Məhkəmə qərarları › İş №e-2(004)-232/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-232/2025

06.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-232/2025 06.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər:kredit müqaviləsi) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Kamranlı Mahsun Şahin oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İddiaçı "xxxx" ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdeh) qarşı "ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 vərəsələri Cavabdeh1 və Cavabdeh2 iddiaçı"xxxx" ASC-nin xeyrinənağd krediti üzrə 1315.45 manat əsas borc olmaqla, cəmi 1315.45 manat borcunun və ödənilmiş 33.15 manat dövlət rüsumunun və 0.4 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X3 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 12-xx-xx-064974 saylı kredit müqaviləsinə əsasən X2 60 ay müddətinə 4251 AZN məbləğində kredit verilmişdir. "xxxx" ASC ilə "xxxx" ASC arasında imzalanmış “Kredit Müqavilələri üzrə Tələb Hüquqlarının Ötürülməsinə dair” xx.xx.2016-cı il tarixli müqavilə və xx.xx.2016-cı il tarixli Kredit müqavilələri üzrə tələb hüquqların ötürülməsinə dair bildirişə əsasən "xxxx" ASC-nin X2 qarşı olan tələb hüququ mövcud olduğu həcmdə "xxxx" ASC-yə güzəşt edilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 104726 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X3 xx.xx.2020-ci il tarixində vəfat etmişdir. 53 saylı notariat ofisi tərəfindən təqdim edilmiş 2381 saylı, xx.xx.2024-cü il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, Cavabdeh1 və Cavabdeh2 X1 vərəsələri kimi tanınmışdır. Bankın Müştəri Xidməti Departamenti tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X1 xx.xx.2024-cü ilədək Banka ödənilməmiş nağd krediti üzrə 1315.45 manat əsas borc olmaqla, cəmi 1315.45 manat borcu qalmışdır. Eyni zamanda tərəfimizdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 33.15 AZN dövlət rüsumu və 0.4 AZN bank xidmət haqqı ödənilmişdir. Cavabdehlər mərhumX3ndan qalmış mirası qəbul etməsinə baxmayaraqona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir.Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehlərə xx.xx.2024-cü il tarixində 6-2-22/2-26528/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir.

İİ.Tərəflərin mövqeləri:

3. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmiş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdirlər.

4. Cavabdehin iddia tələbinə münasibət bildirməsi məqsədilə cavabdehin olduğu cəzaçəkmə müəssisəsinə iddia ərizəsi göndərilmiş,lakin cavabdeh tərəfindən iddiaya münasibət bildirilməmişdir.

5. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir.

İİİ Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Bakı şəhəri Yasamal Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 104726 seriya nömrəli, xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X3 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir.

8. "xxxx" ASC və X3 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 12-xx-xx- 064974 saylı kredit sazişinə əsasən "xxxx" ASC tərəfindən X2 illik 29 faiz dərəcəsi ilə 60 ay müddətinə 4251 manat məbləğində pul krediti verilmişdir. X3 isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, göstərilən müddətdə və krediti və kreditə hesablanacaq faizləri o cümlədən bu müqavilə ilə irəli gələn digər pul öhdəliklərini "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür.

9. İddiaçı tərəfindən cavabdehlərə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubu ilə iddiaçı cavabdehə 1315,45 manat məbləğində əsas kredit borcunun və borca müvafiq olaraq hesablanmış faiz borcunun 5 gün ərzində ödənilməsi tələb edilmiş və əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

10. "xxxx" ASC ilə "xxxx" ASC arasında bağlanmış müqaviləyə əsasən "xxxx" ASC-nin kredit müqavilələri üzrə tələb hüquqları "xxxx" ASC-yə ötürülmüşdür.

11. Cavabdeh1 tərəfindən xx.xx.2020-ci il tarixdə ünvan ünvanlanmış ərizəyə əsasən bildirilmişdir ki, xx.xx.2020-ci il tarixində anası X3 vəfat etmişdir. Miras əmlak Abşeron rayonu, Digah qəsəbəsi ünvanında yerləşən danışmaz əmlakdan ibarətdir. Ondan başqa vərəsə var. Göstərilən əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edir.

12. Cavabdeh2 tərəfindən xx.xx.2020-ci il tarixində ünvan ünvanlanmış ərizəyə əsasən bildirilmişdir ki, xx.xx.2020-ci il tarixində anası X3 vəfat etmişdir. Miras əmlak Abşeron rayonu, Digah qəsəbəsi ünvanında yerləşən danışmaz əmlakdan ibarətdir. Ondan başqa vərəsə var. Göstərilən əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edir.

13. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

17. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır.

18. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

19. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

20. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

21. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

22. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

23. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

24. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

25. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

26. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar.

27. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, X3 ilə "xxxx" ASC arasında xx.xx.2016-cı il tarixli, 12-xx-xx-064974 saylı kredit sazişinə əsasən "xxxx" ASC tərəfindən X2 illik 29 faiz dərəcəsi ilə 60 ay müddətinə 4251 manat məbləğində pulun verilməsi ilə bağlı kredit müqaviləsi bağlanmış, lakin kredit müqaviləsi üzrə borclu X3 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra miras əmlak vərəsələri olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qəbul edilmişdir. Mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditorları qarşısında paylarına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borclu olduqlarından iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

28. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən paylarına mütənasib surətdə 1315,45 manat əsas bоrc tutularaq iddiaçıya ödənilməlidir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 33,15 manat dövlət rüsumu, 0,40 manat bank xidmət haqqı cavabdehlərə aid edilməlidir.

V Nəticə:

31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1315,45 manat əsas bоrc, ödənilmiş 33,15 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı olmaqla, ümumilikdə 1349 (bir min üç yüz qırx doqquz) manat məbləğində pul paylarına mütənasib surətdə tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar