Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2212/2024 13.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya və maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər İdarəsinə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya və maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər İdarəsinə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan ona dəymiş maddi ziyanın əvəzi olaraq 7600 (yeddi min altı yüz) manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 96 (doxsan altı) manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə şıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2022–ci il tarixli 0604 nömrəli payçı müqaviləsinə əsasən Cavabdeh MTK-dan ünvan 1 ünvanda bina 7, blok 7, 2 nömrəli mənzili almışdır. Müqaviləyə əsasən mənzilin dəyəri ƏDV daxil 171993 manat təşkil etmişdir. Mənzilin ilkin ödənişi edilmiş, qalan 88000 manat məbləğ isə Azərbaycan Beynəlxalq Bankı ilə bağlanmış xx.xx.2022–ci il tarixli AVP–126 saylı kredit müqaviləsinə əsasən kreditə götürülmüşdür. Ödənişlər edildikdən və mənzilin dəyəri ödənildikdən sonra ƏDV–nin geri ödənilməsi ilə bağlı müraciət edən zaman ona bu haqda məlumat veriləcəyi bildirilmişdir. Yanvar–fevral aylarında yenidən müraciət zamanı yenə gözləməyi bildirdilər. Belə ki, verilən məlumata əsasən elektron qeydiyyatla bağlı portal açılacağı və ƏDV–nin geri alınmasının onlayn qaydada həyata keçiriləcəyi məlumat verilmişdir. 2023–cü il Novruz bayramından sonra ƏDV–nin geri ödənilməsi ilə bağlı təkrar müraciət edərkən qaimə olmadığından Dövlət Vergi Xidmətindən imtina verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2022–ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri–yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nda qeyd olunan 3 aylıq müddət ilə bağlı qeyd etmişdir ki, sözügedən portalın istifadəyə verilməsi yaxın aylarda baş vermişdir. Bu halda müddətin ötürülməsi nəzərə alınmamalıdır. Vergi orqanın müvafiq sistemin qurulması mart– aprel aylarına təsadüf edir. Tikinti şirkətinin bildirdiyinə görə mənzilin ödənişi ilə bağlı elektron qaimələr istifadə olunmamış, pul tam şəkildə dövlət büdcəsinə köçürülmüşdür. Mədaxil qəbzi barədə məlumatlar: Nömrə: BPM**********98 Müştərinin adı: AVANT Group Hesab: ******************** Məbləğ: 83993 AZN Mən ƏDV-nin geri alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər İdarəsinə müraciət etsə də, müəyyən edilmiş 90 günlük müddətin ötürülməsi əsası ilə müraciətindən imtina edilmişdir. Hesab edir ki, Cavabdeh MTK elektron qaiməni ona təqdim etmədiyinə görə o, ƏDV-ni geri ala bilməmiş və bu səbəbdən də ona maddi ziyan dəymişdir. Hesab edir ki, ƏDV–nin ona ödənilməməsi üçün cavabdehlə maraqlı şəxsin arasında olan istər elektron portalın yaradılması, istərsə də digər bir səbəbin olması vətəndaş olaraq ona heç bir aidiyyəti olmamışdır. Cavabdeh MTK məhkəməyə iddia tələbinə etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı X2 Cavabdeh MTK-ya qarşı maddi ziyan tələbinə dair iddiası əsassızdır. İddia tələbi üzrə Cavabdeh MTK iddiaçı ilə rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli Payçı Müqaviləsi üzrə iddiaçı cavabdehin hesabına köçürdüyü 171993 (bir yüz yetmiş bir min doqquz yüz doxsan üç) manat məbləğin yekun ƏDV məbləğinin güzəşt hissəsinin cavabdehdən birdəfəlik alınması tələb olunur. Halbuki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”na (bundan sonra “Qayda” adlanacaq) dair Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1693 nömrəli Fərmanın tələbinə görə mənzilin satışından ƏDV məbləği “Operator” kimi tanınan AR Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilməlidir. Yəni Qayda üzrə ƏDV məbləği AR Dövlət Vergi Xidməti tərəfindən alıcı vətəndaşa ƏDV məbləğinin 30%-ni qaytarır. Bu səbəbdən Qayda üzrə tərəflər vətəndaş və AR Dövlət Vergi Xidməti olduğu kimi mübahisələndirilmiş məhkəmə işi üzrə də A.R. İnzibati Prosessual Məcəllənin 2-ci maddəsinə əsasən iddiaçı vətəndaş İddiaçı olduğu təqdirdə cavabdeh AR Dövlət Vergi Xidməti olmalıdır. Belə ki, İnzibati Prosessual Məcəllənin 2-ci maddəsinə əsasən inzibati mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilmişdir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən “Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir”. Həmin Məcəllənin 2.2.2-ci maddəsi üzrə “inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia)” inzibati məhkəmə icraatı qaydası müəyyən edilmişdir. İddia ərizəsində AR Mülki Məcəlləsinin 16-cı maddəsinə istinad edilməklə, qeyd edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Halbuki, Cavabdeh MTK ekoloji sağlam “AVANT PARK” Yaşayış Kompleksini qapalı həyəti ilə birgə tam təhlükəsiz şəkildə nəinki İddiaçı, həmçinin Yaşayış Kompleksinin bütün sakinlərinə təqdim edir. Cavabdeh MTK niyyəti yalnız və yalnız müştəri məmnuniyyətinin qazanılmasıdır ki, bütün müştəri sakinləri qarşısında öz üzərinə düşən öhdəliklərini yerinə yetirməkdədir. Qayda üzrə ƏDV məbləğinin geri qaytarılması isə yuxarıda qeyd edildiyi kimi birbaşa AR Dövlət Vergi Xidmətinin öhdəliyidir. Nə ziyan vurmaq, nə də ki hüquqlarından sui-istifadə etmədikləri üçün istinad edilmiş maddi hüquq normasına birmənalı etirazını bildirmişlər. Ümumiyyətlə, Qayda qəbul olunub, qüvvəyə mindiyi xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək keçən dövrdə alıcı müştərilərin elektron kabineti yaradılmadığı üçün tərəfindən iddiaçıya e-qaimə göndərilməsi mümkün olmamışdır. Buna baxmayaraq iddiaçı tərəfindən ödənilən ƏDV daxil 171993 (bir yüz iki min iki yüz doxsan beş) manat məbləğin 26236,22 (iyirmi altı min iki yüz otuz altı) manat 22 qəpik ƏDV məbləği müvafiq qaydada vergi orqanına ümumi hesabatda bəyan edilmiş və yaranmış vergi öhdəliyi tərəfindən Dövlət Vergi Xidmətinə ödənilmişdir. Anoloji qaydada Yasamal Rayon Məhkəməsində cavabdeh olaraq Cavabdeh MTK-ya qarşı iddiaçı X1 iddia tələbi rədd edilmiş, xx.xx.2023-cü il tarixində qəbul edilmiş 2(004)-2613/2023 saylı qətnamədən iddiaçı şikayət verməmiş, məhkəmənin yekun aktı formalaşmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı Cavabdeh MTK-ya qarşı maddi ziyan tələbinin heç bir hüquqi əsası olmadığı və mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı üçün iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 iddia tələbini qəbul etməyərək, etirazın məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə gəlməyən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" Group MTK ilə İddiaçı arasında bağlanmış 30 noyabr 2022-ci il tarixli 0604 nömrəli payçı müqaviləsinə əsasən tərəflər aralarında razılığa gəlmişlər. İş materiallarında olan "xxxx" Group MTK-nın 25 oktyabr 2022-ci il tarixli malıyyə arayışından görünür ki, 30 noyabr 2022-ci il tarixli 0604 nömrəli payçı müqaviləsinə əsasən mənzilin pay dəyərinin bir hissəsi – 83993 manat məbləğində ilkin ödəniş şəklində payçı İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1969/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı ƏDV-nin qaytarılması tələbinə dair iddiası təmin edilməmişdir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı ilə "xxxx" Group MTK arasında bağlanmış 30 noyabr 2022-ci il tarixli 0604 nömrəli payçı müqaviləsi üzrə razılığa gəlmişlər. İddiaçı tərəfindən mənzilin dəyəri olaraq 83993 manat "xxxx" Group MTK-ya ödənilmişdir. Lakin iddiaçı tərəfindən mənzilin dəyəri olaraq ödənilmiş məbləğin ƏDV-nin qaytarılması mümkün olmamışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırda İddiaçı 30 noyabr 2022-ci il tarixli 0604 nömrəli payçı müqaviləsinə əsasən mənzilin dəyəri olaraq ödənilən 83993 manatın "xxxx" Group MTK-ya ödənilmiş ƏDV məbləğinin, cavabdehdən tutularaq oda ödənilməsini xahiş etsə də, hazırki ƏDV məbləği cavabdeh qismində göstərilən "xxxx" Group MTK tərəfindən deyil, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş məlumatlar əsasında Maliyyə nazirliyi tərəfindən geri qaytarılmalıdır. İşin halları ilə müəyyən olunmuşdur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı ƏDV-nin qaytarılması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1969/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən iddiası təmin edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət etsə də, iddia tələbi tərəfindən düzgün irəli sürülməmiş, yəni müraciət üçün buraxılmış müddətin üzürlü hesab edilərək, inzibati orqanın üzərinə məlumatların ötürülməsi vəzifəsinin qoyulması tələbi əvəzinə, həmin məbləğin cavabdeh qurumdan tutularaq ona ödənilməsi tələbi ilə bağlı iddia qaldırmışdır. Halbuki, müvafiq inzibati orqan pulun ödənilməsini həyata keçirmədiyi üçün, həmin pul məbləği də, ondan tutula bilməzdi. Bundan başqa, iddiaçı özü də, idda ərizəsində tərəfindən 2023–cü il mart ayında ƏDV–nin geri ödənilməsi ilə bağlı Dövlət Vergi Xidmətində müraciət edərkən qaimə olmadığından Dövlət Vergi Xidməti tərəfindən ona imtina verildiyini, imtina cavabında, Azərbaycan Respublikası Prezidentinin 2022–ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri–yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nda qeyd olunan 3 aylıq müddət ilə bağlı isə, sözügedən portalın istifadəyə verilməsinin yaxın aylarda baş verməsinin qeyd edildiyini, bu halda müddətin ötürülməsinin nəzərə alınmamalı olmasına, vergi orqanın müvafiq sistemin qurulmasının mart–aprel aylarına təsadüf etməsinə istinad etmişdir. Göründüyü kimi cavabdeh MTK tərəfindən qaimənin müvafiq sistemə yerləşdirilməsi həmin dövrdə onun imkanları xaricində olmuşdur. Bununla da, məhkəmə hesab edir ki, İddiaçı ƏDV-nin geri qaytarılması tələbi üzrə cavabdeh qismində, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətininə qarşı, həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ƏDV-nin geri qaytarılması üçün məlumatların müvafiq quruma (maliyyə nazırliyinə) ötürülməsi vəzifəsinin cavabdeh qurumun üzərinə qoyulması tələbi ilə inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçıya cavabdehin əsl cavabdehlə əvəz edilməsi ilə bağlı lazımı təkliflər verilsə də, iddiaçı bu təklifi qəbul etməmişdir. Azərbaycan Respublikası Konstitusuyasının 60-ci maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşqul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və qaydası" nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıçının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV deposit hesabına ödəməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, h ərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün 96,60 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyi üçün iddiaçı tərəfindən ödənilmiş 96,60 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MTK-ya və maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər İdarəsinə qarşı “maddi ziyanın ödənilməsi tələbi”nə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-2212/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2212/2024
13.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver