Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2146/2025 14.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: icarə müqaviləsi) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Qurbanova İlahə Nazim qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ƏsgərovaŞəlalə Mədət qızından 1282.32 manat pul vəsaitinin və ödənilmiş 33 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (Əvvəlki adı Azerconnect) ilə Cavabdeh arasında illik icarə haqqı vergilər xaric olmaqla 2000 (iki min) manat olan xx.xx.2019-cu il tarixli icarə müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 6 kv.m qeyri-yaşayış sahəsi mobil bazastansiyasının quraşdırılması üçün iddiaçının istifadəsinə verilmişdir. İcarə müqaviləsinin 3.2-ci bəndinə görə icarəçi öz mülahizəsinə əsasən icarə haqqını bir illik qabaqcadan ödəyə bilər. İddiaçı hər il üçün illik icarə haqlarını qabaqcadan ödəmişdir. Sonuncu dəfə xx.xx.2021-ci il tarixli, 3027 saylı ödəniş tapşırığına əsasən 2000 (iki min) manat icarə haqqı ödəmişdir. Tərəflərin qarşılıqlı razılığı ilə 22 aprel 2021-ci il tarixdə mobil baza stansiyası icarə obyektindən götürülmüş və icarə obyekti cavabdehə təhvil verilmişdir. Buna görə də hesab edirik ki, icarə haqqının icarə obyektinin cavabdehə təhvil verildiyi gündən son ödənişin olunduğu 10 dekabr 2021-ci il tarixə qədər olan 234 gün üçün olan hissəsi, yəni 1282.32 (2000/365=5.48 x 234=1282.32) cəmiyyətə geri qaytarılmalıdır.
İİ. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
İİİ Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh Bakı şəhəri, S.Rəhimov 87 ünvanda ünvanda yerləşən sahədə mobil telefon rabitəsinə aid texnoloji avadanlığın yerləşdirilməsi üçün ümumi sahəsi 6 kv.m. olan icarə obyektini İddiaçı MMC-nin istifadəsinə verir, İddiaçı MMC isə bunun müqabilində Cavabdeh bu müqavilə ilə müəyyən edilmiş icarə haqqını ödəyir.
7. Müqavilənin 3.1-ci bəndinə əsasən hazırki müqaviləyə əsasən illik icarə haqqı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun müvafiq olaraq tətbiq edilən vergilər xaric olmaqla, 2000 manat təşkil edir. Müqavilə qüvvədə olduğu müddət ərzində icarə haqqı artırıla bilməz. Ödəniş xx.xx.2019-cu il tarixdən hesablanır.
8. Müqavilənin 3.2-ci bəndinə əsasən icarəçi öz mülahizəsinə əsasən icarə haqqını icarəyə verənə illik olaraq birdəfəlik ödəyə bilər. Lakin bu müqaviləyə vaxtından əvvəl hər hansı istənilən səbəbə görə xitam verilərsə, icarəyə verən istifadə olunmamış müddətə görə icarə haqqı məbləğini icarəçiyə 5 iş günü ərzində geri qaytarmalıdır.
9. Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə hər iki tərəflə imzalandıqdan sonra xx.xx.2019-cu il tarixdə qüvvəyə minir və xx.xx.2025-ci il tarixinədək etibarlıdır.
10. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına əsasən müəyyən olunur ki, "xxxx" MMC tərəfindən Cavabdeh 2000 manat məbləğində ödəniş edilmişdir.
11. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən müəyyən olunur ki, icarəyə götürən "xxxx" MMC şirkətinə məxsus qurğu və avadanlıqlar obyektdən sökülərək çıxarıldı, həmin sahə yararlı vəziyyətdə icarəyə verənə təhvil verildi. İcarəyə verən sahədə qalan beton örtüklərin və digər qurğuların saxlanılmasına etiraz etmədiyini, gələcəkdə öz məqsədləri üçün istifadə edəcəyini, hazırda və gələcəkdə hər hansı bir iddiasının olmayacağını bildirdi. Təhvil verilən sahə üzrə qüsur və çatışmazlıqlar aşkar edilmədi.
12. 06.11.2024-cü il tarixli bildirişə əsasən Cavabdeh 1386,44 manat icarə haqqının "xxxx" MMC-yə geri qaytarılması ilə bağlı xəbərdar edilmişdir.
13. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin olunmalıdır.
14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
16. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
17. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
18. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir.
19. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
21. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
22. Həmin Məcəllənin 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir.
23. Həmin Məcəllənin 697.3-cü maddəsinə əsasən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəyə verən hər hansı müddət üçün qabaqcadan verilmiş kirayə haqqını qaytarmalıdır.
24. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
25. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixdə icarə müqaviləsi bağlanmış, xx.xx.2019-cu il tarixdə qüvvəyə minmişdir və xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına əsasən illik 2000 manat icarə haqqı qabaqcadan ödənilmişdir. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən icarəyə götürən "xxxx" MMC şirkətinə məxsus qurğu və avadanlıqlar obyektdən sökülərək çıxarılmış, həmin sahə yararlı vəziyyətdə icarəyə verənə təhvil verilmişdir.
26. Məhkəmə qeyd edir ki, xx.xx.2020-xx.xx.2021-ci illəri əhatə edən icarə haqqı qabaqcadan ödənilməsinə baxmayaraq, icarə obyekti "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə təhvil verilmişdir. Belə olduğu halda, qabaqcadan illik icarə haqqı ödənilməsinə baxmayaraq, həmin il üzrə icarə müddəti 143 günü (xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək olan dövr) əhatə etmişdir və 222 gün (365-143) üçün icarə haqqı iddiaçı tərəfindən artıq ödənilmişdir.
27. Həmçinin illik icarə haqqının 2000 manat olmasını nəzərə alaraq müəyyən edilir ki, 1 günlük icarə haqqı 5,48 manat (2000 : 365) təşkil edir. Nəticədə müəyyən edilir ki, artıq ödənilmiş icarə haqqı 1216,56 manat (222 x 5,48) təşkil edir.
28. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1216,56 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 33 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir
V Nəticə:
31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh 1216,56 (bir min iki yüz on altı manat əlli altı qəpik) manat məbləğində pul və 33 (otuz üç) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Hakim: Ülkər Xəlil