Məhkəmə qərarları › İş №e-2(004)-2310/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2310/2024

24.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2310/2024 24.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə ə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli RGTK4623728B299 nömrəli kredit müqaviləsi üzrə yaranmış 6081,83 manat əsas borc, hesablanmış 327,07 manat faiz borcu və ödənilmiş 84,09 manat dövlət rüsumu olmaqla, cəmi 6492,99 manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli RGTK4623728B299 saylı kredit müqaviləsinə əsasən onun kartına müddəti 83 ay, illik 16 faiz dərəcəsi ilə 6081,83 AZN məbləğində pul mədaxil edilmişdir. Daha dəqiq desək kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri dövlət rüsumunun ödənilməsi haqqında məlumat ərizəni imzalayan şəxs haqqında məlumat: ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və hesabdan çıxarışdır. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 6081,83 manat əsas; 327,07 manat faiz borcu olmaqla, cəmi 6408,90 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi xəbərdarlıq göndəriləsinə baxmayaraq cavabdeh borcu ödəməmişdir. Odur ki, bank hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməklə, həmçinin “AZEMİS” vasitəsilə SMS bildirişi göndərilməklə məlumat verilmişdir. Lakin iddiaçının nümayəndəsi məhkəməyə gəlməmişldir. İddiaçı ASC xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini, nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məlum olan ünvan 1 ünvana məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin bildirişləri cavabdehə təqdim etmək mümkün olmamışdır. Bu barədə müvafiq qeyd yazılmaqla poçt tərəfindən bildirişlər məhkəməyə qaytarılmışdır. Həmçinin Cavabdeh məxsus olan 055 539 27 05, 055 486 28 13, 055 401 34 93, 051 253 89 54 və 070 433 64 69 nömrəli mobil nömrələrə “AZEMİS” vasitəsilə SMS bildirişi göndərilmişdir, lakin “çatdırılmayıb” qeydləri yazılmaqla, SMS bildirişləri çatdırmaq mümkün olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.6-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçının nümayəndəsinin, MPM-nin 147-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Belə ki, xx.xx.2023-cü il tarixli RGTK4623728B299 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC borcalan Cavabdeh 83 ay müddətinə illik 16 faiz dərəcəsi ilə 6081,83 manat kredit vermişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borcalan müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Xəbərdarlıq olunmasına baxmayaraq borcun qaytarılmasını təmin etməmişdir. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarından müəyyən edilir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Borcalan müqavilə öhdəliyini yerinə yetirmədiyinə görə kreditor borcalandan borcu tələb etməklə, tərəflər arasında bağlanmış kredit müqaviləsini ləğv etmişdir. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli 2024/104/7709 nömrəli maliyyə arayışından müəyən edilir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə İddiaçı ASCyə 6081,83 manat əsas borc, 327,07 manat faiz borcu olmaqla, cəmi 6408,90 manat borcu yaranmışdır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən kredit müqaviləsi üzrə yaranmış borc və ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli RGTK4623728B299 nömrəli kredit müqaviləsi üzrə yaranmış 6081,83 manat əsas borc, hesablanmış 327,07 manat faiz borcu və ödənilmiş 84,09 manat dövlət rüsumu olmaqla, cəmi 6492,99 (altı min dörd tüz döxsan iki manat doxsan doqquz) manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar