Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2085/2023 30.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə birgə nikahdan olan övladları xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün təyin olunmuş alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat müəyyən edilərək Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında xx.xx.2007-ci il tarixdə, 961 nömrəli akt qeydi ilə qeydə alınmış nikah Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-3262/2022 saylı qətnaməsi ilə pozulmuşdur. Həmin qətnamə ilə birgə nikahlarından olan övladları xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat aliment Cavabdeh tutularaq ona ödənilməsi nəzərdə tutulmuşdur. 2023-cü ildə bir uşaq üçün yaşayış minimumu 220 manat müəyyən olunmuşdur. Cavabdehin ona verdiyi aliment övladlarının tələbatlarını ödəmir. Bu səbəbdən də alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bununla bağlı mediasiya təşkilatına alimentin artırılması tələbi ilə müraciət etmişdir. Lakin qarşı tərəf bu prossesdə iştirak etməkdən imtina etdiyi üçün ona qarşı tərəfin iştirak etməməsi ilə bağlı arayış təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbi ilə razı olmadığını bildirmiş və əlavə olaraq məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, o, 2(004)- 3262/2022 saylı mülki iş üzrə təyin edilmiş 300 AZN alimenti maddi durumu və işsizliyinə baxmayaraq vaxtı-vaxtında ödəyir. Maddi durumunun yüksək olmadığını nəzərə alaraq aliment məbləğinin artırılmasına etiraz edir. Belə ki, onunla iddiaçı arasında Səadət sarayında bağlanmış xx.xx.2007-ci il tarixli nikahdan xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X5 dünyaya gəlmişdir. Bu iki övladın xərclərinin qarşılanması üçün 2(004)3262/2022 saylı "nikahın pozulması, uşaqların ananın himayəsində qalması, aliment və əmlak bölgüsü tələbinə dair" iddia ərizəsinə baxılmış və məhkəmə hər bir uşağın saxlanılması üçün 150 AZN müəyyən etmişdir. O, maddi durumunun yüksək olmamasına və hal hazırda 1 ilə yaxındır işsiz olmasına baxmayaraq alimenti hər ay vaxtı-vaxtında ödəyir. Amma iddiaçı vaxtı-vaxtında ödənilmiş alimentə baxmayaraq uşaqların sadə xərclərini qarşılamır. Beləki, övladı X2 Binəqədi rayon 5 saylı orta məktəbdə 9-cu sinifdə oxuyur və buraxılış imtahanlarına hazırlaşırdı. İmtahanda uğurlu nəticə vermək üçün sınaqlarda iştirak etməli idi. Senytabr ayından başlayan sınaq imtahanlarına baxmayaraq anası A.N.Tağıyeva qızını heç bir sınaq imtahanına göndərməmişdir. Sınaq imtahanında iştirak üçün 20 AZN məbləğ tələb olunur. İddiaçı sınaq imtahanında iştirak üçün alimentin ödənilməsinə baxmayaraq pulu olmadığını bildirmiş və sonda sınaq imtahanlarında iştirak etmək üçün tələb olunan məbləği xx.xx.2023-cü il tarixdə o ödəmişdir. Beləliklə, qızları X2 vaxtı-vaxtında sınaqlarda iştirak etmədiyi üçün buraxılış imtahanında zəyif nəticə əldə etmişdir. Həmçinin digər övladları X3 Ju-Jitsu idman növü üzrə 60 kg çəkidə Bakı şəhəri üzrə çempionatda bir dəfə birinci yer tutaraq qızıl medal daha sonra 66 kg çəkidə isə gümüş medal qazanmışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixində keçirilmiş Ju-Jitsu üzrə klublar arası Bakı turnirində iştirak etmək üçün 30 AZN ödənilməli idi. Anaları alimentin vaxtı-vaxtında ödənilməsinə baxmayaraq, 30 AZN məbləğin olmaması bəhanəsi ilə bundan boyun qaçırmışdır və həmin məbləği alimentdən əlavə o ödəmişdir. Beləliklə, oğlu X3 həmin turnirdə iştirak etmiş, 15 saniyədə rəqibinə qalib gələrək gümüş medala layiq görülmüşdür. Belə cüzi məbləğlərin qarşılanmaması və ödənilən alimentin iddiaçı tərəfindən öz xərclərinin qarşılanması üçün sərf edilməsi haqlı narazılıq yaratmışdır. Odur ki, hazırki iş üzrə iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-3262/2022 saylı qətnaməsinə əsasən, iddiaçı qismində Tağıyeva (Hacıyeva) Aynur Nazim qızının cavabdeh qismində Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın himayəsində qalması, aliment və əmlak bölgüsü” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, Tağıyeva (Hacıyeva) Aynur Nazim qızı ilə Cavabdeh arasında xx.xx.2007-ci il tarixdə Səadət Sarayında nikahın bağlanması haqqında akt qeydləri kitabında 961 sayla qeydə alınmış nikahın pozulması, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X1 Tağıyeva (Hacıyeva) Aynur Nazim qızının yanında qalması, xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 150 manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq Tağıyeva (Hacıyeva) Aynur Nazim qızına ödənilməsi qət olunmuşdur. Eyni zamanda iş materiallarına əlavə olunmuş AZ-İ seriyalı, 444238 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Tağıyeva (Hacıyeva) Aynur Nazim qızı arasında bağlanmış nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 36 nömrə ilə qeyd aparılmışdır. Nikah pozulduqdan sonra qadına Hacıyeva soyadı verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 193 manat, 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Həmçinin məhkəmə hər uşaq üçün 150 manat sabit pul məbləğində təyin olunmuş alimentin məbləğini aşağı hesab edərək, bu məbləğin uşaqların saxlanılması, onların artan qayğılarının və gələcək inkişafının dolğun şəkildə təmin olunması üçün kifayət etməyəcəyini diqqətə alıb, iddianın qismən təmin olunması, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-3262/2022 saylı qətnaməsi ilə hər uşaq üçün təyin olunmuş 150 manat sabit pul məbləğində alimentin artırılaraq 200 manat sabit pul məbləğində müəyyən olunmasını uyğun hesab edir. Məhkəmə qeyd edir ki, iddiaçı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini xahiş etsə də, iddiaçı tərəfindən cavabdehin kifayət qədər gəlirə malik olması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Eyni zamanda məhkəmə iddia tələbini bu hissədə qismən təmin edərkən onu da nəzərə alır ki, uşağını saxlamaq atanın vəzifəsi olduğu kimi, ananın da valideynlik öhdəliyinə aiddir. Məhkəmə həmçinin qeyd edir ki, alimentin artırılma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 saylı 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-3262/2022 saylı qətnaməsi ilə tutulmuş alimentin miqdarı artırılaraq, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 200 (iki yüz), cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-3262/2022 saylı qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh iddiaçı Hacıyeva (Tağıyeva) Aynur Nazim qızının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 200 (iki yüz) manat, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-2085/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2085/2023
30.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver