Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-2287/2025 17.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş məhkəmə aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 13-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Məhkəmə qeyd edir ki, mübahisənin kommersiya mübahisəsi kimi qiymətləndirilməsi üçün 3 əsas dispozitiv şərt lazımdır:
1. Subyektlər (hər ikisi) sahibkarlıq fəaliyyəti ilə məşğul olmalıdırlar.
2. Mübahisənin predmeti sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır.
3. Subyektlər arasındakı münasibətlər sahibkarlıq münasibətlərdən əmələ gəlməlidir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan hər 3 (üç) şərt birlikdə mövcud olduqda münasibətlər sahibkarlıq münasibətlərindən əmələ gələn münasibət hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1.-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 30-cu maddəsinə əsasən, bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, İddiaçı və Cavabdeh1 fərdi sahibkardırlar, vergi ödəyicisidirlər. Bundan əlavə, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, kağız məmulatlarını rəhbərlik etdiyi hüquqi şəxsin adından satmışdır. Cavabdeh1 da məhkəmə iclasında izahat verərək həmin kağızları iddiaçının rəhbərlik etdiyi hüquqi şəxsdən (MMC) almışdır. Müəyyən edilir ki, mübahisənin predmetini məhz tərəflər arasındakı kağız materialların alqı-satqı münasibətləri üzrə iddiaçıya qalıq borc olaraq 11498 manat pulun ödənilməsi təşkil edir. Yəni, mübahisə həm İddiaçı, həm də Cavabdeh1 nöqteyi-nəzərdən kommersiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun hüquqi mövqeyi əsas götürülməklə hazırki mübahisə üzrə tərəflər kommersiya subyektləri olmaqla onlar arasında yaranmış münasibətlər kommersiya hüquq münasibətləridir. Tərəflər arasında yaranan münasibətlər məhz mübahisə üzrə tərəflərin (subyekt) özözlüyündə kommersiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlı sahibkarlıq münasibətlərindən doğmuşdur. Nəticə etibarilə, yuxarıda qeyd olunan hər 3 (üç) dispozitiv şərt ödənilir. Qeyd olunanlar nəzərə alınmaqla, məhkəmə iddiaçının nəzərinə çatdırır ki, iddia ərizəsi ümumi məhkəməyə deyil, müvafiq kommersiya məhkəməsinə verilməlidir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh kommersiya hüquqi şəxsləridir və tərəflər arasında yaranmış münasibətlər üzrə mübahisə sözügedən subyektlərin sahibkarlıq fəaliyyətlərinin həyata keçirilməsi əsasında yaranmaqla mübahisənin predmetinin əsasını kommersiya hüquq münasibətləri təşkil edir. Nəticə etibarilə, mövcud məhkəmə təcrübəsi və qanunvericiliyinin tələbləri əsas götürülməklə iddia tələbinin kommersiya aidiyyatı baxımından yuxarıda qeyd olunan hər 3 (üç) dispozitiv şərt yerinə yetirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci və 45-ci maddələrini rəhbər tutaraq məhkəmə
Q Ə R A R A A L D İ:
İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş baxılması üçün məhkəmə aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər.
Sədrlik edən: Fariz Əlizadə