Məhkəmə qərarları › İş №e-2(004)-2062/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2062/2025

31.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2062/2025 31.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 65000 (altmış beş min) manat, AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən həmin pul məbləğinin ödənilməsini gecikdirməsinə görə 16250 (on altı min iki yüz əlli) manat faizlər, cəmi 81250 (səksən bir min iki yüz əlli) manat tutularaq İddiaçı ödənilməsini, Cavabdeh 7000 (yeddi min) manat, AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən həmin pul məbləğinin ödənilməsini gecikdirməsinə görə 1050 (min əlli) manat faizlər, cəmi 8050 (səkkiz min əlli) manat tutularaq İddiaçı ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh Füzuli oğluna inanaraq və onun təklifi ilə xx.xx.2020-ci il tarixində özünə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk prospekti, ev 23/25 ünvanda yerləşən 47 saylı mənzili Maraqlı şəxs 68000 manata satmışdır. Həmin alqı-satqı müqaviləsi Bakı şəhəri 1 saylı Notariat Ofisində icra olunmuş və bu zaman Cavabdeh Füzuli oğlu orada onunla ilə birlikdə olmuş, bütün sənədlərin hazırlanmasında iştirak etmişdir. Əvvəlcədən də plaşlaşdırdığı kimi, Cavabdeh Füzuli oğlu alqı-satqı müqaviləsi bağlandıqdan sonra ona təklif etmişdir ki, mənzilin satışından əldə edilmiş vəsaitdən 65000 manat pulu "xxxx" QSC-yə depozit kimi qoyulsun və sonra yüksək faiz alınsın. Bunun nəticəsində o, 65000 manatı Cavabdeh Füzuli oğluna vermiş və onun təklifi ilə birlikdə "xxxx" QSC-nin AZ1065 Bakı, Tbilisi prospekti 3 ünvanında yerləşən Mərkəzi ofisinə getmişlər. Bankda pulu depozitə qoyarkən o, elə bilmişdir ki, depozit onun adına açılır və bütün sənədlər də onun adına olacaqdır. Lakin sənədlər rəsmiləşdirildikdən və bankdan çıxdıqdan sonra depozit müqaviləsinə baxmaq istədikdə, Cavabdeh Füzuli oğlu ona bildirmişdir ki, guya depoziti onun adına, yəni İddiaçı adına rəsmiləşdirmək mümkün olmamışdır, buna görə də, Cavabdeh Füzuli oğlu məcbur olub 65000 manat pulu öz adına banka depozitə qoymuşdur və demişdir ki, narahat olmasın, o, özü, yəni Cavabdeh Füzuli oğlu İddiaçı hər ay 356 manat ödəyəcəkdir. xx.xx.2022-ci ildə Cavabdeh Füzuli oğlu həmin pulu aldığını təsdiq edən iltizamı da yazıb ona vermişdir. Bundan başqa, xx.xx.2022-ci ildə Cavabdeh Füzuli oğlu ondan 7000 manat pul aldığı barədə iltizamı yazıb imzalamış və həmin pulu 2022-ci ilin sentyabrında geri qaytarmağa söz vermişdir. Amma hazırki tarixədək Cavabdeh Füzuli oğlu nə 65000 manat pul vəsaitini, nə də ki, 7000 manat pul vəsaitini ona geri qaytarmamışdır. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, iddiaçı iddia ərizəsində xx.xx.2020-ci il tarixində özünə məxsus mənzili 68000 manata satdıqdan sonra Cavabdeh verdiyini və AccessBank QSC-də depozit hesabına qoymasına tapşırdığını bildirmiş, lakin bankdan çıxdıqdan sonra ona müəyyən olmuşdur ki, pul Cavabdeh hesabına qoyulmuşdur. Yəni iddiaçıya hüququnun pozulduğu xx.xx.2020-ci il tarixində müəyyən olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsində qeyd edilir ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 373.2-ci maddəsində qeyd edilir ki, Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Yuxarıda yazılanlara əsasən iddia müddətinin tətbiq edilərək, iddia tələbinin 65000 manat olan hissəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi və vəkili Vəkil elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyini, iddianı müdafiə etdiyini, əlavələri olmadığını bildirmişdir. Həmçinin, cavabdehin iddia müddəti ilə bağlı ərizəsini əsassız hesab etdiyini, iş materiallarında 65000 manatla bağlı cavabdehin yazılı iltizamı olduğunu, həmin iltizama qarşı cavabdeh heç bir etiraz təqdim etmədiyini bildirmiş, məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddianı qəbul etməyərək, 3 illik iddia müddətinin tətbiq edilərək iddia tələbinin 65000 manat hissəsində təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan mülkiyyətçi İddiaçı ilə alıcı (ipoteka qoyan), borc alan Maraqlı şəxs və ipoteka saxlayan “X2 QSC Azərbaycan” arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 43-20/YKB-İP nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən satıcı Bakı şəhəri, Nərimanov rayonu, X1 prospekti, ev 23/25, mənzil 47 ünvanında yerləşən və mülkiyyət hüquqları Daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən 09 fevral 2012-ci il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı Alıcı-İpoteka qoyanın mülkiyyətinə verir. Daşınmaz əmlakın satış qiyməti 68000 (altmış səkkiz min) manatdır, daşınmaz əmlakın dəyərinin 28400 (iyirmi səkkiz min dörd yüz) manat məbləğində olan hissəsi Alıcı-İpoteka qoyanın özü tərəfindən, 39600 (otuz doqquz min altı yüz) manat məbləğində olan hissəsi isə Kreditor-İpoteka saxlayan tərəfindən Kreditor-İpoteka saxlayan və Alıcı-İpoteka qoyan/Borcalan arasında Bakı şəhərində bağlanmış 22 sentyabr 2020-ci il tarixli, 43- 20/YKB nömrəli Kredit müqaviləsinə əsasən Alıcı-İpoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. İş materiallarında olan Cavabdeh tərəfindən əlyazısı ilə tərtib olunaraq imzası ilə təsdiq olunmuş xx.xx.2022-ci il tarixli borc qəbzinə əsasən o, 20 sentyabr 2020-ci il tarixində Maştağa qəsəbəsi, Subtropik sovxozu, 21 ünvanında yaşayan İddiaçı mənzilinin satışından olan 65000 manat pulu yerləşdirmiş, hər ay 356 manat (minimum 250 manat) ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh tərəfindən əlyazısı ilə tərtib olunaraq imzası ilə təsdiq olunmuş xx.xx.2022-ci il tarixli borc qəbzinə əsasən o, Bakı şəhəri, M.Seyidov 25 ünvanında yaşayan Cavabdeh Maştağa qəsəbəsi, Subtropik sovxozu ünvanında yaşayan İddiaçı 7 min manat məbləğində borc pul götürdüyünü, aşağıda imza etməklə 7 min manatı sentyabr ayında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh göndərilmiş xəbərdarlıq məktubuna əsasən xx.xx.2022-d ildə İddiaçı yazılı iltizam verərək, İddiaçı məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X1 prospekti, ev 23/25 ünvanda yerləşən 47 saylı mənzilin xx.xx.2020-ci il tarixində satışından əldə olunan 65000 manatı hər ay 356 manat olmaqla İddiaçı geri qaytarılmasını vəd etdiyini, bundan başqa, xx.xx.2022-ci ildə İddiaçı yazılı iltizam verərək, İddiaçı aldığı 7000 manat pulu 2022-ci ilin sentyabrında geri qaytarmağa söz verdiyini, lakin hazırki tarixədək nə 65000 manat pul vəsaiti, nə də ki, 7000 manat pul vəsaiti tərəfinizdən İddiaçı qızma geri qaytarmadığını, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, bordu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gedkdirilmiş vaxt üçün illik beş faiz ödəməyə bordudur. Qeyd edilənlərə əsasən, 2 (iki) gün ərzində 65000 manatı, həmin məbləğə AR MM-in 445.7-ci maddəsinə əsasən hesablanmış 16250 manat faizləri, 7000 manatı, həmin məbləğə AR MM-in 445.7-d maddəsinə əsasən hesablanmış 1050 manat faizləri, cəmi 89300 manatı İddiaçı geri qaytanlmasını təklif etdiyini, əks təqdirdə müvafiq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixdə Yasamal Rayon Məhkəməsinə daxil olmuş, 113294 nömrəli cavab məktubuna əsasən İddiaçı adına "xxxx" QSC-də 2020-ci il tarixdən hazıradək əmanət hesabı mövcud olmamışdır. Cavabdeh adına xx.xx.2020-ci il tarixdən hazıradək "xxxx" QSC-də olan əmanət hesablarına dair məlumat aşağıdakı kimidir:

1. 28.11.2019-cu il tarixdə ilkin əmanət məbləği-15580 manat olan AZ22ACAB******************** nömrəli hesab açılmışdır.

2. xx.xx.2020-ci il tarixdən-xx.xx.2021-ci il tarixə kimi ilkin əmanət məbləği-45000 manat olan AZ81ACAB******************** nömrəli hesab açılmışdır.

3. xx.xx.2021-ci il tarixdən-xx.xx.2021-ci il tarixə kimi ilkin əmanət məbləği-35000 manat olan AZ65ACAB******************** nömrəli hesab açılmışdır. "xxxx" QSC-nin hesabdan çıxarışına əsasən AZ65ACAB******************** nömrəli hesab üzrə Cavabdeh 35000 manat məbləği xx.xx.2021-ci il tarixdə banka mədaxil etmiş, xx.xx.2021-ci il tarixdə isə 35000 manat məbləği məxaric etmişdir. "xxxx" QSC-nin hesabdan çıxarışına əsasən AZ81ACAB******************** nömrəli hesab üzrə Cavabdeh 45000 manat məbləği xx.xx.2020-ci il tarixdə banka mədaxil etmiş, xx.xx.2021-ci il tarixdə isə 45000 manat məbləği məxaric etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzdində fəaliyyət göstərən Məhkəmə Ekspertiza Mərkəzinin 9/3207 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli yazılı iltizamına əsasən İddiaçı 7000 manat məbləğində götürdüyü borc üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən gecikdirilmiş vaxt üçün müəyyən edilən illik beş faiz uçot dərəcəsi məbləği 833,19 manat təşkil edir. Cavabdeh xx.xx.2022-ci il tarixli yazılı iltizamına əsasən İddiaçı 65000 manat məbləğində götürdüyü borc üzrə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən gecikdirilmiş vaxt üçün müəyyən edilən illik beş faiz uçot dərəcəsi məbləği 99,31 manat təşkil edir. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan,lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. 445.3-ci maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia müddəti ilə bağlı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibətdə qeyd edir ki, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Göründüyü kimi, Cavabdeh 26 iyun 2022-ci il tarixli borc qəbzinə əsasən İddiaçı 65000 manat məbləğində borc pul aldığını və hər ay 356 manat (minimim 250 manat) olmaqla ödəməyi və 7000 manat məbləğində borc pul aldığını və sentyabr ayında ödəməyi öhdəsinə götürmüşdür. Qanunvericiliyin tələbinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımının icra müddəti bitdikdə başlanmasını nəzərə alsaq, müəyyən olunur ki, iddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etməklə iddia müddətini ötürməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X1 prospekti, ev 23/25, mənzil 47 ünvanında yerləşən mənzili 68000 manata Maraqlı şəxs satmışdır. Cavabdeh həmin mənzilin satışından əldə olunmuş pul vəsaitindən 45000 manatı xx.xx.2020-ci il tarixdə "xxxx" QSC-də əmanət hesabına yerləşdirmiş, xx.xx.2021-ci il tarixdə 45000 manat məbləği məxaric etmiş, xx.xx.2021-ci il tarixdə 35000 manatı "xxxx" QSC-də əmanət hesabına yerləşdirmiş, xx.xx.2021-ci il tarixdə isə 35000 manat məbləği məxaric etmişdir. Cavabdeh əlyazısı ilə tərtib edərək imzaladığı xx.xx.2022-ci il tarixli borc qəbzi ilə 20 sentyabr 2020-ci il tarixində İddiaçı mənzilinin satışından olan 65000 manat məbləğində pulu aldığını hər ay 356 manat (minimum 250 manat) ödəməyi öhdəsinə götürdüyünü, həmçinin əlyazısı ilə tərtib edib imzaladığı xx.xx.2022-ci il tarixli borc qəbzi ilə İddiaçı 7000 manat məbləğində borc pul götürdüyünü, imza etməklə 7000 manatı sentyabr ayında ödəməyi öhdəsinə götürdüyünü bildirmişdir. Hazırda İddiaçı Cavabdeh 65000 manat, AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən həmin pul məbləğinin ödənilməsini gecikdirməsinə görə 16250 manat faizlər, cəmi 81250 manat və 7000 manat, AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən həmin pul məbləğinin ödənilməsini gecikdirməsinə görə 1050 manat faizlər, cəmi 8050 manat məbləğində pul tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə (borc qəbzi) və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, tərəflər arasında borc qəbzi tərtib edilsə də, həmin qəbzin məzmunundan müəyyən edilən şərtlər baxımından məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı hüquq münasibətləri borc müqaviləsinin qanunla müəyyən edilən ünsürlərinə (şərtlərinə) uyğun gəlmişdir. Qanunla nəzərdə tutulmuş yazılı müqavilənin formasına dair tələblərinə tam cavab verməsə də, tərəflərın aralarındakı münasibətin nə ilə bağlı yarandığını göstərən sadə yazılı formada tərtib etdiyi hər hansı bir sənəd yazılı borc müqaviləsi kimi qəbul oluna bilər. Həmçinin cavabdehin nümayəndəsi və vəkilinin iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək, 3 illik iddia müddətinin ötürülməsini qeyd etməsi də, cavabdeh tərəfin tərəflər arasında olan münasibətlərin borc münasibətləri olmasını qəbul etdiyini təsdiq edir. Məhkəmə hesab edir ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə əsasən cavabdeh borcu iddiaçıya qaytarmağı öhdəsinə götürmüş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə (borc qəbzi) öhdəliyi yerinə yetirməmişdir. Borc müqaviləsinin anlayışını verən MM-nin 739.1-ci maddəsinin mənasından da görünür ki, borc verən tərəfindən pulu və ya digər əvəz edilən əşyaları borcluya verməklə, həmin əşyalara mülkiyyət hüququnu borc alana keçirməsi borc müqaviləsinin bağlanmasının əsas şərtlərindən biridir. İşin mübahisəsiz hallarından da göründüyü kimi, iddiaçı tələb etdiyi pul vəsaitini (pula dair mülkiyyət hüququnu) cavabdehə vermiş, cavabdeh həmin pulu qəbul etmiş, onun qaytarılması müddəti və qaydası barədə öhdəlik də götürmüş, lakin öhdəliyini yerinə yetirməmiş və pulu qaytarmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsas borc hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddiaçının AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən pul məbləğlərinin ödənilməsinin gecikdirilməsinə görə gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, göründüyü kimi, cavabdeh öhdəliyin icrasını gecikdirmiş, bununla da, iddiaçının dəymiş zərərin əvəzini, gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini cavabdehdən tələb etmək hüququ yaranmışdır. Məhkəmə iş üzrə tam və obyektiv nəticəyə gəlinməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Ekspert rəyinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli yazılı iltizamına əsasən İddiaçı 7000 manat məbləğində götürdüyü borc üzrə xx.xx.2022-ci il tarixdən (sentyabr ayında borcu qaytarmağı öhdəsinə götürmüşdü) xx.xx.2025-ci il tarixədək (iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi tarix) Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən gecikdirilmiş vaxt üçün müəyyən edilən illik beş faiz uçot dərəcəsi məbləği 833,19 manat, Cavabdeh xx.xx.2022-ci il tarixli yazılı iltizamına əsasən İddiaçı 65000 manat məbləğində götürdüyü borc üzrə xx.xx.2025-ci il tarixdən (pretenziya göndərildiyi tarix) xx.xx.2025-ci il tarixədək Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən gecikdirilmiş vaxt üçün müəyyən edilən illik beş faiz uçot dərəcəsi məbləği 99,31 manat təşkil etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014cü il 24 dekabr tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, kredit müqaviləsi üzrə borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz kreditorun əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan məhkəmə belə qənaətə gəlir ki, iddiaçının borcun ödənilməsinin gecikdirilməsinə görə illik beş faizlə hesablanmış borcun tutulması tələbi əsaslıdır və ekspert rəyində göstərildiyi həddə təmin edilməlidir. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq, işin faktiki hallarını, cavabdehin üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, eləcə də cavabdehin pul məbləğinin ödənilməsini gecikdirdiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 65000 manat əsas borc və gecikdirilmiş vaxt üçün 99.31 manat faiz borcu, 7000 manat əsas borc və gecikdirilmiş vaxt üçün 833.19 manat olmaqla, cəmi 72932.5 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 65000 (altmış beş min) manat əsas borc və gecikdirilmiş vaxt üçün 99.31 (doxsan doqquz manat otuz bir qəpik) manat faiz borcu, 7000 (yeddi min) manat əsas borc və gecikdirilmiş vaxt üçün 833.19 (səkkiz yüz otuz üç manat on doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 72932.5 (yetmiş iki min doqquz yüz otuz iki manat əlli qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar