Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2041/2025 07.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, İddiaçı X1 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9.300 (doqquz min üç yüz) ABŞ dolları məbləğində pulun ödəniləcək, günün bank məzənnəsinə uyğun olaraq, 3.000 (üç min) mana borc pulun, 150 (yüz əlli) manat ödənilmiş dövlət rüsumunun və hüquqi yardım üçün ödənilmiş 1.000 (bir min) manat pulun İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı bildirdiyinə görə iş üzrə Cavabdeh uzun müddətdir ki, tanıyır və onların bir-birlərinə etibarları olmuşdur. Cavabdeh bu etibardan istifadə edib 2022-ci ilin avqust ayında iddiaçıdan 9.300 (doqquz min üç yüz) ABŞ dolları, təxminən 7 gün sonra 2.500 (iki min beş yüz) manat və təxminən 3 və ya 4 gün sonra isə 500 (beş yüz) manat borca pul almışdır. Həmin pulu iş üzrə cavabdeh qısa müddət, yəni 7 gün ərzində geri qaytaracağına söz versə də, sözünə əməl etməmişdir. İddiaçı həmin pulları cavabdehdən dəfələrlə geri istəsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək borcunu verməkdən yayınmışdır. Bu səbəbdən, iddia tələbi təmin edilməlidir. İddiaçı X1 nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarına 02 (iki) ədəd CD disk əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış şifahi kredit müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359, 337, 739, 740.2, 1091, 1092 və 1095-ci maddələri çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği 3000 (üç min) manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasəm, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1092.3-cü maddəsinə əsasən, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Məhkəmə qeyd edir ki, mübahisənin kommersiya mübahisəsi kimi qiymətləndirilməsi üçün 3 əsas şərt lazımdır:
1. Subyektlər (hər ikisi) sahibkarlıq fəaliyyəti ilə məşğul olmalıdırlar.
2. Mübahisənin predmeti sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır.
3. Subyektlər arasındakı münasibətlər sahibkarlıq münasibətlərdən əmələ gəlməlidir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan hər 3 (üç) şərt birlikdə mövcud olduqda münasibətlər sahibkarlıq münasibətlərindən əmələ gələn münasibət hesab olunur. Məhkəmə qeyd edir ki, tərəflər ortaqlıq şəklində (adi ortaqlıq) sahibkarlıq fəaliyyəti ilə məşğul olması prezumpsiyası əsas götürülməklə, predmet nöqteyi-nəzərdən tərəflər arasındakı münasibətin sahibkarlıq münasibəti olması halı mövcud olsa da (davamlılıq şərti qeyri-müəyyəndir), subyekt tərkibi baxımından kommersiya münasibətinin olması imperativ tələbi (sahibkarlıq subyekti qismində (hüquqi və ya fiziki şəxs kimi) dövlət qeydiyyatına alınması) yerinə yetirilmir (iddiaçı sahibkarlıq münasibətlərinin subyekti deyildir, fərdi sahibkar statusu yoxdur), bu səbəbdən, mübahisə kommersiya deyil, mülki hüquq mübahisəsidir. Deməli, mülki işin məhkəmə aidiyyatı Bakı şəhəri Yasamal Rayon Məhkəməsidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, tərəflər (iddiaçı və cavabdeh) arasında avtomobil alqı-satqısı ilə bağlı uzun illər biznes münasibətləri olmuşdur. İddiaçı tərəfindən iddia tələbinin sübut edilməsi ilə bağlı kifayət qədər əsaslı və mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, sübutetmə yükü təşkil edilməmişdir. Məhkəməyə təqdim edilmiş 2 ədəd CD diskdə müvafiq səs yazıları və vatsapp sosial şəbəkəsində yazışmalar əksini tapmışdır. Lakin, sözügedən materiallar iddia tələbinin təmin edilməsi üçün yetərli deyildir. Belə ki, CD diskdəki səs yazılarına münasibətdə Cavabdeh xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında izahat verərək (audio-video qeydlər mövcuddur, izahat protokolda əksini tapmışdır) bildirmişdir ki, sözügedən borc məbləği iddiaçı tərəfindən ona deyil, hər ikisinin ortaq tanışları Rüstəm adlı şəxsə verilmişdir. Məhkəmə öhdəlik üzrə hüquq münasibətlərinin hansı subyektlər arasında yarandığı, daha sonra isə öhdəliyin mahiyyətini və icra edilib-edilmədiyini araşdırmalıdır. Hazırki mülki iş üzrə iddiaçı ilə cavabdeh arasında borc münasibətlərinə dair öhdəliyin yaranması mötəbər sübutlarla təsdiq edilmir. Yəni, iddiaçı müvafiq borc məbləğini məhz cavabdehə verdiyini, cavabdehlə hüquq münasibətlərinə daxil olduğunu iddia etsə də, əvvəla, bu barədə əsaslı sübut yoxdur, bundan əlavə də, həmin xüsusat cavabdeh tərəfindən qəbul edilmir ki, mülki işin mübahisəsiz halı kimi nəzərə alınsın. Hazırki iddia tələbi üzrə sübutetmə yükü iddiaçının üzərindədir. Təqdim edilmiş yeganə sübut kimi CD diskdəki izahatlarla bağlı cavabdehin məhkəmə iclasında izahatı ətraflı alınmış, arqumentləri dinlənilmişdir. Həmin CD disk öz-özlüyündə yeganə sübut kimi iddia tələbinin təmin edilməsi üçün yetərli deyildir. Yəni, müvafiq borc məbləği cavabdehin vasitəçiliyi ilə verilsə də, məhz öhdəlik tərəfin kimi cavabdehə verilməsi, daha sonra cavabdehin həmin məbləği Rüstəm adlı 3-cü şəxsə verməsi sübuta yetirilmir. Sözügedən borc məbləği verilsə də, iddiaçının özü tərəfindən 3-cü şəxsə verilmiş, cavabdeh isə onları tanış etmişdir. İddiaçının vəkilinin etirazına baxmayaraq cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edilmiş 01 ədəd CD sübut kimi qiymətləndirilir. Belə ki, həmin sübut məhkəmə baxış mərhələsində verilsə də, mövcud məhkəmə təcrübəsi, iş üzrə tam, obyektiv və hərtərəfli araşdırmanın aparılmasında məhkəmənin hüquqi marağı, sözügedən sübutun verilməsinə əsas olan halların xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclası zamanı ortaya çıxması zərurəti nəzərə alınır. Yəni, iddiaçı tərəfindən təqdim edilmiş səs yazılarındakı ifadələr xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin nəzərinə çatdırıldıqdan sonra o, həmin səs yazıları ilə bağlı izahatını vermiş və sübut kimi əlaqəli digər materialların sərəncamında olmasını və məhkəməyə təqdim edəcəyini bildirmişdir. xx.xx.2025-ci il tarixdə isə 01 ədəd CD-ni məhkəməyə təqdim etmişdir. Bundan əlavə, iddia tələbi üzrə sübutetmə yükü iddiaçının üzərindədir. Yəni, cavabdeh sözügedən vəsaiti borc kimi almadığını deyil, məhz iddiaçı həmin vəsaiti cavabdehə borc olaraq verdiyini sübut etməlidir. Bu istiqamətdə isə mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Mülki iş üzrə 4 (dörd) məhkəmə hazırlıq iclası, 3 (üç) məhkəmə baxış iclasının keçirilməsinə baxmayaraq iddiaçı tərəfindən iddia tələbinin sübuta yetirilməsi təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu və hüquqi xidmətlərin göstərilməsinə görə vəkilə ödənilmiş (müvafiq ödənmiş qəbzi təqdim edilməmişdir) xərc iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı X1 Cavabdeh qarşı “pul” tələbinə iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu və hüquqi xidmətlərin göstərilməsinə görə vəkilə ödənilmiş xərc iddiaçı X2 aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Fariz Əlizadə