Məhkəmə qərarları › İş №e-2(004)-2234/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2234/2023

20.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2234/2023 20.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, Cavabdeh QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “pul” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh QSC-dən xx.xx.2022-ci il tarixli, 014A********** saylı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtından əvvəl tamamilə bağlandığı günə (xx.xx.2023) ondan əlavə olaraq tələb edilən 563,61 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla "Accessbank” QSC-nin Sabunçu filialı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 014A********** saylı kredit müqaviləsinə əsasən o, bankdan 12.450 manat məbləğində kredit götürmüşdür. Həmin kredit müqaviləsi üzrə borcunu xx.xx.2023-cü il tarixdə tam şəkildə bağlamışdır. Həmin kredit müqaviləsi üzrə borcu xx.xx.2023-cü il tarixinə ödəniş cədvəlində və mobil tətbiqdə 10.979,57 manat göstərilsə də, ona 11.542,86 manat borcu olduğu bildirilmişdir. Səbəbini soruşduqda borc vaxtından əvvəl qaytarıldığı üçün 2 ay sonranın da faizinin qabaqcadan alındığı bildirilmişdir. Etirazını bildirdikdə kredit mütəxəssisinə zəng edib dəqiqləşdirə biləcəyini bildirmişlər, o, isə Cavid bəyə zəng edərək maraqlandıqda eyni sözləri təkrarən ona bildirmişdir. Həmin müqavilə bəndinin (Bank xidmətlərinə dair müqavilənin şərtləri) 7.16-cı bəndinə əsasən kredit vaxtından əvvəl tam qaytarıldıqda Bank, Müştəridən aşağıdakı məbləğlərdən daha az olanının Banka ödənilməsini tələb etmək hüququna malikdir: Ödəniş Planında göstərilmiş və ödənilməmiş bütün kredit faizləri və ya vaxtından əvvəl ödənişin edildiyi tarixə olan kredit qalığı üzrə iki aylıq kredit faizi. Belə bir müqavilə bəndi əsassızdır və müqavilənin standart şərti olduğu üçün həmin bəndlə razılaşmır. Qeyd olunan bənd həmçinin Mülki Məcəlləyə də ziddir. Göründüyü kimi bank tərəfindən müəyyənləşdirilmiş hazırki norma Mülki Məcəllənin məzmununa ziddir. Hazırki vəziyyətdə o, öhdəliyini vaxtından əvvəl yerinə yetirərək borcunu tamamən bağlamaqla nəinki öz xeyrinə, həmçinin bankın xeyrinə hərəkət etmiş (bank onun tərəfindən ödənilən pulu yenidən başqa müştərilərə sataraq faizlər əldə edə biləcək) olduğu halda, bankın ondna gələcək faizləri almaq hüququ yoxdur. Çünki bank bu halda heç nə itirmir, əksinə qazanır və əlavə olaraq əldən çıxmış fayda olaraq özünə 2 ay sonranın faizini götürür. Əks halda müqaviləni vaxtından əvvəl qaytarmağın heç bir mənası qalmayacaq. Göründüyü kimi bankın müqavilənin standart şərti olaraq müqaviləyə daxil etdiyi 7.16.2-ci bəndi etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün, yəni onun üçün zərərli olduğundan etibarsızdır. Bütün normaların məzmunundan görünür ki, bankın ondna əlavə olaraq tələb etdiyi 2 aylıq faiz məbləği MM-in əksər müddəalarına ziddir. Bunu bankın hazırki Bank xidmətlərinə dair müqavilənin şərtlərinin 1.56-cı bəndinə əsasən də görmək mümkündür. Həmin bənddə göstərilmişdir ki, kredit faizi dedikdə kreditdən istifadə üçün kreditin faiz dərəcəsi əsasında hesablanan pul (faiz) məbləği başa düşülür. Bu halda, o, borcunu vaxtından əvvəl bağlayaraq 2 ayın kreditindən istifadə etmədiyi halda, onun üçün necə kredit faizi hesablana bilər?! Cavabdeh QSC-dən başqa heç bir bankda belə bir müqavilə şərti yoxdur və müqavilə bağlanılan anda borc nə qədər göstərirsə, həmin məbləğ tutulur. Bununla yanaşı, bank tərəfindən verilmiş ödəniş çeklərində və mobil tətbiqdə kredit üzrə faiz ödənişi 161,03 manat, kredit üzrə komissiya haqqı isə 402,58 manat göstərilmişdir. Buradan bir daha görünür ki, bankın öz sistemində belə, 2 aylıq gələcək faiz hesablanması mümkün olmadığına görə ödənilən məbləğ komissiya haqqı kimi rəsmiləşdirilmişdir. Bank xidmətlərinə dair müqavilənin şərtlərinin 1.65-ci bəndinə əsasən Komisyon haqq - Kreditin və (və ya) Kredit Limitinin verilməsi üçün Müştəri tərəfindən müvafiq olaraq Ərizəyə və / və ya Tariflərə əsasən ödənilən birdəfəlik ödənişdir. Əgər Komisyon haqq - Kreditin və (və ya) Kredit Limitinin verilməsi üçün nəzərdə tutulmuş ödənişdirsə, borc bağlanan zaman nə üçün komissiya haqqı kimi ondan 402,58 manat pul tutulur?! Çünki bank bu halda heç bir kredit vermir və pul sadəcə olaraq bankın xəzinəsinə ödənilir. Odur ki, onun tərəfindən artıq ödənilməyə məcbur edilmiş 563,61 manat məbləğində pul bankdan tutularaq ona geri qaytarılmalıdır. Onun tərəfimdən xx.xx.2023cü il tarixdə pretenziya məktubu göndərilərək 3 iş günü müddətində həmin pulun ona geri ödənilməsi, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq edilsə də, bank cavab məktubunda pulu qaytarmayacağını bəyan etmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, işi ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixə, saat 10:45-ə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddia tələbini müdafiə etdiyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh QSC-nin nümayəndəsi X4 məhkəməyə yazılı çıxışını təqdim etmiş və çıxışında qeyd etmişdir ki, İddiaçı ilə "xxxx" QSC arasında 22 aprel 2022-ci il tarixdə kredit müqaviləsinin ümumi və xüsusi şərtlərinin qəbul edilməsinə dair ərizə imzalanmış və iddiaçı üçün 12.450 manat məbləğində kredit rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, iddiaçının "Bank Xidmətlərinin Göstərilməsi haqqında X2", Tariflər və Valyuta Məzənnəsi ilə tanış olduğuna n və onları qəbul etdiyinə dair iradə ifadəsi mövcud olmuş və ərizə imzalanmışdır. Bu fakt bir daha təsdiq edir ki, iddiaçı bankın internet səhifəsində yerləşdirilmiş X2ni qəbul edərək kreditin rəsmiləşdirilməsi üçün müraciət etmişdir. Bankın internet səhifəsində yerləşdirilən X2nin 7.16-cı bəndində göstərilir ki, kredit vaxtından əvvəl tam qaytarıldıqda Bank, Müştəridən aşağıdakı məbləğlərdən daha az olanının Banka ödənilməsini tələb etmək hüququna malikdir: Ödəniş Planında göstərilmiş və ödənilməmiş bütün kredit faizləri və ya vaxtından əvvəl ödənişin edildiyi tarixə olan kredit qalığı üzrə iki aylıq kredit faizi. Bəndin məzmunundan da müəyyən edilir ki, kreditin vaxtından əvvəl tam qaytarıldığı halda Bankın yuxarıda göstərilən hüquqlardan daha az olanını tələb etmək hüququ mövcuddur. Müştəri tamamilə öz iradə ifadəsi ilə məhz "xxxx" QSC-də kredit rəsmiləşdirməyi qərara almış, müqavilənin ümumi və xüsusi şərtləri ilə əvvəlcədən tanış olmuş və şərtləri qəbul etdiyinə dair razılığını imzası ilə bəyan etmişdir. Buna görə də hazırki iddia tələbi tamamilə əsassız olduğu üçün rədd edilməsi zərurəti vardır. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Müştəri İddiaçı Cavabdeh QSC-yə ünvanladığı ərizənin təsdiq olunmuş sutərindən müəyyən olunur ki, o, hazırki ərizəni imzalamaqla Bankdan ona kredit limitinin ayrılmasını və həmin kredit limiti üzrə kredit(lər)in verilməsini xahiş etmiş, eyni zamanda bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin Göstərilməsi haqqında X3”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olduğunu və onları qəbul etdiyini bəyan etmişdir. “Bank Xidmətlərinin Göstərilməsi haqqında X2”nin 7.16-cı bəndindən görünür ki, kredit vaxtından əvvəl tam qaytarıldıqda Bank, Müştəridən aşağıdakı məbləğlərdən daha az olanının Banka ödənilməsini tələb etmək hüququna malikdir: 7.16.1-ci bəndə əsasən ödəniş planında göstərilmiş və ödənilməmiş bütün kredit faizləri; və ya 7.16.2-ci bəndə əsasən vaxtından əvvəl ödənişin edildiyi tarixə olan kredit qalığı üzrə iki aylıq kredit faizi. xx.xx.2023-cü il tarixli Cavabdeh QSC tərəfindən İddiaçı ünvanlanmış cavab məktubunun sutərindən görünür ki, xx.xx.2022-ci il tarixli, 014A********** saylı kredit müqaviləsi üzrə İddiaçı Bank qarşısında kredit öhdəliyini xx.xx.2023-cü il tarixdə tam olaraq yerinə yetirmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh QSC arasında xx.xx.2022-ci il tarixdə 014A********** saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən bank tərəfindən müştəriyə istehlak məqsədi üçün 48 ay müddətinə, 22 faiz dərəcəsi ilə 12450 manat məbləğində kredit limiti ayrılmışdır. İddiaçı bank qarşısında olan öhdəliklərini vaxtında əvvəl, yəni xx.xx.2023-cü il tarixdə tam olaraq icra etmişdir. Bunun nəticəsində bank tərəfindən müştəridən “Bank Xidmətlərinin Göstərilməsi haqqında X3”nin 7.16-cı bəndinə əsasən vaxtından əvvəl ödənişin edildiyi tarixə olan kredit qalığı üzrə iki aylıq kredit faizi tələb edilmişdir. Hazırda iddiaçıvaxtından əvvəl ödəniş olunduğu tarix üzrə ondan tələb olunan iki aylıq əlavə kredit faizini qanunsuz hesab edərək ona geri qaytarılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia ərizəsi əsassızdır və rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş “Bank Xidmətlərinin Göstərilməsi haqqında X2”nin 7.16-cı bəndində mübahisə predmenti olan kredit faizinin tələbi açıq şəkildə bəyan edilmiş və İddiaçı xx.xx.2022-ci il tarixdə Banka təqdim etdiyi ərizəsində sözügedən şərtlərlə tanış olduğunu və qəbul etdiyini bildirmişdir. Mülki Məcəllənin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh QSC-yə qarşı “pul” tələbi barədə ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar