Məhkəmə qərarları › İş №e-2(004)-2227/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2227/2021

12.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2227/2021 12.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Zəkizadə Heybətulla Ağadadaş oğlunun iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Zəkizadə Heybətulla Ağadadaş oğluna qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: Kreditor ləğv prosesində olan İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, 3207 ABŞ dolları əsas borc, 2258 ABŞ dolları faiz borcu olmaqla, cəmi 5465 ABŞ dolları məbləğində borcun və 20 manat dövlət rüsumunun borclular Cavabdeh1 və Zəkizadə Heybətulla Ağadadaş oğlundan bankın xeyrinə tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditor tələbini onunla əsaslandırmışdır ki, 05.11.2015-ci il tarixli, İKM 408 saylı istehlak kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 28 % ödəmək şərti ilə 3500 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə görə borcalan krediti qrafıkə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq, borcunu gecikdirmiş, ödəniş etməmiş və beləlik də müqavilənin şərtlərini pozmuşdur. Digər borclu Zəkizadə Heybətulla Ağadadaş oğlu ilə bağlanmış 05.11.2015-ci il tarixli zaminlik müqaviləsinin 2.2ci bəndinə əsasən zamin bank qarşısında borcalanın öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar faizlər, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla borcalan kimi tam məsuliyyət daşıyır. Hazırda Cavabdeh1 kredit üzrə banka olan əsas borcu 3207 ABŞ dolları əsas borc, 2258 ABŞ dolları faiz borcu olmaqla, cəmi 5465 ABŞ dolları təşkil edir. Bank tərəfindən borclulara borcun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu günədək borcun ödənilməsi üçun heç bır tədbir görülməmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 08.11.2018-çı il tarixli, 2(004)-9091/2018 saylı məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 24.02.2021-çı il tarixli qərardadı ilə borclu Cavabdeh1 etirazı təmin edilərək, qeyd edilən məhkəmə əmri ləğv edilmiş və işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC prosesin gedişatında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək cavabdehlər Cavabdeh1 və Zəkizadə Heybətulla Ağadadaş oğlundan iddiaçının xeyrinə 3206,24 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 15.10.2016-ci il tarixinə 889,04 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 549,45 ABŞ dolları faiz borcu, 1627.46 ABŞ dolları cərimə borcu olmaqla, cəmi isə 6272,19 ABŞ dolları borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehlər Cavabdeh1 və Zəkizadə Heybətulla Ağadadaş oğlu iddia ətələbini qəbul edərək faiz və cərimə borcunun silinməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3., 442, 467, 739.1, 739.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 05.11.2015-ci il tarixli, İKM 408 saylı istehlak kredit müqaviləsinə əsasən bank tərəfindən kredit alana 24 ay müddətinə illik 28 % ödəmək şərti ilə 3500 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, eyni tarixli zaminlik müqaviləsinə əsasən Zəkizadə Heybətulla Ağadadaş oğlu kredit alanın öhdəliklərinin icrasına görə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 19.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka 3206,24 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 15.10.2016-ci il tarixinə 889,04 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 549,45 ABŞ dolları faiz borcu, 1627.46 ABŞ dolları cərimə borcu olmaqla, cəmi isə 6272,19 ABŞ dollar borcu yaranmışdır. Göründüyü kimi, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, kredit alanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə qeyd edir ki, zaminlik müqaviləsi 05.11.2015-ci il tarixdə bağlanmışdır. Müvafiq kredit razılaşması üzrə icra müddəti 05.11.2017-ci il tarixdə başa çatmışdır. Buna baxmayaraq, iddiaçı 07.11.2018-ci il tarixdə zaminə qarşı zaminlik müqaviləsindən irəli gələn tələb irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göstərilən normaların tələbi baxımından zaminlərə qarşı öhdəliyin icrası vaxtından bir il ərzində iddia irəli sürülmədiyindən 05.11.2015-ci il tarixli zaminlik müqaviləsi üzrə zaminliyə xitam verilməlidir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı və qanuni qismən olduğundan təmin edilməli, kredit müqaviləsi ləğv edilməklə, Cavabdeh1 3206,24 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 15.10.2016-ci il tarixinə 889,04 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 549,45 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi isə 4944,73 ABŞ dollar borc və 20 manat məbləğində dövlət rüsumu bankın xeyrinə tutulmalıdır. Habelə, məhkəmə AR Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunun azaldılmasını məqbul saymışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 3206,24 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 15.10.2016-ci il tarixinə 889,04 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 549,45 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi isə 4944,73 (dörd min doqquz yüz qırx dörd dollar 73 sent) ABŞ dollar borc (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq tutulsun) və 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar