Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-240/2024 23.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 15 mart 2019-cu il tarixdə Kəpəz Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətindən illik 30 % olmaqla 36 ay müdətinə 28000 min manat pul krediti götürmüşdür. Həmin 28000 manat puldan 3360 manat məbləğində pul sığorta məbləği olaraq iddiaçıdan dərhal 15 mart 2019-cu il tarixdə tutulub. Qalıq məbləğ iddiaçı tərəfindən banka ödənilmişdir. Hazırki mövcud borc məbləği qanunsuz hesablanmış və silinməlidir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarına tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi və ona əlavə edilmiş müvafiq kredit-maliyyə materialları əlavə edilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, İddiaçı xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 12018,94 manat əsas, 2717,18 manat faiz borcu vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/9831 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən müəyyən edilir ki, İddiaçı xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 11456,77 manat əsas, 2568,23 manat faiz borcu vardır. Ekspertiza xərci 100 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/4741 nömrəli xx.xx.2024-cü il tarixli təkrar ekspert rəyinə əsasən müəyyən edilir ki, İddiaçı xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 11456,77 manat əsas, 2568,23 manat faiz borcu vardır. Ekspertiza xərci 100 manat təşkil edir. Rəy üzrə ekspert tərəfindən ümumilikdə 7 (yeddi) suala (suallar məhz iddiaçı tərəfindən təklif edilmişdir) cavab verilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 (əsas borca münasibətdə) və 741-ci (faiz borcuna münasibətdə) maddələri çıxış edir. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin müvafiq ekspert rəylərini (ilkin və takrar) əsaslı hesab edir. Məhkəmənin iqtisadi (mühasibatlıq) bilikləri olmadığından müvafiq ekspertiza rəyində göstərilən xüsusatlar üzrə mübahisəni həll etməyi əsaslı hesab edir. Bundan əlavə, iddia ərizəsinə əsasən iddiaçı tərəfindən müqavilə öhdəliklərinə tam əməl edilməmiş olması mülki işin mübahisəsiz halıdır. İddiaçının mülki iş üzrə məhkəmədə bildirdikləri şəxsi mülahizə xarakteri daşıyır, sübuta yetirilmir. Belə ki, müəyyən edilir ki, İddiaçı xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 11456,77 manat əsas, 2568,23 manat faiz borcu vardır. Yəni, həmin müqavilə üzrə öhdəlik münasibətləri mövcuddur və qanunidir. Öhdəliyin həcmində cüzi fərqin olması (ekspert rəyi ilə Kəpəz BOKT” MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışı arasındakı ziddiyyət) öhdəliyin olmaması kimi və ya borcun əsassız olması kimi qiymətləndirilə bilməz. Lakin, öhdəliyin həcminin dəqiqləşdirilməsi başqa mövzudur və hazırki iddia tələbinin mahiyyəti ilə birbaşa əlaqəli deyildir. Müqavilə tərəfinin öhdəliklərinə əməl etməməsi onun öhdəlikdən azad edilməsi ilə nəticələnə bilməz. İddiaçı tərəfin vəsatəti əsasında mülki iş üzrə 2 (iki) dəfə ekspertiza təyin edilmiş və ekspert rəyləri üzrə müvafiq qiymətləndirmələr aparılmışdır. İddiaçı tərəf ekspert rəyinin sübut kimi qiymətləndirilməsinə etiraz etsə də, bunu əsaslandıra bilməmiş, vəsatətini formal mülahizələr üzrə tərtib etmişdir. Ekspert rəyi nəzərə alınmasa belə, iddiaçı tərəfindən iddia tələbinin əsaslı olması barədə heç bir süb ut təqdim edilməmişdir. İddiaçının vəsatəti üzrə dindirilmiş şahid isə iş üzrə faktiki hallar barədə məlumat vermişdir ki, həmin hallar mülki işin taleyini həll edə biləcəkdə xüsusda deyildirlər. Məhkəmə tərəfindən iddiaçıya prosessual hüquqlarının təmin edilməsi məqsədilə tam ətraflı şərait yaradılmışdır. Əgər Borcalan tərəfindən müqavilə öhdəliklərinə tam əməl edilmiş və kredit məbləği qaytarılmışdırsa, bu barədə sübutetmə yükü Borcalanın üzərindədir. İddiaçı iddia tələbinin əsaslılığını sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı, cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs və s.) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli və aparılmış ekspertiza üzrə (ilkin və təkrar) 200 (iki yüz) manat məbləğində ekspertiza xərci İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Aparılmış ekspertiza üzrə 200 (iki yüz) manat məbləğində ekspertiza xərci İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-240/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-240/2024
23.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver