Məhkəmə qərarları › İş №e-2(004)-2194/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2194/2025

24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2194/2025 24.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Əhməd qızının Cavabdeh ASC-yə qarşı əmlakın girovdan azad olunması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Əhməd qızı Cavabdeh ASC-yə qarşı əmlakın girovdan azad olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, LPO Cavabdeh ASC-nin üzərinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 56.15 kv/m, yaşayış sahəsi 35.2 kv/m olan 2 otaqlı əmlakın girovdan azadolunma barədə məktubun təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı həyat yoldaşı X7 vəfat etməmişdən öncə Bakı şəhəri, Nəsimi rayonu, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 56.15 kv/m, yaşayış sahəsi 35.2 kv/m olan 2 otaqlı mənzili LPO Cavabdeh ASC/Sahil filialında kredit götürmək məqsədilə girov qoymuşdur. X10 sözügedən əmlakı girov olaraq qoyması İddiaçı və onun ailə üzvlərinin heç birinə məlum olmamışdır. Belə ki, X7 vəfat etdikdən sonra Bakı şəhəri 7 saylı Notariat Ofisində İddiaçı onun qanuni vərəsəsi olaraq təyin edildikdə İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, ünvan 2 ünvanında yerləşən miras əmlakın 1/1 hissədə pay almalı olduğu müəyyən edilmişdir. Lakin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qeyd hissəsində Bakı şəhəri, Nəsimi rayonu, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 56.15 kv/m, yaşayış sahəsi 35.2 kv/m olan 2 otaqlı mənzilin LPO Cavabdeh ASC/Sahil filialında girovda qalmaq şərti göstərilmişdir. İddiaçı qeyd olunmuş şəhadətnaməni əldə etdikdən sonra sözügedən əmlakın LPO Cavabdeh ASC/Sahil filialında girovda olduğunu öyrənmişdir. Qeyd etmişdir ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, ünvan 2 ünvanında yerləşən miras əmlakın LPO Cavabdeh ASC/Sahil filialında girovda olduğunu öyrəndikdən sonra borcun məbləği ilə bağlı məlumatlar əldə etmək və həmin borcu ödəmək məqsədilə bankda mövcud olan bütün sənədləri təqdim etməsi üçün LPO Cavabdeh ASC-yə müraciət etmişdir. Bank isə bu müraciətə cavab olaraq borcun mövcud olduğunu, amma borcu təsdiq edən heç bir sənədin olmadığını bildirərək məsələ ilə bağlı hər hansı məlumat təqdim etməmişdir. Belə ki, hal-hazırda Piriyeva X1 əmlakın tam hüquqlu varisi olaraq öz mülkiyyət hüquqlarından sərbəst şəkildə istifadə eliyə bilmir. Hesab edir ki, onlar tərəfindən ödənilməli olan heç bir borc və borcu təsdiqləyən sənəd yoxdur. Bu məsələ ilə bağlı qeyd olunan əmlakın hələ də girovda saxlanılması üçün heç bir əsas yoxdur. Odur ki, Bakı şəhəri, Nəsimi rayonu, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 56.15 kv/m, yaşayış sahəsi 35.2 kv/m olan 2 otaqlı əmlakın girovdan azad edilməsi vacib məsələdir. LPO Cavabdeh ASC öz üzərinə düşən öhdəliyini yerinə yetirməmişdir. Belə ki, LPO Cavabdeh ASC tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə girovdan azadolunma barədə məktub göndərilməli idi, lakin qeyd olunan məsələ barədə heç bir məktub mövcud deyildir. Odur ki, LPO Cavabdeh ASC-nin üzərinə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 56.15 kv/m, yaşayış sahəsi 35.2 kv/m olan 2 otaqlı əmlakın girovdan azad edilməsi məsələsinin qoyulması zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, hesabdan çıxarışdan və kassa məxaric orderindən də gprünür ki, İddiaçı həyat yoldaşı X7 07 iyul 2011-ci il tarixli kredit müqaviləsi əsasında 100000 manat məbləğində kredit götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq mərhumun mülkiyyətində olan həmin tarixli ipoteka müqaviləsi ilə ünvan 1 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilmişdir. Mərhumun həmin kredit müqaviləsi üzrə qalıq 9286 manat 44 qəpik borcu qalmışdır. İpoteka müqaviləsi bankın ləğv olunma prosesində olduğu müddətə düşdüyündən bankda aşkar edilməsə də, tərəflərindən DƏDRX-ə soröu verilmiş və notarial qaydada təsdiq edilmiş ipoteka müqaviləsi sorğu əsasında məhkəməyə təqdim edilmişdir. Qanun ürə vərəsəlik hüququ haqqında şəhadətnamənin qeyd hissəsində sözügedən mənzil məhz həmin ipoteka müqaviləsi ilə bankda girovdadır. Mərhum və onun vərəsəsi tərəfindən kredit müqaviləsi üzrə qalıq borc ödənilmədiyindən və ipoteka müqaviləsi də mövcud olduğundan sözügedən mənzilin girovdan azadolunması barədə məktubun təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Səadət sarayı tərəfindən verilmiş 15 mart 1981-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnaməsinə əsasən X7 ilə X2 arasında 15 mart 1981-ci il tarixdə bağlanmış nikah 990 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya MH, ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsində istifadədə olan 0,14416 ha torpaq sahəsində yerləşən 53 nömrəli, 9 mərtəbəli binada yerləşən 56,15 kv.m. ümumi, 35.2 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 1,2 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 739 nömrəli reyestr kitabının 69171 nömrəli vərəqində 14 iyun 2008-ci il tarixdə qeydiyyata alınmışdır. -07 iyul 2011-ci il tarixli 606 nömrəli məxaric orderinin surətindən görünür ki, Cavabdeh Sahil filialı tərəfindən X5 məxsus 3***-***-**-**0503 nömrəli hesaba 07 iyul 2011-ci il tarixdə 50000 (əlli min) manat məbləğində kredit verilmişdir. -08 iyul 2011-ci il tarixli 606 nömrəli məxaric orderinin surətindən görünür ki, Cavabdeh Sahil filialı tərəfindən X5 məxsus 3***-***-**-**0503 nömrəli hesaba 08 iyul 2011-ci il tarixdə 50000 (əlli min) manat məbləğində kredit verilmişdir. - Cavabdeh ASC-nin Sahil filialı ilə X7 arasında bağlanmış xx.xx.2011-ci il tariхli, MK-008 saylı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan ipoteka saxlayanla bağlanılmış xx.xx.2011-ci il tariхli, MK-008 №-li kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin edilməsi məqsədilə Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsində istifadədə olan 0,14416 ha torpaq sahəsində yerləşən 53 nömrəli, 9 mərtəbəli binada yerləşən 56,15 kv.m. ümumi, 35.2 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 1,2 nömrəli mənzil bank qarşısında yüklü edilmişdir. Müqavilənin 4.1-ci bəndinə əsasən ipoteka ilə təmin edilmiş öhdəliyin mahiyyəti ipoteka saxlayan Cavabdeh ASC ilə ipotekaqoyan X7 arasında bağlanmış 07 iyul 2011-ci il tarixli MK 008 saylı kredit müqaviləsinə əsasən verilmiş kredit və kredit faizlərinin qaytarılmasından ibarətdir. Müqavilənin 4.2-ci bəndinə əsasən verilən kreditin məbləği 100000 (bir yüz min) manat təşkil edir. - Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülyünə) dair dövlət reyestrindən arayışa əsasən X4 mülkiyyətində olan xx.xx.2008-ci il tarixli, ********** saylı əmlak MK-008 saylı, xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh ASC-nin Sahil filialında ipotekaya qoyulmuşdur. - 2 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 089219 saylı, 10 iyul 2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X7 30 iyun 2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 02 iyul 2020-ci il tarixdə 381 nömrə ilə qeyd edilmişdir. - Bakı şəhəri 7 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş Vİ-124-2020 saylı, xx.xx.2020-ci il tarixli ərizədən müəyyən edilir ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, ev 53, mənzil ½-də yaşamış və xx.xx.2020-ci il tarixdə vəfat etmiş əri X3 miras qalmış miras əmlakı qəbul etmişdir. - ünvan 4ş 2V-145 reyestrli xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən edilir ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi arvadı İddiaçı müəyyən edilmiş və onun miras əmlakdan 1/1 pay almalı olması göstərilmişdir. Miras əmlak AR DİN BDYPİ Qİİ-nin verdiyi xx.xx.2008-ci il tarixli AB099719 qeydiyyat nömrəli şəhadətnaməyə əsasən ban nömrəsi XWB7T12ZB8A031002, mühərrikin nömrəsi F8CB045238KB2 və buraxılış ili 2008 olan DAEWOO DAMAS YÜK markalı **-DL-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. - ünvan 4ş 2V-146 reyestrli xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən edilir ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi arvadı İddiaçı müəyyən edilmiş və onun miras əmlakdan 1/1 pay almalı olması göstərilmişdir. Miras əmlak AR DİN BDYPİ Qİİ-nin verdiyi xx.xx.2000-ci il tarixli AA318207 qeydiyyat nömrəli şəhadətnaməyə əsasən ban nömrəsi KLY7T11ZBXC041767, mühərrikin nömrəsi 826080 və buraxılış ili 1998 olan DAEWOO DAMAS minik markalı **-GK-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. - ünvan 4ş 2V-147 reyestrli xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən edilir ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi arvadı İddiaçı müəyyən edilmiş və onun miras əmlakdan 1/1 pay almalı olması göstərilmişdir. Miras əmlak AR DİN BDYPİ Qİİ-nin verdiyi xx.xx.2006-cı il tarixli AA792819 qeydiyyat nömrəli şəhadətnaməyə əsasən ban nömrəsi XWB7T11ZB6A093569, mühərrikin nömrəsi F8CB493330KA2 və buraxılış ili 2006 olan DAEWOO DAMAS yük markalı **-RV-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. - ünvan 4ş 2V-148 reyestrli xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən edilir ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi arvadı İddiaçı müəyyən edilmiş və onun miras əmlakdan 1/1 pay almalı olması göstərilmişdir. Miras əmlak ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinin xx.xx.2015-ci il tarixdə X5 verdiyi 11/1404 saylı texniki inventar nömrəli, texniki pasporta əsasən ünvan 3 ünvanında yerləşən qarajdan ibarətdir. - ünvan 4ş 2V-149 reyestrli xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən edilir ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi arvadı İddiaçı müəyyən edilmiş və onun miras əmlakdan 1/1 pay almalı olması göstərilmişdir. Miras əmlak ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinin verdiyi xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 56,15 kv.m., yaş.sah. 35,2 kv.m. olan 2 otaqlı mənzildən ibarətdir. - Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, ev 53, mənzil 1,2 tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 739 nömrəli reyestr kitabının 69171 nömrəli vərəqində 01 sentyabr 2020-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə araşdırması nəticəsində işin müəyyən edilmiş mübahisəsiz halları ondan ibarət olmuşdur ki, İddiaçı həyat yoldaşı X7 vəfat etməmişdən öncə 07 iyul 2011-ci il tarixli MK 008 saylı kredit müqaviləsi əsasında 100000 (bir yüz min) manat kredit götürmüş, həmin kreditin təminatı olaraq özünə məxsus Bakı şəhəri, Nəsimi rayonu, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 56.15 kv/m, yaşayış sahəsi 35.2 kv/m olan 2 otaqlı mənzili xx.xx.2011-ci il tariхli, MK-008 saylı ipoteka müqaviləsinə əsasən LPO Cavabdeh ASC/Sahil filialında ipoteka ilə yüklü etmişdir. İddiaçı tərəf bildirmişdir ki, həyat yoldaşının sözügedən əmlakı girov olaraq qoyması ona və onun ailə üzvlərinin heç birinə məlum olmamış, hal-hazırda da bank tərəfindən ipoteka müqaviləsi iddiaçı tərəfə təqdim edilməmişdir. X7 30 iyun 2020-ci il tarixdə vəfat etdikdən sonra Bakı şəhəri 7 saylı Notariat Ofisində İddiaçı onun qanuni vərəsəsi olaraq təyin edildikdə İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, ünvan 2 ünvanında yerləşən miras əmlakın 1/1 hissədə pay almalı olduğu müəyyən edilmişdir. Lakin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qeyd hissəsində Bakı şəhəri, Nəsimi rayonu, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 56.15 kv/m, yaşayış sahəsi 35.2 kv/m olan 2 otaqlı mənzilin LPO Cavabdeh ASC/Sahil filialında girovda qalmaq şərti göstərilmişdir. İddiaçı qeyd olunmuş şəhadətnaməni əldə etdikdən sonra sözügedən əmlakın LPO Cavabdeh ASC/Sahil filialında girovda olduğunu öyrənmişdir. İş materiallarında olan xx.xx.2011-ci il tariхli, MK-008 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh ASC-nin Sahil filialı ilə X7 arasında bağlanmış xx.xx.2011-ci il tariхli, MK-008 №-li kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin edilməsi məqsədilə Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsində istifadədə olan 0,14416 ha torpaq sahəsində yerləşən 53 nömrəli, 9 mərtəbəli binada yerləşən 56,15 kv.m. ümumi, 35.2 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 1,2 nömrəli mənzil bank qarşısında yüklü edilmişdir. Hal-hazırda iddiaçı LPO Cavabdeh ASC-nin üzərinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 56.15 kv/m, yaşayış sahəsi 35.2 kv/m olan 2 otaqlı əmlakın girovdan azadolunma barədə məktubun təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir, cavabdeh isə iddia tələbinə etiraz edərək, bu günədək borcun ödənilmədiyini və mənzilin öhdəliyin icrasını təmin edilməsi məqsədilə girovda olduğunu bildirir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə, əsas öhdəlik - əsas müqavilədən yaranan və icrası ipoteka ilə tam və ya qismən təmin edilən borc və digər öhdəliklərdir. Həmin Qanunun 3.1-ci maddəsinə görə ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. Həmin Qanunun 4.2-ci maddəsinə görə bu Qanunun 4.1.4-cü və ya 5-ci maddələrində nəzərdə tutulmuş tələblər istisna olmaqla, ipoteka müqaviləsində əsas öhdəliyin (bu Qanunun 4.1.1‒4.1.3-cü maddələrində nəzərdə tutulmuş tələblərin) konkret məbləği göstərilibsə, həmin öhdəlik yalnız bu məbləğdə təmin edilmiş sayılır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əşyanın ipotekasının dövlət qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 14.1.1-ci maddəsinə görə ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə görə əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Beləliklə, göründüyü kimi, iddiaçının həyat yoldaşı X4 ödənilməmiş borcu qalmış və həmin kredit borcunun təminatı olaraq sözügedən mənzil iöoteka ilə yüklü edilmişdir. Buna görə də, iddiaçının həyat yoldaşının ödənilməmiş borcu qaldığından İddiaçı Əhməd qızının Cavabdeh ASC-yə qarşı LPO Cavabdeh ASC-nin üzərinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə Bakı şəhəri, Nəsimi rayonu, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 56,15 kv.m., yaşayış sahəsi 35,2 kv.m. olan 2 otaqlı əmlakın girovdan azad olunması barədə məktubun təqdim edilməsi vəzifəsinin qoyulması barədə iddia tələbi əsassızdır. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, iddia tələbi əsassız və qanunsuz olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80 və 81ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Əhməd qızının Cavabdeh ASC-yə qarşı LPO Cavabdeh ASC-nin üzərinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə Bakı şəhəri, Nəsimi rayonu, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 56,15 kv.m., yaşayış sahəsi 35,2 kv.m. olan 2 otaqlı əmlakın girovdan azad olunması barədə məktubun təqdim edilməsi vəzifəsinin qoyulması barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar