Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2231/2021 15.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi Məmmədova Ayşən Müşfiq qızının katibliyi ilə, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının mülkiyyətində olan “Toyota LC200” minik markalı, 2014-cü il buraxılışlı, ** AD *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərərə görə 14.517,25 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 14.547,25 manat pulun Cavabdeh tutularaq İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat 14:40 radələrində Bakı şəhəri R.Zorgi küçəsi ilə Xəqani küçəsinin kəsişməsində Cavabdeh idarə etdiyi və “xxxx” ASC sığorta şirkətində nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü ilə sığortalanmış “BMW 3301” markalı ** UO *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozmaqla, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialına məxsus, X1 tərəfindən idarə olunan “Toyota LC200” markalı ** AD *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Nəticədə şirkətə məxsus nəqliyyat vasitəsinə 19.000 manatdan artıq maddi zərər vurulmuşdur. Bakı şəhər DYPİ YNH inspektorunun tərtib etdiyi xx.xx.2020-ci il tarixli TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək, 60 manat cərimə edilmişdir. Cavabdeh (sığortalı) tərəfindən mülki məsuliyyətin icbari sığortası üzrə sığortaçısı olan “xxxx” ASC sığorta şirkətinə qəza anında dərhal məlumat verilmiş və sığortaçının nümayəndəsi hadisə yerinə gəlməklə bir neçə fotoşəkillər çəkmişdir. Bundan sonra sığortaçı ilə istehlakçıların təcrübədə qiymətləndirmə zamanı problem yaşadığını öncədən nəzərə alaraq, sığorta şirkəti, eyni zamanda cavabdehlə gələcəkdə zərərin həcminin müəyyənləşdirilməsi istiqamətində mübahisənin yarana bilmə ehtimalına görə şirkətin vəsaiti hesabına nəqliyyat vasitəsi 2 fərqli, rəsmi texniki xidmət və təmir müəssisəsinə aparılmış və mütəxəssislərin iştirakı ilə müayinə apanlaraq ehtiyat hissələri və onların dəyəri müəyyən edilmişdir. Texniki xidmət və təmir müəssisələrinin mütəxəssislərinin iştirakı ilə “Toyota” şirkətinin Azərbaycandakı rəsmi servisi olan “xxxx” MMC tərəfindən xx.xx.2020-ci il tarixli və digər rəsmi servis olan “MY AUTO Servis” şirkəti tərəfindən xx.xx.2020-ci il tarixli qüsur aktları tərtib edilmişdir. Mütəxəssislər tərəfindən tərtib edilmiş qüsur aktları əsasında “xxxx” MMC şirkəti ilkin texniki baxış zamanı nəqliyyat vasitəsinin təmiri üçün 19.445 manat müəyyən etmişdir. “MY AUTO Servis” şirkəti tərəfindən tərtib olunan qüsur aktına əsasən isə nəqliyyat vasitəsinin təmir xərcləri yekun olaraq 18.738,40 manat müəyyən edilmişdir. “xxxx” ASC sığorta şirkəti tərəfindən xx.xx.2020-ci il tarixdə iddiaçı ilə əlaqə saxlanılmış və avtomobilə dəymiş zərərə görə qanunvericiliklə müəyyən olunmuş maksimum məbləğin 5.000 manat olduğunu və cavabdeh tərəfindən digər əmlaka vurulmuş zərəri də nəzərə almaqla, iddiaçıya cəmi 4.927,76 manat köçürülməsi üçün Şirkətə müraciət məktubu və bank rekvizitinin göndərilməsi xahiş edilmişdir. Beləliklə, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı 4.927,76 manatın şirkətin bank hesabına köçürülməsi üçün sığorta şirkətinə xx.xx.2020-ci il tarixli 20/052 nömrəli məktub göndərmiş və gələcəkdə “xxxx” ASC-yə qarşı heç bir tələbinin olmadığını bəyan etmişdir. Bu məktuba əsasən xx.xx.2021-ci il tarixdə “xxxx” ASC tərəfindən İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialının bank hesabına 4.927,76 manat köçürmə edilmişdir. Daha sonra, iddiaçı Cavabdeh və yaxınlarına yerdə qalan zərərin ödənilməsi barədə bir neçə dəfə müraciət etmiş, lakin qarşı tərəf dəymiş zərəri ödəməkdən boyun qaçırmışdır. İddiaçı xx.xx.2021-ci il tarixli MP-009/21 nömrəli pretenziya məktubu ilə Cavabdeh müraciət edərək, nəqliyyat vasitəsinə dəymiş zərərin ödənilməmiş qalan 14.517,25 manat hissəsinin 5 gün ərzində ödənilməsini, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə məlumat vermişdir. Lakin pretenziya məktubunu qarşı tərəfə çatmasına baxmayaraq bu müddət ərizində cavabdeh tərəfindən dəymiş zərər ödənilməmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi və “AZEMİS” vasitəsilə mobil telefon nömrəsinə SMS göndərilməklə məlumat verilmişdir, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Cavabdeh xx.xx.2020-ci il tarixdə saat 14:40 radələrində idarə etdiyi “BMW 330İ” markalı ** UO *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri R.Zorgi küçəsi ilə Xəqani küçəsinin kəsişməsində hərəkət edərkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin tələbini pozaraq, svetaforun və ya nizamlayıcının qadağanedici işarəsi verilməsinə baxmayaraq hərəkəti davam etdirmiş və İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialına məxsus olan və X1 tərəfindən idarə olunan “Toyota LC200” markalı ** AD *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Nəticədə həmin avtomobillərə maddi zərər dəymişdir. Bununla da, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri X3 İdarəsinin xx.xx.2020-ci il tarixli TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 60 manat cərimə tətbiq edilmişdir. İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı mülkiyyətindəki “Toyota LC200” markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərərin məbləğinin müəyyən edilməsi üçün “xxxx” MMC-yə və “xxxx” servis şirkətinə müraciət etmiş, orada avtomobilə baxış keçirilmişdir. “xxxx” şirkətində avtomobilin ehtiyyat hissələrinin qiyməti, görülmüş iş haqqı daxil olmaqla, cəmi iş haqqı 2.050 manat, cəmi ehtiyat hisələrinin qiyməti 13.830 manat olmaqla, ümumilikdə təmir xərci 15.880 manat müəyyən edilmiş və bu barədə “xxxx” Şirkəti tərəfindən xx.xx.2020-ci il tarixli qüsur aktı tərtib edilmişdir. “xxxx” MMC-də avtomobilin ehtiyyat hissələrinin qiyməti, görülmüş iş haqqı daxil olmaqla, cəmi iş haqqı 2.165,25 manat, cəmi ehtiyat hisələrinin qiyməti 14.313,56 manat olmaqla, 16.478,81 manat ƏDV 2.966,19 manat olmaqla, ümumilikdə 19.445 manat müəyyən edilmiş və bu barədə “xxxx” MMC tərəfindən xx.xx.2020-ci il tarixli qiymətləndirmə aktı tərtib edilmişdir. Hesab-fakturadan müəyyən edilir ki, “Toyota LC200” markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün sifarişçi İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən “xxxx” MMC-yə ödəniləcək məbləğ avtomobilin ehtiyyat hissələrinin qiyməti, görülmüş iş haqqı daxil olmaqla, cəmi iş haqqı 2.270,66 manat, cəmi ehtiyat hisələrinin qiyməti 13.287,85 manat olmaqla, 2.800,49 manat ƏDV olmaqla, ümumilikdə 18.359 manat təşkil edir. xx.xx.2021-ci il tarixli hesab dövriyyəsindən müəyyən edilir ki, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı xx.xx.2021-ci il tarixli hesab-fakturaya əsasən “Toyota LC200” markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün “xxxx” MMC-yə 15.558,51 manat vəsait ödəmişdir. xx.xx.2021-ci il tarixli köçürmə aparılması haqqında bildirişdən müəyyən edilir ki, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı xx.xx.2021-ci il tarixli hesab-fakturaya əsasən “xxxx” MMC-yə 1.930,93 manat ƏDV ödəmişdir. Ödəniş qəbzindən müəyyən edilir ki, cavabdehə məxsus “BMW 3301” markalı ** UO *** dövlət nömrə nişanlı avtomobilin icbari sığortaçısı “xxxx” ASC tərəfindən 76L21 saylı akta əsasən 4.927,76 manat sığorta ödənişi İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialına ödənilmişdir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Cavabdehin baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu qanuni qüvvəyə minmiş inzibati xəta haqqında qərarla sübuta yetirildiyindən, həmin hadisə nəticəsində iddiaçının əmlakına vurulmuş zərərə görə onun mülki hüquqi məsuliyyəti yaranmışdır. “xxxx” MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli qiymətləndirmə aktına əsasən İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının mülkiyyətində olan “Toyota LC200” minik markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş real maddi zərərin məbləği 19.445 manat (ƏDV daxil) müəyyən edilmişdir. Cavabdehin sığortaçısı “xxxx” ASC tərəfindən iddiaçının əmlakına dəymiş zərərə görə 4.927,76 manat ödənilmiş, qalan 14.517,25 manat cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Bu səbəbdən iddiaçı vurulmuş zərərin ödənilməmiş hissəsini zərərvurandan tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərə vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının mülkiyyətində olan “Toyota LC200” minik markalı, 2014-cü il buraxılışlı, ** AD *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərərə görə 14.517,25 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 14.547,25 manat pul Cavabdeh tutularaq İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının mülkiyyətində olan “Toyota LC200” minik markalı, 2014-cü il buraxılışlı, ** AD *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərərə görə 14.517,25 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 14.547,25 (on dörd min beş yüz qırx yeddi manat iyirmi beş qəpik) manat pul Cavabdeh tutularaq İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-2231/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2231/2021
15.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver