Məhkəmə qərarları › İş №e-2(004)-21/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-21/2020

28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-21/2020 28.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin və ona hesablanmış faizlərin qaytarılması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı-nin Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh1 kreditor İddiaçı-nin xeyrinə 1786.30 manat əsas, 1273.38 manat faiz, cəmi 3059.68 manat borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9328/2017 nömrəli, xx.xx.2017ci il tarixli məhkəmə əmri ilə ərizə təmin edilərək məhkəmə əmri çıxarılmışdır. Borclu Cavabdeh1 əmrdən etiraz verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9328/2017 nömrəli, xx.xx.2017-ci il tarixli məhkəmə əmrinin ləğv edilməsini və iddia icraatına keçirilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8020/2019 nömrəli, xx.xx.2019cu il tarixli qərardadı ilə etiraz təmin olunmuş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9328/2017 nömrəli, xx.xx.2017-ci il tarixli əmri ləğv edilərək iş üzrə iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi ərizə təqdim edərək, Cavabdeh2 iş üzrə əlavə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Məhkəmə qərarı ilə (yerində müşavirə edərək xx.xx.2020-ci il tarixli protokola qeyd edilməklə) Cavabdeh2 cavabdeh qismində işə cəlb edilməsi qərara alınmışdır. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1202.71 manat məbləğində əsas, 857.10 manat faiz borcunun, cəmi 2059.81 manat məbəğin və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı-nin nümayəndəsi X5 iddia tələbini müdafiə edərək bildirdi ki, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli, Z- CC0588115U/12A saylı İstehlak Krediti müqaviləsinə əsasən bank cavabdehə 30 ay müddətinə, illik 26 faizlə 5000 manat məbləğində kredit vermişdir. Eyni müqavilə ilə kreditin təminatı kimi Cavabdeh2 ilə zaminlik müqaviləsi imzalanmışdır. Hazırda cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Yuxarıda göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1202.71 manat məbləğində əsas, 857.10 manat faiz borcunun, cəmi 2059.81 manat məbəğin və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş, lakin cavabdeh qedy edilən ünvanda yaşamadığı üçün bildiriş məhkəməyə geri qaytarılmışdır. Cavabdehin faktiki yaşadığı yer məlum olmadığına görə məhkəmə tərəfindən bildiriş cavabdehin qeydiyyatda olduğu yer üzrə Yasamal Mənzil Kommunal Təsərrüfat Birliyinə göndərilmişdir. Azərbaycan Respublikasının MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2012-ci il tarixli, Z-CC0588115U/12A saylı İstehlak Krediti müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 30 ay müddətinə, illik 26 faizlə 5000 manat məbləğində kredit verilmişdir. Eyni müqavilə ilə kreditin təminatı kimi Cavabdeh2 ilə zaminlik müqaviləsi imzalanmışdır. İş materiallarında olan xx.xx.2012-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 İddiaçı-nin Yasamal filialından 5000 manat məbləğində pul almışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 İddiaçı-yə xx.xx.2020-ci il tarixinə 1202.71 manat əsas, 857.10 manat faiz, cəmi 2059.81 manat borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2650 saylı, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, hesabdan çıxarış məlumatları və xx.xx.2012-ci il tarixli, Z-CC0588115U/12A saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 İddiaçı-yə xx.xx.2015-ci il tarixinə (müqavilənin qüvvədə olma tarixinə) əsas borc üzrə 1266.88 manat, faiz borcu üzrə 152.49 manat borcu vardır. Cavabdeh1 tərəfindən xx.xx.2019-cu il tarixində 583.59 manat məbləğində ödəniş aparılmışdır. Lakin borc məbləğinin hesablanma tarixi xx.xx.2017-ci il tarixə göstərildiyindən 583.59 manat məbləğində ödəniş nəzərə alınmamışdır. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, Z-CC0588115U/12A saylı İstehlak Krediti müqaviləsinə əsasən bank cavabdehə 30 ay müddətinə, illik 26 faizlə 5000 manat məbləğində kredit vermişdir. Eyni müqavilə ilə kreditin təminatı kimi Cavabdeh2 ilə zaminlik müqaviləsi imzalanmışdır. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə bank qarşısında məsuliyyət daşıyıraraq borcu yaranmışdır. Məhkəmə iddia tələbinin cavabdehdən iddiaçının xeyrinə əsas borc üzrə 1202.71 manat məbləğində pulun tutulması hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında kredit müqaviləsinin qüvvədə olma tarixinə, yəni xx.xx.2015-ci il tarixinə cavabdehin əsas borc üzrə 1266.88 manat məbləğində borunun olduğu müəyyən edilsə də, cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə ödənilmiş 583.59 manat məbləğində pul vəsaiti nəzərə alınmamışdır. Məhkəmə hesab edir ki, həmin məbləğ müqavilənin qüvvədə olma tarixində göstərilmiş əsas məbləğdən çıxılmalı (1266.88-583.59=683.29) və cavabdehdən iddiaçının xeyrinə əsas borc üzrə 683.29 manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə həmçinin iddia tələbinin cavabdehdən 857.10 manat məbləğində faiz borcunun tutulması hissəsinə münasibətdə hesab edir ki, bu hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2650 saylı, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixinə (müqavilənin qüvvədə olma tarixinə) İddiaçı-yə faiz borcu üzrə borcu 152.49 manat təşkil edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şəhr edilməsinə dair» xx xxxxxx 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan Qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış borcu müştərək qaydada zamin Cavabdeh2dan tutulmasına dair hissəsi ilə razılaşmır. Məhkəmə hesab edir ki, zaminlik müqaviləsinin şərtləri Mülki Məcəllənin 477.0.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla tətbiq edilməlidir. Qeyd olunan maddəyə görə zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir. Həmin maddəyə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu baxımdan məhkəmə qeyd edir ki, Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilə üzrə zaminlik 30 ay müddətinə (müqavilənin 2.1.1-ci bəndi) verilmişdir və buna görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Bundan başqa İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, Z- CC0588115U/12A saylı İstehlak Krediti müqaviləsinə əsasən borcalan aldığı krediti 30 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanılmış müqavilənin şərtlərindən göründüyü kimi onlar kredit borcunun və ona hesablanmış faizlərin ən geci xx.xx.2015-ci il tarixdə qaytarılmasını razılaşdırmışlar. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı bank zaminə qarşı xx.xx.2015-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, zaminlik müqaviləsi üzrə öhdəliyin və eləcə də, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Həmçinin məhkəmə qeyd edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən iddiaçı bank tərəfindən zaminlərə qarşı hər hansı iddia irəli sürülmədiyindən Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbləri baxımından zaminin hazırki tələb üzrə məsuliyyəti istisna edilir və iddia tələbi zaminə aid hissədə rədd edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X1 683 (altı yüz səksən üç) manat 29 (iyirmi doqquz) qəpik əsas borc, 152 (bir yüz əlli iki) manat 49 (qırx doqquz) qəpik faiz borcu, cəmi 835 (səkkiz yüz otuz beş) manat 78 (yetmiş səkkiz) qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 59.43 %-i, yəni 17 (on yeddi) manat 83 (səksən üç) qəpiyi iddiaçıya aid edilməli, qalan 40.57 %-i, yəni 12 (on iki) manat 17 (on yeddi) qəpik məbləğində pul vəsaiti cavabdeh X1 tutularaq İddiaçı-yə ödənilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 145 (bir yüz qırx beş) manat ekspertiza xərcinin 59.43 %-i, yəni 86 (səksən altı) manat 17 (on yeddi) qəpiyi iddiaçıdan, qalan 40.57 %-i, yəni 58 (əlli səkkiz) manat 83 (səksən üç) qəpik məbləğində pul vəsaiti cavabdeh X1 tutularaq Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 683 (altı yüz səksən üç) manat 29 (iyirmi doqquz) qəpik əsas borc, 152 (bir yüz əlli iki) manat 49 (qırx doqquz) qəpik faiz borcu, cəmi 835 (səkkiz yüz otuz beş) manat 78 (yetmiş səkkiz) qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı-yə ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 59.43 %-i, yəni 17 (on yeddi) manat 83 (səksən üç) qəpiyi iddiaçıya aid edilsin, qalan 40.57 %-i, yəni 12 (on iki) manat 17 (on yeddi) qəpik məbləğində pul vəsaiti cavabdeh X1 tutularaq İddiaçı-yə ödənilsin. İş üzrə məhkəmə məsrəfi olan 145 (bir yüz qırx beş) manat ekspertiza xərcinin 59.43 %-i, yəni 86 (səksən altı) manat 17 (on yeddi) qəpiyi iddiaçıdan, qalan 40.57 %-i, yəni 58 (əlli səkkiz) manat 83 (səksən üç) qəpik məbləğində pul vəsaiti cavabdeh X1 tutularaq Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar