Məhkəmə qərarları › İş №e-2(004)-2113/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2113/2024

26.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2113/2024 26.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “15.000 manat pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “15.000 manat pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus 237 kv.m sahə 2015-ci ildə cavabdehin atası X1 tərəfindən qəsdən sökülmüş, sökülən materiallar satılaraq pulu Cavabdeh məxsus mənzilin kapital təmirinə sərf olunub. Cavabdeh atasının bu addımını dəstəkləmiş, həyat yoldaşı da həmçinin, bu işlərdə aktiv iştirak etmişdir. Bu materialların dəyəri haqqında alternativ ekspertiza mərkəzinin rəyinə əsasən təxminən 25.000 manat zərər edir. Bu səbəbdən iddiaçı Sumqayıt şəhər Məhkəməsinə və Bakı Kommersiya Məhkəməsinə cavabdehin atasını cavabdeh qismində cəlb etməklə zərərin ödənilməsi tələbi ilə iddia qaldırmışdır. İddia tələbləri təmin olunmamışdır. Əsas götürülüb ki, cavabdehin atası bu söküntüdən götürdüyü pulları özünə sərf etməyib. Bu səbəbdən iddiaçı cavabdehin əsl cavabdehlə əvəzləyərək Cavabdeh əsl cavabdeh kimi işə cəlb etmək məcburiyyətində qalmışdır. Göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. İş materiallarına tərəflər arasında əvvəllər baş vermiş və hazırda davam edən mübahisələr üzrə məhkəmə qərarları əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Mübahisənin qanuni əsası qisminə aşağıdakı hüquq normaları çıxış edir. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasəm, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1092.3-cü maddəsinə əsasən, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanmanın 3 dispozitiv şərti var: 1. Bir tərəf varlanmalıdır. 2. Digər tərəf məhrum olmalıdır. 3. Tərəflər arasında qanuni əsas və ya müqavilə əsası olmamalı, olduğu təqdirdə aradan qalxmış olmalıdır. Belə ki, qeyd olunan hər 3 dispozitiv əsas birlikdə mövcud olduqda əsassız varlanma halı baş verir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla məhkəmənin öz təşəbüssü ilə tərəflərdən (iddiaçı, cavabdeh, 3-cü şəxs, maraqlı şəxs və s.) hər hansı birinin xeyrinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, mülki prosesdə məhkəmə arbitr rolunda çıxış etməklə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qanuni və əsaslandırılmış qərar qəbul etməlidir Belə ki, iddiaçı tələbə dair əsaslı sübut, sənəd, material təqdim etməmiş, bu barədə üzərinə düşən sübutetmə yükünü layiqincə həyata keçirtməmiş, cavabdeh isə iddiaya dair təkzibetmə funksiyasını icra etmişdir. Beləliklə, mülki iş materiallarına əsasən müəyyən olunur ki, iddia tələbi üzrə yuxarıda qeyd olunan heç bir dispozitiv şərt yerinə yetirilmir. İddiaçı tərəfindən tərtib edilmiş iddia ərizəsinin təsviri-əsaslandırıcı hissəsində belə müəyyən edilir ki, iddia olunan zərər Cavabdeh tərəfindən deyil, sonuncunun atası tərəfindən vurulmuşdur. Lakin, ümumiyyətlə iddiaçıya zərərin vurulmasına dair əsaslı xüsusatlar qeyd edilməmişdir. Odur ki, nəinki zərərin həddinin müəyyən edilməsi, hətta zərər vurulması ehtimalı, zərərin faktiki əsasları, yaranma meyarları müəyyən edilməmişdir. Cavabdeh əsassız varlanması barədə məhkəməyə əsaslı sənəd, sübut, material (lar) təqdim edilməmişdir. Tərəflər arasında əvvəllər mövcud olmuş və ya hazırki mövcud olan mübahisələrə isə müvafiq məhkəmə qərarları ilə yekun hüquqi qiymət verilmişdir. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “15.000 manat pulun ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar