Məhkəmə qərarları › İş №e-2(004)-216/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-216/2022

27.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-216/2022 27.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X1 oğlunun katibliyi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı istifadə hüququnun tanınması və maneələrin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Bakı şəhəri, Yasamal Rayonu, Xarici Dairəvi yolu 8, bina 29, mənzil 8-də yerləşən bir otaqlı evə istifadə hüququnun tanınması və yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə 12 yanvar 2019-cu il tarixində "xxxx" MMC-nin baş direktoru Mail İbadov arasında bağlanmış müqavilə əsasında şirkət mübahisəli mənzilin tikintisini öhdəsinə götürmüşdür. Mənzil tikilmiş və onun dəyəri iddiaçı tərəfindən cavabdehə tam şəkildə ödənilmişdir. Hazırda iddiaçı mənzilinə daxil ola, istifadə edə və təmir işləri apara bilmir. Cavabdeh müqavilədən irəli gələn şərtləri pozaraq öhdəliklərini icra etmir və bu iddiaçının hüquqlarının pozulması ilə nəticələnir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, iddia tələbini müdafiə etdiyini bildirərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlardan müəyyən olunur ki: Mübahisəli mənzil üzərində Cavabdeh MMC-nin xüsusi mülkiyyəti hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində 19 dekabr 2017-ci il tarixdə qabaqcadan qeydiyyata alınmış, bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən eyni tarixdə arayış verilmişdir. Tərəflər arasında bağlanmış 12.01.2019-cu il tarixli çoxmənzili yaşayış binasının tikintisi haqqında fərdi müqavilədən müəyyən olunur ki, cavabdeh podratçı olaraq iddiaçının sifarişi əsasında mənzilin tikintisini, cavabdeh isə mənzilin dəyərinin ödənilməsini öhdələrinə götürmüşlər. Cavabdeh tərəfindən verilmiş maliyyə arayışından müəyyən olunur ki, mənzilin ümumi dəyəri iddiaçı tərəfindən tam ödənilmişdir. Cavabdeh MMC-nin baş direktoru tərəfindən tərtib edilmiş 12 yanvar 2019-cu il tarixli 05-2 saylı aktdan görünür ki, cavabdeh yuxarı istinad olunan podrat müqaviləsinə əsasən hüquqların qabaqcadan qeydiyyatı barədə Daşınmaz Əmlakın Dövlət Reyestrindən ona verilmiş 19.12.2017-ci il tarixli arayışı iddiaçıya təhvil vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur (157.8). Mülki Məcəlləinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (448.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir (646.2). Mülki Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdehin mübahisəli mənzili iddiaçıya təhvil verməli olması, şərtlərə uyğun mənzilin dəyərinin iddiaçı tərəfindən ödənilməsi müəyyən olunmuş, lakin cavabdeh tərəfindən götürülmüş öhdəlik icra edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilmədiyindən 10 manat dövlət rüsumu iddiaçıya edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Yasamal Rayonu, Xarici Dairəvi yolu 8, bina 29, mənzil 8-də yerləşən bir otaqlı evə istifadə hüququ tanınsın. Cavabdeh MMC-nin üzərinə Bakı şəhəri, Yasamal Rayonu, Xarici Dairəvi yolu 8, bina 29, mənzil 8-də yerləşən bir otaqlı evin İddiaçı faktiki sahibliyinə və istifadəsinə verilməsi vəzifəsi qoyulsun. İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar