Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2311/2022 10.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2, Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3000 manat məbləğində ödənilmiş sığorta ödənişinin və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50,40 manat pulun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-də 01 sentyabr 2020-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış "BMW" markalı ** NM *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 06 avqust 2021-ci il tarixdə Bakı şəhərində şəhərində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində X5 tərəfindən idarə olunan "BMW" markalı ** OY *** dövlət qeydiyyat nişanlı və X1 tərəfindən idarə olunan “Mercedes Benz A250" markalı ** OH *** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşaraq onu zədələmişdir. Nəsimi rayon DYPŞnin qərarı ilə Cavabdeh1 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə etmişdir. Bundan başqa, o hadisə yerindən yayınmışdır. Zərərçəkənlərin avtomobillərinin zədələnməsi ilə bağlı cəmi 3100 manat məbləğində sığorta ödənişi verilimişdir. Həmin məbləğdən 100 manat zərərvuran tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. Odur ki, zərərçəkənin avtomobilinin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxslərə ödənilmiş sığorta ödənişinin məbləği cavabdehdən tutularaq iddiaçıya venimətidir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X7 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul edərək, izahatında bildirmişdir ki, o maşın ustasıdır. Cavabdeh2 avtomobilini ona təmir etmək üçün vermişdir. Qəza onun avtomobili təmirdən sonra yoxlamaq üçün idarə etdiyi zaman avtomobildə müəyyən nasazlıq olduğu üçün baş vermişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə barədə məhkəmə bildirişi göndərilmişdir, lakin o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdeh lərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin nəqliyyat vasitələrinin qeydiyyat hərəkətlərinin aparılması baradə məlumatların kompüter çıxarışından müəyyən olunur ki, “BMW" markalı ** NM *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 adına qeydiyyatdadır. İş materiallarında olan Nəsimi RPİ DYPŞ-nin 07.08.2021-ci il tarixli AP0207606 saylı inzibati xəta haqqında protokolundan və inzibati tənbeh vermə haqqında 07.08.2021-ci il tarixli qərarından müəyyən edilir ki, Cavabdeh1 idarə etdiyi "BMW" markalı ** NM *** dövlət qeydiyyat nişanlı avtomobillə 08.06.2021-ci il tarixdə saat 23:57 radələrində Bakı şəhəri S.Rəhimov küçəsindən sağa M.Qardaşları küçəsinə dönərkən idarəetməni itirmiş və dayanmış vəziyyətdə olan "BMW" markalı ** OY *** dövlət qeydiyyat nişanlı və X1 tərəfindən idarə olunan “Mercedes Benz A250" markalı ** OH *** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuşdur. Nəticədə həmin avtomobillərə maddi zərər dəymişdir. Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 327.6 və 327.6ci maddəsində nəzərdə tutulmuş inzibari xətanı törətdiyinə görə 100 manat inzibati cərimə edilmişdir. İş materiallarında olan İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, 18.08.2020-ci il tarixli PGU********** nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə müqaviləyə əsasən Cavabdeh2 məxsus "BMW" markalı ** NM *** dövlət qeydiyyat nişanlı avtomobil 12 ay müddətində əmlaka vurulan zərərə görə 5.000 manat, sağlamlığa vurulan zərərə bir şəxs üçün 5.000 manat, sağlamlığa vurulan zərərə bir hadisə üzrə 50.000 manat həcmində sığortalanmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş 19.08.2021-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktlardan görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində "BMW" markalı ** OY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ümumi məbləği 1250 manat, “Mercedes Benz A250" markalı ** OH *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ümumi məbləği 1850 manat müəyyən edilmişdir. İş materiallarında olan 13.09.2021-ci il tarixli PGU-212804 nömrəli sığorta ödənişi ilə bağlı aktdan və 15.09.2021-ci il tarixli 98699 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "BMW" markalı ** OY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərəri aradan qaldırılmaq üçün X3 1250 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan 11.10.2021-ci il tarixli PGU-212805 nömrəli sığorta ödənişi ilə bağlı aktdan və 15.10.2021-ci il tarixli 103217 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən “Mercedes Benz A250" markalı ** OH *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərəri aradan qaldırılmaq üçün X6 1850 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 Cavabdeh2 mülkiyyətində olan “BMW" markalı ** NM *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə edərkən 07.08.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətmiş və hadisə nəticəsində "BMW" markalı ** OY *** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz A250" markalı ** OH *** dövlət qeydiyyat nişanlı avtomobillərə zərər vurulmuşdur. 19.08.2021-ci il tarixli zərər aktlarına əsasən "BMW" markalı ** OY *** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz A250" markalı ** OH *** dövlət qeydiyyat nişanlı avtomobillərə ümumilikdə 3000 manat zərər dəymişdir. Zərəri aradan qaldırmaq üçün icbari sığorta müqaviləsinə əsasən "xxxx" ASC 3000 manat sığorta ödənişi ödəmişdir. Cavabdeh2 sahibliyindən qanunsuz olaraq Cavabdeh1 tərəfindən götürülmüşdür. Belə ki, Cavabdeh1 məhkəmə iclasında avtomobili təmir etdiyini və yoxlamaq üçün idarə etdiyini bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" ASC 14.04.2017-ci il tarixli sığorta şəhadətnaməsi (müqaviləsi) üzrə verilmiş 3000 manat sığorta ödənişini Cavabdeh1 subroqasiya qaydasında tələb etməkdə haqlıdır. Cavabdeh2 avtomobilini Cavabdeh1 təmir edilməsi üçün verdiyindən avtomobilin sonuncu tərəfindən idarə edilməsi barədə məlumatlı olmağa borclu olmamışdır. Ona görə zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyini idarə edən Cavabdeh1 üzərinə düşür. Bu səbəbdən, iddiaçı "xxxx" ASC Cavabdeh2 subroqasiya qaydasında sığorta ödənişini geriyə tələb etməkdə haqlı deyildir. Belə ki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ - icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. “İcbari Sığortalar haqqında” Qanunun 53.1-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. “İcbari Sığortalar haqqında” Qanunun 53.3-cü maddəsinə əsasən avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini icbari sığorta etdirərək sığorta haqqı ödəyən və müvafiq icbari sığorta müqaviləsinin tərəfi olan şəxs sığortalı hesab edilir. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. ''Sığorta haqqında'' Qanunun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 sığorta ödənişi kimi ödənilmiş 3000 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 50,40 manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 3000 (üç min) manat məbləğində ödənilmiş sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50,40 (əlli manat qırx qəpik) manat pul tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-2311/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2311/2022
10.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver