Məhkəmə qərarları › İş №e-2(004)-2251/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2251/2025

04.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2251/2025 04.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair sadələşdirilmiş icraat üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada iddiaçı "xxxx" MMC-nin xeyrinə 2774,05 manat əsas borc, 262,59 manat faiz borcu və 30,00 manat dəbbə borcu olmaqla, cəmi 3066,64 manat məbləğində borcun və 51,40 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduqları mülki işə, iddianın məbləği iki min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138-139-cu maddələrinin tələblərinə əsasən MPM-in 47-ci maddəsində nəzərdə tutulmuş prossesual hüquq və vəzifələri izah edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə bildirişi və ona əlavə edilmiş sənədlər lazımı qaydada göndərilmiş, lakin onlar qanunla nəzərdə tutulmuş vaxt ərzində hər hansı əsaslandırılmış etirazın dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişlər. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284- 1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ACAM2-16865-3862 nömrəli kredit müqaviləsinə əsasən, bank müqavilədə göstərilmiş 3000 (üç min) manat məbləği borcluya verməyi, kredit alan isə əvəzində ödəniş planına uyğun olaraq 24 ay ərzində, illik faiz dərəcəsi 38 %-lə ödəməyi və müqavilədə göstərilən digər öhdəlikləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 xx.xx.2024cü il tarixli, ACAM2-16865-3862 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh2 xx.xx.2024-cü il tarixli, ACAM2-16865-3862 nömrəli kredit müqaviləsi üzrə "xxxx" MMC-yə əsas borc üzrə 2774,05 manat, faiz üzrə 262,59 manat, cərimə üzrə 30.00 manat, cəmi 3066.64 manat borcu vardır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixli, ACAM2-16865-3862 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə "xxxx" MMC-yə 2831,65 (iki min səkkiz yüz otuz bir manat altmış beş qəpik) manat əsas borc, 116,83 (yüz on altı manat səksən üç qəpik) manat faiz borcu, 28,24 (iyirmi səkkiz manat iyirmi dörd qəpik) manat cərimə, cəmi 2976,72 (iki min doqquz yüz yetmiş altı manat yetmiş iki qəpik) manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 51 (əlli bir) manat məbləğində dövlət rüsumu, 0,40 (qırx qəpik) manat bank xidmət haqqı ödənilmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 460.1-cı maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini icra etmiş, lakin cavabdehlər müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişlər. Məhkəmə iş materiallarını araşdırıb, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyi (ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.) nəzərə alaraq hesab edir ki, hazırki mülki iş üzrə xx.xx.2024-cü il tarixli, ACAM2-16865- 3862 saylı kredit müqaviləsinə əsasən faiz və cərimə üzrə hesablanmış borc məbləği cavabdehlərə ünvanlanmış pretenziya məktubundan (iradə ifadəsinin təsdiqindən) hesablanmalıdır. Məhkəmə qeyd edir ki, sadələşdirilmiş icraat üzrə iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2024-cü il tarixli, ACAM2-16865-3862 nömrəli kredit müqaviləsi üzrə 2774,05 (iki min yeddi yüz yetmiş dörd manat beş qəpik) manat əsas borc, 116,83 (bir yüz on altı manat səksən üç qəpik) manat faiz borcu, 28,24 (iyirmi səkkiz manat iyirmi dörd qəpik) cərimə olmaqla, cəmi 2919,12 (iki min doqquz yüz on doqquz manat on iki qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi 51,40 (əlli bir manat qırx qəpik) manat məbləğində pul iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2024-cü il tarixli, ACAM2-16865-3862 nömrəli kredit müqaviləsi üzrə 2774,05 (iki min yeddi yüz yetmiş dörd manat beş qəpik) manat əsas borc, 116,83 (bir yüz on altı manat səksən üç qəpik) manat faiz borcu, 28,24 (iyirmi səkkiz manat iyirmi dörd qəpik) cərimə olmaqla, cəmi 2919,12 (iki min doqquz yüz on doqquz manat on iki qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi 51,40 (əlli bir manat qırx qəpik) manat məbləğində pul tutularaq, iddiaçı "xxxx" MMCyə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar