. 2019-cu ildə ona pul lazım olanda, İddiaçı bildirmiş, iddiaçının vasitəsi ilə Esmira Holdingdən 11 500 manat pul almışdır. xx.xx.2022-ci il tarixədək ayrı-ayrı vaxtlarda, həm kart üsulu ilə, həm nağd şəkildə borcunu ödəmişdir. Həm 11 500 manat pulu, həm də faiz borcu 7500 manat pul ödəmişdir. Müəyyən vaxtdan sonra ödəmək imkanı olmamış, bu barədə iddiaçıya və Esmira xanıma bu barədə bildirmişdir. Şahid qismində çağırılmış digər şəxs Səbirə Mədətova pulun ödənilməsi ilə bağlı ona təzyiqlər etmiş, bununla bağlı o, polisə şikayət etmişdir. İddiaçı özü də Səbirə Mədətovanın təzyiqləri ilə üz-üzə olmuşdur. Polisə şikayətdən sonra Səbirə onu təhdidləri davam etdirə bilməmiş və guya qalan borc pulu iddiaçı vasitəsi ilə almağa çalışır. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Yasamal Rayon Polis İdarəsinə X5, Könül və İlahə adlı şəxslər barəsində şikayət etmişdir. İddiaçı həmin şəxslərdən faizə pul götürürdü. Polis İdarəsinə sübutlar və səs yazıları da təqim etmişdir. Borclarını qaytardığı və faizləri ödədiyi halda ondan daha çox pul tələb etdikləri üçün polisə şikayət etmişdir. Sonradan qonşu olduqları üçün işin dayandırılmasını xahiş etmişdir. Şikayəti hal-hazırki iddia ərizəsindəki borclarla bağlı olub. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, tərəflərlə heç bir düşmənçiliyi və ədavəti yoxdur. İddiaçını atası vasitəsi ilə tanımışdır. Eyni binada qonşu olmuşlar. Əvvəlcə atasını, 5-6 il sonra iddiaçını tanımışdır. Cavabdehlə 2019-cu ildə, pandemiyadan əvvəl onun evində tanış olmuşdur. İddiaçı və cavabdeh uşaqlıq dostlarıdır. Əvvəl küsülü olub, sonra barışmışlar. Onlar arasında dəfələrlə pul münasibətləri olub. 2019-cu ilin 12-13 oktyabrında Türkiyə Respublikasından qayıtmışdır. O, iddiaçıdan pul almış, sonra qaytarmışdır. İddiaçı cavabdeh haqqında bildirmişdir ki, o, yetim qızdır. Qardaşları ona pis davranır. İddiaçının cavabdehə yazığı gəlmişdir. O, cavabdehə dəfələrlə pul vermişdir. O, iddiaçıya demişdir ki, cavabdeh ondan yalanlarla pul alır. Cavabdeh borcu qaytarmamaq üçün 1 il yalan danışıb. Cavabdeh iddiaçıya borcu barədə əlyazma qəbz yazmışdır. Həmin qəbzin şəklini iddiaçı ona göndərib. Cavabdehin iddiaçıya pul qaytarmasına şahidlik etməyib. Eşitmişdir ki, cavabdeh pulun yarısını qaytarıb. Cavabdeh qardaşı qızı ilə birgə ondan da pul istəyib. Lakin nə üçün istədiyini bilməmişdir. Cavabdehə 300 ABŞ dolları borc pul vermişdir. O, pulu iddiaçıya vermiş, iddiaçı da pulu cavabdehə vermişdir. 2021-ci ilin avqustunda, iddiaçının qızının 1-ci sinifə getməsi ilə əlaqədər keçirilmiş məclisdə cavabdeh borcunu etiraf etmişdir. Məclisdə çəkilmiş şəkillər də mövcuddur. İddiaçı ona demişdir ki, məclisdə cavabdeh borcu 1-2 aya ödəyəcəyinə söz vermişdir. Sonuncu dəfə ona məlum olan cavabdehin iddiaçıya 20 000 manat qalıq borcu olmuşdur. İddiaçı məclisdə ona demişdir ki, 7000 manat borcu qaytarıb, 7000 manat isə qalır. Cavabdeh onun yanında heç vaxt pul qaytarmayıb. İddiaçı Türkiyə Respublikasına getməli idi, lakin cavabdeh pulu qaytarmırdı. Uzun müddətdir ki, iddiaçını görmür, nə qədər borc pul qaldığı barədə dəqiq məlumatı yoxdur. Bildiyi qədəri ilə cavabdehin iddiaçıya 14000 manat borcu olmuşdur, həmin puldan 7000 manatı qaytarıb, 7000 manat isə qalıb. Cavabdehin 7000 manat borcu qaldığı ona məclisdə iddiaçı deməyib. Cavabdeh deyirdi ki, 7000 manat pulu qaytarmışdır, 7000 manat borcu qalıb. 7000 manat borcun qaytarılması əlyazma qəbz yazılandan sonra olub, lakin pulun qaytarıb-qaytarılmadığını bilmir. İddiaçı onun yanında cavabdehə borc pul verməyib. Amma whattsapla səs yazılarını eşitmişdir. Ona olan 300 dollar borcunu ona iddiaçı qaytarıb. Qəbz yazılmasını iddiaçıya o, təklif etmişdir. Qəbzdə yazılan qədər borc qalıb. Qəbz veriləndən sonra cavabdeh tərəfindən pulun qaytarılması barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, iddiaçının anası ilə 1974-cü ildən dostluq edir. İddiaçıya xala kimidir. İddiaçı ona bildirmişdir ki, rəfiqəsi Cavabdeh ondan borc pul istəyir və öz adından borc verməyə utanır. İddiaçı cavabdehə verdiyi pulun ona, yəni X1 məxsus olduğunu bildirmiş. Sonuncu dəfə pul veriləndə o, Şəbnəm gildə olmuş və onun yanında Şəbnəm cavabdehə 5000 manat borca pul vermiş və aralarında danışığa əsasən cavabdehin iddiaçıya 14000 manat məbləğində borcu qalmışdır. O borcdan cavabdeh 7000 manat geri qaytarmış, qalan 7000 manatı geri qaytarmamışdır. Cavabdeh tərəfindən yazılmış borc barədə əlyazma vərəqi iddiaçı ona göstərmişdir. İddiaçı qəbzi ona whatsappla göndərmişdi. 14000 manatdan əlavə borcun verilməsində o, iştirak etməmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/1608 saylı rəyinə əsasən “AZE ******** Mən Cavabdeh İddiaçı – 20 000 (iyirmi min) borcum var. Mən bu miqdarı May ayının 20-si bağlayacam. İmza:” yazıları və həmin yazılardan aşağıda yerləşən imza – Cavabdeh tərəfindən icra edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı cavabdehə aralarında olan şifahi razılaşmaya əsasən hissə-hissə borca pul vermiş, cavabdeh ondan müəyyən hissəsini geri qaytarmış, qalan 20000 manat borcu isə vədinə əməl etməyərək qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2.–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunanlara əsasən iddia əsaslıdır və təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilmədiyindən iddianın verilməsi üçün ödənilmiş 151 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Ekspertiza xərci 105 manat cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 20 000 (iyirmi min) manat borc, 151 (yüz əlli bir) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. 105 (yüz beş) manat məbləğində məhkəmə ekspertizasının dəyəri Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO13601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №e-2(004)-204/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-204/2023
27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver