Məhkəmə qərarları › İş №e-2(004)-2213/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2213/2025

19.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2213/2025 19.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə (açar sözlər: alqı-satqı müqaviləsi, pul, iddia müddəti) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, 01-AGT000038252 nömrəli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, satıcı 654 manat dəyərində və müqavilənin predmeti olan əşyanı alıcıya verməyi, alıcı isə ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

2. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı alıcıya bu müqavilənin şərtlərinə uyğun olaraq şəxsi istehlak və istifadə üçün 21 ay müddətinə 654 manat dəyərində əşyanı nisyə alqı-satqı müqaviləsinin şərtləri əsasında verir.

3. Müqavilənin 1.3-cü bəndinə əsasən əşya alıcıya təhvil verildiyi gündən etibarən hər ay müqavilədə nəzərdə tutulan təqvim günündən gec olmayaraq ödəmələr icra olunur. Ödəniş 30 gündən başlayaraq gecikdirildikdə satıcı tərəfindən AR Mülki Məcəlləsinin 449-cu maddəsində nəzərdə tuutlmuş qaydada hər gün üçün gecikdirilmiş borc məbləğinin 0,3%- həcmində cərimə pulu ödənilməsi tələb edilə bilər.

4. Ödəniş cədvəlinə əsasən müqavilə üzrə satılan malın dəyəri olan 654 manatın cavabdeh tərəfindən ilkin ödənişsiz 21 ay müddətinə, aylıq 31 manat, sonuncu ay 34 manat olmaqla ödənilməsi razılaşdırılmışdır.

5. İddiaçı (faktor) ilə "xxxx" MMC (müştəri) arasında bağlanan xx.xx.2023-cü il tarixli, 2 nömrəli faktorinq müqaviləsinə əsasən "xxxx" MMC-nin tələb hüququ İddiaçı MMC-yə keçmişdir.

6. Faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən cavabdeh ilə bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə cavabdehə qarşı tələb hüququ İddiaçı MMC-yə güzəşt edilmişdir.

7. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xəbərdarlıq məktubundan görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən öhdəliklərin icrasının gecikdirildiyini, odur ki, borcun icra edilməsini tələb etmiş, əks təqdirdə 5 gün müddətində məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir.

8. İddiaçı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin xx.xx.2019-cu il tarixli, 01-AGT000038252 nömrəli alğı-satqı müqaviləsi üzrə 250 manat ödənilməmiş əsas borcu, 25 manat cərimə olmaqla, ümumilikdə 275 manat borcu vardır.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2019-cu il tarixli, 01-AGT000038252 nömrəli müqaviləyə əsasən 250 manat əsas, 25 manat faiz borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 305 manat məbləğdə pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddianın əsaslarına görə, iddiaçı "xxxx" MMC ilə imzalanmış hüquqi müqaviləyə əsasən, sonuncunun cavabdeh ilə arasında xx.xx.2019-cu il tarixli, 01-AGT000038252 nömrəli alqı-satqı müqaviləsinin tələb etmə hüququnu əldə etmişdir. Müqaviləyə əsasən alıcı olan Cavabdeh ümumi nisyə dəyəri 654 manat olan mobil telefon almışdır. Müqavilənin 4-cü bəndinə uyğun olaraq alıcı Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq hər ayın 30-dan gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 31 manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, aldığı malın qalıq pulunu ümumi dəyəri - 250 manatı mağazaya ödəməmişdir. Müqavilənin 7.3-cü bəndinin tələblərinə əsasən bu müqavilənin icrası ilə bağlı meydana çıxan bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll ediləcəkdir. Həmin mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə, mövcud qanunvericiliyə uyğun məhkəmə qaydasında həll ediləcəkdir. Dəfələrlə Cavabdeh borcunun ödənilməsi barədə edilən müraciətlər nəticəsiz qalmış, götürdüyü malın dəyərini ödəməkdən yayınmışdır. b) iddiaya etiraz

11. İddia tələbinə qarşı cavabdeh tərəfindən etiraz təqdim olunmuşdur.

12. Etirazın dəlillərinə əsasən, alqı-satqı müqaviləsində göstərilən məbləğ vaxtından əvvəl onun tərəfindən tam ödənilmişdir.

c) məhkəmə icraat iştiakçılarının izahatları

13. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir.

14. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərdi ki, o həqiqətən "xxxx" MMC-dən telefon əldə etsə də müddətindən də əvvəl ödənişlərini tam formada icra etmişdir. Eyni zamanda iddia müddətinin tətbiq olunmasını xahiş edir.

15. İddia müddətinin tətbiqi barədə ərizənin əsaslarına görə, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən iddia müddətini ötürməklə verildiyindən iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir; Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir; Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır; Maddə 378. Öhdəlikdə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Maddə 600.4 və 600.5. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Maddə 655.1. Faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür; Maddə 657.2. Faktorinq müqaviləsinin gələcək tələblərin güzəştinə əsas verən hər hansı müddəası tələblərin verilmə üzrə hansısa əlavə hərəkətlər edilmədən əmələ gəldiyi məqamda faktora keçməsini bildirir.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı: “Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.”

18. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə xx.xx.2009-cu il tarixli Qərarı: “Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.”

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;

Məhkəmə baxışının hədləri

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

21. İşin faktiki hallarından mübahisəsiz qaydada müəyyən olunur ki, cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə mobil telefon əldə edilmiş, müqavilənin müddəti 21 ay olmaqla, aylar üzrə hissə-hissə ödəniş şərti ilə telefonun dəyərinin qaytarılması razılaşdırılmışdır.

22. Daha sonra müqavilə üzrə tələb hüququ hazırkı iş üzrə iddiaçıya keçmişdir.

23. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilmişdir.

24. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.

25. İşin göstərilən xüsusatları ilə təsdiq olunur ki, iddiaçı hazırkı iddianı irəli sürmək üçün subyektiv hüquqa malik olmuşdur. Cavabdeh müqavilə üzrə öhdəliyini icra etdiyini bildirsə də, bu barədə müvafiq sübutlarını, ödəniş qəbzlərini və s. təqdim etməmişdir. Yəni, iddiaçının subyektiv hüququna müdaxilə baş verdiyi də təsdiq olunur.

26. Bununla belə, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi nəzərə alınmaqla iddia rədd edilməlidir.

27. Belə ki, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, öhdəliyin icra müddəti 21 ay olaraq müəyyənləşdirilmiş, xx.xx.2021-ci il tarix öhdəliyin icrası üçün nəzərdə tutulmuş sonuncu gün olmuşdur.

28. Mülki Məcəllənin Maddə 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır

29. Həmin Məcəllənin 373.2-cü maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.

30. İndiki halda xx.xx.2021-ci il tarixdən 3 illik iddia müddətinin axımı başlanmış, xx.xx.2024-cü ildə müddət başa çatmışdır.

31. Hazırkı iddia ərizəsi isə iddia müddəti keçdikdən sonra, xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edilmişdir.

32. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə iddianın xx.xx.2019-cu il tarixli müqavilə üzrə tərəf olmuş şəxs tərəfindən yox, sonrakı faktorinq müqaviləsinə əsasən tələb hüququ əldə etmiş hazırkı iş üzrə iddiaçı tərəfindən irəli sürülməsi də tələbə iddia müddətinin tətbiq edilməsinin qarşısını almır.

33. Mülki Məcəllənin 378-ci maddəsinə əsasən öhdəlikdə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur.

34. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və hazırkı iddia rədd edilməli olduğundan ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması hissəsində də iddia tələbi əsaslı deyil.

35. Beləliklə, məhkəmə hesab edir ki, iddia rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

36. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar