Məhkəmə qərarları › İş №e-2(004)-2151/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2151/2025

08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2151/2025 08.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə caavbdeh Cavabdeh1Ağarza oğlu arasında bağlanmış 01 fevral 2024-cüil tarixli GARA-31176-4645 saylı Kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 36% faiz olmaqla 24 (iyirmi dörd) ay müddətinə 2 000.00 (iki min) manat məbləğində kredit verilmişdir. Həmin Kredit müqaviləsindən irəli gələn öhdəliklərin lazımı qaydada icrasını təmin etmək məqsədi ilə "xxxx" MMC, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında 01 fevral 2024-cü il tarixdə GARA-31176-4645 və GARA-31176-4645+GARA-31179 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında imzalanmış ödəniş qrafiki ilə kreditin qaytarılması günləri və annuitet məbləği müəyyən etmişdir. Borclu ödəniş qrafikinə əsasən hər ay 120.00 (bir yüz iyirmi) manat ödəniş etməli idi. Lakin, borclu kreditor qarşısında ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş müddətlərini və məbləğlərini pozmuşdur. Həmçinin tərəflər arasında bağlanmış Kredit Müqaviləsinin 3.1.4.1 və 3.1.4.2-ci maddələrinə əsasən müqavilə üzrə öhdəliklərin pozulması hallarında “Kredit verən” birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə geri ödənilməsini tələb edə bilər. Beləliklə, 20 fevral 2025-ci il tarixi üçün Cavabdeh1 Kredit müqaviləsi üzrə 1 464.59 manat əsas borc, 182.84 manat faiz borcu və 20.00 manat dəbbə borcu olmaqla, cəmi 1 667.43 manat borcu mövcuddur. İddiaçı "xxxx" MMC xx.xx.2025-ci il tarixdə iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər tərəfindən ümumilikdə 698 manat hissədə borcun ödənilməsi əsası ilə 1138,5 manat əsas borc, 31.44 manat faiz borcu və 7.65 manat cərimə borcu olmaqla ümumilikdə 1177.59 manat məbləğində borcun və ödənilmiş 37.40 manat dövlət rüsmunun tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarında olan iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 01 fevral 2024-cü il tarixli GARA-31176-4645 saylı Kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 36% faiz olmaqla 24 (iyirmi dörd) ay müddətinə 2 000.00 (iki min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 01 fevral 2024-cü il tarixdə GARA-31176-4645 və GARA- 31176-4645+GARA-31179 saylı nömrəli zaminlik müqavilələrinə əsasən müəyyən olunur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında əsas öhdəliyin təmini üsulu kimi zaminlik münasibətləri rəsmiləşdirilmiş, əsas müqavilə üzrə öhdəliyin təminatı tədbiri qismində zamin qismində Cavabdeh2 və Cavabdeh3 məsuliyyəti üzərinə götürmüşdür. Müqavilə üzrə zaminlər əsas borclu ilə bərabər məsuliyyət daşıyır. İş materiallarında olan maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh1 01 fevral 2024-cü il tarixli GARA-31176-4645 nömrəli kredit müqaviləsinə əsasən 1138,5 manat əsas borc, 31.44 manat faiz borcu və 7.65 manat cərimə borcu olmaqla ümumilikdə 1177.59 manat borcu vardır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanladığı bildirişdən görünür ki, sonunculara borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 421 (müqavilənin ləğvinə aid hissədə), 432.4 (borcun silinmə ardıcıllığına münasibətdə), 462 (cərimə öhdəliyinə münasibətdə), 739 (əsas borca münasibətdə) və 741-ci (faiz borcuna münasibətdə) maddələri çıxış edir. MM-in 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur MM-in 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. MM-in 432.4-cü maddəsinə əsasən, əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-in 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-in 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göstərilən hüquqi mövqe əsas götürülməklə məhkəmə hesab edir ki, müqavilə tərəfinə pretenziya ünvanlandığı vaxtdan etibarən müqavilə ləğv edilmiş hesab edilir. Bununla da, müqavilə ləğv edilmiş gündən sonrakı dövrə aid mövcud olmayan müqaviləyə görə öhdəliklərin tələb edilməsi istisna edilir. Nəticə etibarilə, öhdəlik müqavilə ləğv olunduğu günə qədər olan hissədə təmin edilə bilər. Yəni, öhdəlik müvafiq pretenziya məktubunda göstərilən həddə təmin edilməlidir. Beləliklə, iş materiallarından görünür ki, kredit müqaviləsi üzrə “Borcalan” Cavabdeh1 və zaminlər Cavabdeh2 və Cavabdeh3 “Borcverən” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qarşısında öhdəliklərini yerinə yetirməməklə müqavilə şərtlərini pozmuşdur. Nəticə etibarilə, tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 421 (müqavilənin ləğvinə aid hissədə), 432.4 (borcun silinmə ardıcıllığına münasibətdə), 462 (cərimə öhdəliyinə münasibətdə), 739 (əsas borca münasibətdə) və 741-ci (faiz borcuna münasibətdə) maddələrinin dispozisiya şərtləri sözügedən iddia tələbinin hüquqi və faktiki əsasları eynilik təşkil edir. Belə ki, “Borcverən” pul məbləğini “Borcalan”a ödəmiş, “Borcalan” və zaminlər isə həmin pul məbləğini faizlər ilə geri qaytarılması öhdəliyini icra etməməklə müqavilə öhdəliklərini pozmuşlar. Məhkəmə ümumi borcun faiz hissəsi ilə bağlı münasibətlərin hüquqi əsası kimi MM-in 385-ci maddəsinin çıxış etməsi mövqeyi ilə razı deyil. Belə ki, məhkəmə qeyd edir ki, Tərəflər arasında yaranmış müqavilə münasibətləri kredit (borc) münasibətləridir və həmin münasibətlər MM-in xüsusi hissəsinin müvafiq normaları ilə (Borc müqaviləsi) tənzimlənir. Məhz sözügedən bölmədə nəzərdə tutulmuş 741-ci maddə xüsusi norma kimi sırf borc üzrə faizlər ilə bağlı münasibətləri tənzimləmək üçün nəzərdə tutulduğundan xüsusi norma olduğu halda MM-in ümumi normalarına (385ci maddə) istinad edilməsinə hüquqi əsas yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə caavbdeh Cavabdeh1Ağarza oğlu arasında bağlanmış 01 fevral 2024-cüil tarixli GARA-31176-4645 saylı Kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 36% faiz olmaqla 24 (iyirmi dörd) ay müddətinə 2 000.00 (iki min) manat məbləğində kredit verilmişdir. Həmin Kredit müqaviləsindən irəli gələn öhdəliklərin lazımı qaydada icrasını təmin etmək məqsədi ilə "xxxx" MMC, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında 01 fevral 2024-cü il tarixdə GARA-31176-4645 və GARA-31176-4645+GARA-31179 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında imzalanmış ödəniş qrafiki ilə kreditin qaytarılması günləri və annuitet məbləği müəyyən etmişdir. Borclu ödəniş qrafikinə əsasən hər ay 120.00 (bir yüz iyirmi) manat ödəniş etməli idi. Lakin, borclu kreditor qarşısında ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş müddətlərini və məbləğlərini pozmuşdur. Həmçinin tərəflər arasında bağlanmış Kredit Müqaviləsinin 3.1.4.1 və 3.1.4.2-ci maddələrinə əsasən müqavilə üzrə öhdəliklərin pozulması hallarında “Kredit verən” birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə geri ödənilməsini tələb edə bilər. Nəticədə, cavabdehlərin kredit müqaviləsi üzrə 1464.59 manat əsas, 130.11 manat faiz, 95,67 manat dəbbə borcu olmaqla ümumilikdə 1690,37 manat borcu yaranmış (pretenziya məktubunda qeyd edilənlərə əsasən), iddiaçının yazılı ərizəsində göstərilənlərə əsasən, sözügedən məbləğin 698 manat hissəsi məhkəmə icraatı zamanı cavabdehlər tərəfindən ödənilmişdir. Ödəniş kimi 698 manat hissədən ilk öncə faiz və dəbbə pulu çıxılmalıdır (130.11 faiz borcu + 95.67 dəbbə borcu=225.78 manat, 698-225.78=472.22 manat). Əsas borc kimi 1464.59 manat puldan qalıq 472.22 manat hissə çıxılmalıdır. Alınan yekun məbləğ 992.37 manat təşkil edir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlar əsasında mülki işə baxaraq qətnamə qəbul etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 37.2 manat məhkəmə xərcinin 30 manat hissəsi də cavabdehlərə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 992.37 (doqquz yüz doxsan iki manat otuz yeddi) manat əsas borc və ödənilmiş 37.2 manat məhkəmə xərcinin 30 manat hissəsi tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 992.37 (doqquz yüz doxsan iki manat otuz yeddi) manat əsas borc və ödənilmiş 37.2 manat məhkəmə xərcinin 30 manat hissəsi tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar