Məhkəmə qərarları › İş №e-2(004)-2167/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2167/2022

13.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2167/2022 13.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlu İddiaçı MMC – nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə ərizə ilə məhkəməyə müraciət edərək, 12.01.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 01.03.2022-ci il tarixinə yaranmış borcu 296,4 manat əsas, 44,4 manat cərimə, cəmi 340,8 manat; 04.02.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən borcun 363,5 manat əsas, 54,5 manat cərimə, cəmi 418 manat, ümumilikdə 758,8 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12.01.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı "XİAOMİ POCO M3" markalı telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 44 manat olmaqla cəmi 516,4 manat, 04.02.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı "XİAOMİ REDMİ 9“ markalı mobil telefona, “Xiaomi” markalı qol saatına, “Honor” markalı qulaqcığa görə 12 ay ödəniş cədvəli üzrə 48 manat olmaqla cəmi 565 manat, ümumilikdə iki müqavilə üzrə 1081,4 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, 12.01.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə 30.08.2021-ci il tarixdə 95 manat və 04.02.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə 29.10.2021-ci il tarixdə 50 manat ödəniş etmiş və iki müqavilə üzrə qalıq qalmış 659,9 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqısatqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə faizləri əşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 989 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə hesablanmış cərimə məbləğinin miqdarı hər iki müqavilə üzrə 989 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəflərindən güzəşt edilmiş və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 98,9 manat "xxxx" MMC-yə ödənilməlidir. Beləliklə, cavabdehin 01.03.2022-ci il tarixədək "xxxx" MMC-yə olan borcu 12.01.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 296,4 manat əsas, 44,4 manat cərimə, cəmi 340,8 manat, 04.02.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 363,5 manat əsas, 54,5 manat cərimə, cəmi 418 manat təşkil etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284- 1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə malın alqı-satqısı müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iddiaçı ilə Cavabdeh arasında 12.01.2021-ci il tarixdə dəyəri 516,4 manat olan 1 ədəd "XİAOMİ POCO M3" markalı telefonun alqı-satqısına dair ********* saylı müqavilə bağlanılmışdır. Həmçinin, iddiaçı ilə Cavabdeh arasında 04.02.2021-ci il tarixdə dəyəri 565 manat olan 1 ədəd "XİAOMİ REDMİ 9“ markalı mobil telefona, “Xiaomi” markalı qol saatına, “Honor” markalı qulaqcığın alqı-satqısına dair ********* saylı müqavilə bağlanılmışdır. İş materiallarında olan 12.01.2021-ci il tarixli satılmış məhsulun təhvil verilməsi haqqında akta əsasən 12.01.2021-ci il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 1 ədəd "XİAOMİ POCO M3" markalı telefona tam qüsursuz halda alıcıya təhvil verilmişdir. İş materiallarında olan 04.02.2021-ci il tarixli satılmış məhsulun təhvil verilməsi haqqında akta əsasən 04.02.2021-ci il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 1 ədəd "XİAOMİ REDMİ 9“ markalı mobil telefon, “Xiaomi” markalı qol saatı, “Honor” markalı qulaqcıq tam qüsursuz halda alıcıya təhvil verilmişdir. Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Ödəniş qəbzindən (№8********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd edilən əşyaların alqı-satqısına dair müqavilələrə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə əşyaların qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı əşyaları alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin əşyaları ödəmək üzrə vəzifəsini icra etməmiş və nəticədə onun tərəf olduğu müqavilələr üzrə iş materiallarında olan maliyyə arayışa əsasən 01.03.2022-ci il tarixədək "xxxx" MMC-yə 12.01.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 296,4 manat əsas, 44,4 manat cərimə, cəmi 340,8 manat; 04.02.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 363,5 manat əsas, 54,5 manat cərimə, cəmi 418 manat, hər iki müqavilə üzrə ümumilkdə 758,8 (yeddi yüz əlli səkkiz manat səksən qəpik) manat borcu yaranmışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Mülki Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 12.01.2021-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 296,4 (iki yüz doxsan altı manat qırx qəpik) manat, cərimə borcu üzrə 44,4 (qırx dörd manat qırx qəpik) manat, cəmi 340,8 (üç yüz qırx manat səksən qəpik) manat; 04.02.2021-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 363,5 (üç yüz altmış üç manat əlli qəpik) manat, cərimə borcu üzrə 54,5 (əlli dörd manat əlli qəpik) manat, cəmi 418 (dörd yüz on səkkiz) manat olmaqla, ümumilikdə 758,8 (yeddi yüz əlli səkkiz manat səksən qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar