Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2128/2025 04.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı pulun tutulması tələbinə dair iş üzrə (açar sözlər: kredit müqaviləsi üzrə pul, borcun vərəsələrdən tutulması) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı pulun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli bank xidmətlərinin göstərilməsi haqqında ofertadan görünür ki, bank ərizə-razılaşma əsasında müştəriyə bank xidmətlərinin göstərilməsini təklif edir.
2. X3 xx.xx.2023-cü il tarixli, 376139-CNS-48052 nömrəli ərizə-razılaşmanı imzalayaraq illik 17% hesablanması şərti ilə 18 ay müddətinə 2490 manat məbləğində kredit verilməsi barədə razılaşmışdır.
3. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, 2490 manat məbləğ X1 hesabına köçürülmüşdür.
4. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixli müqavilə üzrə xx.xx.2024-cü il tarixə olan borc 1728,70 manat əsas borc, 1,64 manat faiz borcu olmaqla cəmi 1730,34 manat məbləğdədir.
5. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 442307 nömrəli şəhadətnaməyə əsasən X4 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir.
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat ofisinin 22 dekabr 2024-cü il tarixli 2117 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmuş, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X2 adına vərəsəlik işi açılmış və arvadı - Cavabdeh2, oğlu - Cavabdeh3, oğlu – Cavabdeh1 və anası - Cavabdeh4 miras əmlakdan hər birinə ¼ hissədə pay almaqla vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
7. İddiaçı tərəfindən cavabdehlərə göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıqla iddiaçı cavabdehlərə xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə 1728,70 manat əsas, 107,08 manat faiz və 183,45 manat cərimə borcu olmaqla, ümumilikdə 2019,23 manat borcun ödənilməsi barədə xəbərdarlıq etmişdir.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
8. İddiaçı cavabdehə qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1728,70 manat məbləğində əsas borc, 1,64 manat məbləğində faiz borcu olmaqla ümumilikdə isə 1730,34 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 37,30 manat dövlət rüsumunun müştərək qaydada kredit alanın vərəsələri Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddianın əsaslarına görə, X3 xx.xx.2022-ci il tarixli “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olub həmin şərtləri qəbul edərək, xx.xx.2023-cü il tarixli, 376139-CNS-48052 nömrəli “Nağd pul kreditinin əsas şərtlərinə dair” müştəri ərizəsi ilə iddiaçıya müraciət etmiş və ona istehlak məqsədilə illik 17 faiz hesablanması şərti ilə 18 ay müddətinə 2490 manat məbləğdə kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, bank isə aksept etmiş, yəni təklifi qəbul etmişdir. Bununla da, tərəflər arasında bağlanmış müqaviləyə əsasən X.A.Hüseynova ərizəsində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verilmiş və kredit vəsaiti Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin 7.25.3-cü bəndinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür.
b) iddiaya etiraz
10. MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi bildiriş göndərilmiş, iddia tələbinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; Maddə 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.
12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarı: Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. ... Göstərilənlər əsasında belə nəticəyə gəlmək olar ki, vərəsəlik şəhadətnaməsi olmadığı halda, miras qoyanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə vərəsələrin mirası qəbul etmələri faktının təsdiq edilməsi barədə kreditorun ərizəsi hüquq sahibi tərəfindən verilmədiyindən və müvafiq məsələ hüquq haqqında mübahisə doğurduğundan işə mövcud qanunvericilik normalarına uyğun olaraq xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında baxılmalı və həll edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 13.7. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun; Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;
Məhkəmə baxışının hədləri
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
15. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməli, kredit müqaviləsi üzrə borc vərəsə olaraq cavabdehdən tutulmalıdır.
16. İddiaçı ilə mərhum Xalis Hüseynov arasında kredit müqaviləsinin bağlanması, sonuncuya müqaviləyə uyğun kredit məbləğinin verilməsi işdəki sübutlarla təsdiq olunur.
17. Kredit müqaviləsi ikitərəfli müqavilələrdən olub, bağlanması ilə hər iki tərəf, yəni həm kredit alan, həm də kredit verən üçün müəyyən vəzifələr yaratmış olur. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür.
18. Vərəsəlik hüququ isə obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur.
19. Vərəsəlik hüququ mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Mülki hüququn bu institutu vasitəsi ilə miras qoyanın, onun kreditorlarının, eləcə də vərəsələrinin mənafeyi qorunur, miras qoyanın əmlakın aqibəti ilə bağlı niyyətinin həyata keçirilməsinə şərait yaradılır, bununla da etibarlı və sağlam ailə münasibətlərinin qorunub inkişaf etdirilməsi təmin olunur. Qeyd olunan hallar həm şəxsiyyətin qorunması, həm də ictimai mənafelərin təmin olunması məqsədinə xidmət etməklə, vərəsəlik hüquq qaydalarının məcburiliyini, yəni qanunverici tərəfindən müəyyən tənzimetmənin imperativliyini şərtləndirir.
20. Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur.
21. Mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər.
22. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir.
23. Bu konteksdə məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mərhum Xalis Hüseynovun ölümündən sonra vərəsəlik işi açılmış, vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
24. Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307-ci maddəsində təsbit edilmişdir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.
25. İş üzrə cavabdehlər tərəfindən miras aktivinin həcmi, borcun mirasdan çox olması barədə hər hansı dəlil irəli sürülməmişdir.
26. Odur ki, məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli müqavilə üzrə qalıq 1728,70 manat əsas borc, 1,64 manat məbləğdə faiz borcu cavabdehlərdən tutulmalıdır.
27. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 37,30 manat dövlət rüsumu da cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.
29. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən ödənilməmiş qalan borc məbləği, faiz və ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçının xeyrinə tutulmalıdır.
30. Göstərilənləri və MPM-in 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. 1728,70 manat məbləğində əsas, 1,64 manat məbləğində faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 37,30 manat olmaqla, ümumilikdə isə 1767,64 manat pul Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə