Məhkəmə qərarları › İş №e-2(004)-2238/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2238/2023

13.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2238/2023 13.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X1 Azərbaycan” QSC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair sadələşmiş icraat qaydasında iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh 314,46 manat əsas borc, 20,09 manat faiz borcu, 27,31 manat cərimə borcu olmaqla, cəmi 377,66 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci ildə «X1 Azərbaycan» QSC və Cavabdeh arasında bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə bağlanmışdır. Kredit müqaviləsinin 4.26-cı maddəsinin şərtlərinə görə, bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 500 manat (beş yüz manat) məbləğində kredit kartı limiti ayrılmışdır. «X1 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, Cavabdeh kredit müqaviləsinin şərtlərini pоzaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etməmiş və bu günədək bоrcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən «X1 Azərbaycan» QSC-yə оlan bоrcu əsas məbləğ üzrə 314,46 manat (üç yüz on dörd manat qırx altı qəpik), hesablanmış və ödənilməmiş faiz borcu üzrə 29,09 manat (iyirmi doqquz manat doqquz qəpik), cərimə borcu üzrə 27,31 AZN ( iyirmi yeddi manat otuz bir qəpik), müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 2 manat (iki manat), bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri üzrə 4,8 manat (dörd manat səksən qəpik) olmaqla, cəmi 377,66 manat (üç yüz yetmiş yeddi manat altmış altı qəpik) təşkil edir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(046)-384/2023 saylı qərardadına əsasən mülki iş iddia icraatına keçirilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(046)-384/2023 saylı qərardadına əsasən mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilmişdir. Mülki iş xx.xx.2023-cü il tarixdə Yasamal rayon Məhkəməsinin icratına daxil olmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, maliyyə arayışında qeyd olunan borcu ödəmiş, yəni iddia ərizəsində qeyd edilmiş ümumilikdə 378 manat borc üzrə tam şəkildə ödəniş etmişdir. Bununla bağlı qəbzləri də məhkəməyə təqdim etmişdir. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu ilə bağlı tələbi də qəbul edir və gələcəkdə ödəyə bilər. Göstərilənlərə əsasən iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan - bank - “X1 Azərbaycan” QSC ilə müştəri - Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqında qarışıq müqaviləyə əsasən müəyyən olunur ki, bank müştəriyə cari hesab açmağı, illik 32% dərəcəsi ilə 15 il müddətinə 500 manat məbləğində kredit xətti açmağı, açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə dair müştərinin sərəncamlarını yerinə yetirməyi, müştəri - Cavabdeh isə bank tərəfindən aparılan bu əməliyyatlara görə şərtləşdirilmiş qaydada və məbləğdə haqq ödəməyi, kredit limiti üzrə istifadə etmiş olduğu vəsaiti və ona hesablanmış faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. - xx.xx.2022-ci il tarixli pretenziya məktubuna əsasən müəyyən olunur ki, iddiaçı “X1 Azərbaycan” QSC tərəfindən cavabdehə borcun ödənilməsinə dair xəbərdarlıq məktubu göndərilmişdir. - “X1 Azərbaycan” QSC tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 314,46 manat əsas, 29,09 manat faiz borcu, 27,31 manat cərimə, komissiyalar üzrə 2 manat, poçt xərcləri üzrə 4,8 manat olmaqla, cəmi 377,66 manat borcu vardır. - xx.xx.2023-cü il tarixli qəbzə əsasən müəyyən olunur ki, Cavabdeh tərəfindən kredit borcunun ödənişi olaraq “X1 Azərbaycan” QSC-yə 250 manat məbləğində ödəniş edilmişdir. - xx.xx.2023-cü il tarixli qəbzə əsasən müəyyən olunur ki, Cavabdeh tərəfindən kredit borcunun ödənişi olaraq “X1 Azərbaycan” QSC-yə 128 manat məbləğində ödəniş edilmişdir. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında kredit müaviləsi üzrə öhdəlik münasibətləri yaranmışdır. İddiaçı öhdəliyini icra etsə də cavabdeh öhdəliyini vaxtında lazmınca icra etməmiş və müqavilə üzrə cəmi 377,66 manat borcu yaranmışdır. Lakin cavabdeh xx.xx.2023 və xx.xx.20230-cü il tarixlərdə banka cəmi 378 manat məbləğində ödəniş edərək borcunu ödəmişdir. Bundan sonra iddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizənin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 95,94 manat cərimə borcu və poçt xərcləri üzrə 4,8 manat olmaqla, cəmi 100,74 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pulun iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddia ərizənin dəqiqləşdirilməsi barədə ərizə məhkmənin baxış mərhələsində verildiyindən icraata qəbul edilməmişdir. Məhkəmə hesab edir ki, bank xx.xx.2022-ci il tarixdə cavabdehin borcunun cəmi 377,66 manat olması barədə maliyə arayışı tərtib etmiş, cavabdeh isə məhkəmə gedişində müxtəlif tarixlərdə olmaqla cəmi 378 manat məbləğində ödənişi banka ödəmiş və həmin maliyyə arayışına əsasən borcu qalmamışdır. Bank bundan sonra yenidən cavabdehin cərimə borcunun 95,94 manat olması barədə xx.xx.2023-cü il tarixdə maliyyə arayışı təqdim etməsinə baxmayaraq, cərimə borcunun yenidən artıq hesablasının səbəblərini əsaslandırmamışdır və icraata qəbul edilmiş iddia ərizəsinə əsasən 27,31 manat məbləğində cərimə borcunun tutulmasını xahiş etmiş, hansı ki, həmin borc cavabdeh tərəfindən ödənilmişdir. Məhkəmə cavabdeh tərəfindən borcun tam ödənilməsini nəzərə alaraq qeyd edir ki, iddia tələbi 314,46 manat əsas, 29,09 manat faiz borcu, 27,31 manat cərimə, komissiyalar üzrə 2 manat, poçt xərcləri üzrə 4,8 manat olmaqla, cəmi 377,66 manat məbləğində borcu tutulması hissəsində təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə yaranmış borcun tutulması hissəsində borcun tam şəkildə ödənilməsi əsası ilə rədd edilməsinə baxmayaraq, borc məhkəmə baxışı gedişatında ödənildiyindən iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərclərinin əvəzi olaraq ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat Cavabdeh iddiaçı “X1 Azərbaycan” QSC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul iddiaçı “X1 Azərbaycan” QSC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar