Məhkəmə qərarları › İş №e-2(004)-2319/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2319/2022

31.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2319/2022 31.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, borclu Hüseynova Şəfəq Həsən qızı "xxxx" ASC-nin Yasamal filialı ilə bağladığı BPM**********20 saylı 15.10.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 36 ay müddətinə, 20 faizlə 15000 AZN məbləğində pul vəsaiti götürmüşdür. Lakin əldə olunmuş məlumata görə Hüseynova Şəfəq Həsən qızı 10.06.2020-ci il tarixində vəfat etmişdir. 3 saylı Bakı “Asan xidmət” notariat ofisi tərəfindən verilən məlumata əsasən Hüseynova Şəfəq Həsən qızının miras əmlakına dair ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh miras payı əldə etməsi barədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 11.03.2022-ci il tarixli maliyyə arayışına əsasən görə Hüseynova Şəfəq Həsən qızının Banka ödənilməmiş qalan 11764.99 manat əsas, 0.88 manat faiz borcu olmaqla, cəmi 11765.87 manat borcu vardır. Cavabdeh qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Yuxarıda göstərilənlərə əsasən mərhum Hüseynova Şəfəq Həsən qızının vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 11764.99 AZN əsas, 0.88 AZN faiz borcuolmaqla cəmi 11765.87 AZN borcun, ödənilmiş 125.30 AZNdövlət rüsumunun və 0,40 (qırx qəpik) AZN bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izhahat verdi və əlavə olaraq bildirdi ki, iş məhkəmədən olan zaman cavabdeh tərəfindən kredit müqaviləsi üzrə 200 manat məbləğində ödəniş edilmişdir. Qeyd edilənlərə əsasən qətnamə çıxarılarkən ödənişin nəzərə alınaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh iddia təlbini qismən qəbul edərək bildirdi ki, iş üzrə borclu onun anası olmuş və sonuncu 2020-ci il tarixdə rəhmətə getmişdir. Anasının banka olan borcundan xəbəri olmamışdır. O, banka olan borcdan 26.05.2022-ci il tarixdə 200 manat ödəniş etmişdir. Tələb edilən məbləği birdəfəyə ödəmək iqtidarında deyildir. Belə ki, özü müəllimə işləyir, 350 manat məbləğində maaş alır. Həmin məbləğdən hər ay 200 manat ödəniş edə bilər. Odur ki, tutulacaq məbləğin hissə-hissə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı "xxxx" ASC ilə Hüseynova Şəfəq Həsən qızı arasında bağlanmış 15.10.2019-cu il tarixli, BPM**********20saylı kredit müqaviləsinə əsasən, bank sonuncuya 36 ay müddətinə illik 20 faiz hesablanmaqla 15000 manat məbləğində kredit verilmişdir. Hüseynova Şəfəq Həsən qızı 10.06.2020-ci il tarixdə vəfat etmiş və Cavabdeh sonuncunun qanun üzrə vərəsəsi kimi tanınaraq ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmiş, sonuncu anasından qalan miras əmlakı qəbul etmişdir. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə bank qarşısında məsuliyyət daşıyıraraq borcu yaranmışdır. İddiaçı, tərəfdən təqdim edilmiş 11.03.2022-ci il tarixli arayışa əsasən borclunun kredit müqaviləsinə əsasən 11.03.2022-ci il tarixinə 11764.99 manat əsas, 0.88 manat faiz borcunun olması müəyyən edilmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə 26.05.2022-ci il tarixində 200 manat məbləğində ödəniş etmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməmişdir. Göründüyü kimi cavabdeh Əlizadə X1 Şəfəq Həsən qızının qanun üzrə vərəsəsi kimi tanınaraq ona mülkiyyət və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verildiyindən, cavabdeh miras qoyanın borcunu kreditorlara münasibətdə tam olaraq ödəməyə borclu olduğundan sözü gedən pul məbləği də, cavbadehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin iddia tələbinin cavabdehdən iddiaçının xeyrinə əsas borc üzrə 11764.99 manatın tutulması hissəsəsində qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 26.05.2022-ci il tarixli qəbzdən görünür ki, Hüseynova Şəfəq Həsən qızının kredit borcu üzrə 200 manat məbləğində ödəniş edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə əsas borc üzrə 11564.99 manat (11764.99-200=11564.99 manat) məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikasının MM-nin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci madddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Eyni Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh əsas borc üzrə 11564 (on bir min beş yüz altmış dörd) manat 99 (doxsan doqquz) qəpik, faiz borcu üzrə 88 (səksən səkkiz) qəpik, cəmi 11565 (on bir min beş yüz altmış beş) manat 87 (səksən yeddi) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 125 (bir yüz iyirmi beş) manat 30 (otuz) qəpik dövlət rüsumu və 0.40 (qırx) qəpik xidmət haqqı Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əsas borc üzrə 11564 (on bir min beş yüz altmış dörd) manat 99 (doxsan doqquz) qəpik, faiz borcu üzrə 88 (səksən səkkiz) qəpik, cəmi 11565 (on bir min beş yüz altmış beş) manat 87 (səksən yeddi) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 125 (bir yüz iyirmi beş) manat 30 (otuz) qəpik dövlət rüsumu və 0.40 (qırx) qəpik xidmət haqqı Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar