Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-241/2023 03.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc tələbi”nə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc tələbi”nə dair iddia ərizəsi və tələbin dəqiləşdirilməsinə dair ilə məhkəməyə müraciət edərək, 10682,03 manat əsas, 3321,31 manat faiz, 579,20 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 766,64 manat faiz borcu və iş üzrə ödənilmiş 136,05 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq LPO İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 11 aprel 2014-cü il tarixli, 166 USD nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 28 faiz ödəmək şərti ilə 13000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 11 aprel 2014-cü il tarixli, ZM-166 USD nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış 01 nömrəli xx.xx.2016-cı il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 9099,33 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2019-cu il tarixədək uzadılmışdır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 10 faiz ödəməli idi. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış 01 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı konvertasiya edilməklə ( 1 USD= 1,4 AZN) 11672,09 AZN təşkil etmişdir. Restrukturizasiya edilmilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Restrukturizasiya edilmilmiş kredit üzrə borcalan tərəfindən bu Əlavə saziş imzalandığı tarixdən etibarən illik 20 faiz ödəməli idi. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********691 saylı bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. xx.xx.2022-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 15349,18 manat təşkil edir. Bundan 10682,03 manat əsas, 3321,31 manat faiz, 579,20 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 766,64 manat faiz borcu təşkil edir. Daha sonra Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə xx.xx.2023-cü il tarixdə elektron qaydada ərizə ünvanlayaraq ərizəsində qeyd etmişdir ki, iddiaçı ərizəsini və iddiasını onunla əsaslandırmışdır ki, borclu Cavabdeh1 Bankdan kredit almış və Cavabdeh2 zamin durmuşdur. X1 münasibətdə hissəsini qəbul etmirlər və iddia həmin hissədə rədd edilməlidir. İddia ərizəsində göstərildiyi kimi Cavabdeh1 xx.xx.2014-cü il tarixdə 36 ay müddətinə Dəmirbank ASC-dən 10.409 USD kredit almışdır. Həmin tarixdə yəni xx.xx.2014-cü il tarixdə Cavabdeh2 ilə Bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin müddəti isə xx.xx.2017-ci ildə bitmişdir. Bundan sonra bankla cavabdeh arasında xx.xx.2017-ci il tarixdə yeni zaminlik müqaviləsi bağlanmışdır. Halbuki cavabdeh ona imza etməmişdir. Lakin ekspert rəy vermişdir ki, imza onundur. Həmçinin eyni vaxtda kredit müqaviləsi üzrə müddət uzadılmış və kreditin son icra müddəti xx.xx.2021-ci il tarix müəyyən olunmuşdur. Hər bir halda bildirmək istəyirlər ki, iddiaçı Cavabdeh2 münasibətdə müddəti ötürmüşdür və buna görə də zaminlik müqaviləsi üzrə pul tələb edə bilməz. Belə olan halda MM-nin 477-ci maddəsinə əsasən Bank ona qarşı həmin tarixə qədər iddia qaldıra bilərdi. Hazırda isə iddia məhkəməyə bir neçə ay sonra verilmişdir. İddiaçı cavabdehə qarşı iddianı xx.xx.2022-ci il tarixədək verməli idi. Mülki Məcəllənin aşağıdakı maddələrinə əsasən zamilik müqaviləsinə xitam verilməli və iddia tələbi Cavabdeh2 münasibətdə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477-ci maddəsində Zaminliyə xitam verilməsinin konkret halları göstərilmişdir. Yəni iddiaçı Cavabdeh2 qarşı 2022-ci ilin mart ayının 3-nə qədər iddia irəli sürə bilərdi. Lakin iddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. İddiaçı bu müddəti ötürdüyündən zaminlik müqaviləsinə xitam verilməlidir. Məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklər. Bu səbəbdən məhkəmə iclasının iştirakları olmadan keçirilməsini yuxarıda qeyd edilənləri nəzərə alaraq Ləğvetmə prosesində olan Dəmirbank ASC-nin iddiasının Cavabdeh2 münasibətdə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək tələbin təmin olunmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il , 166 USD nömrəli tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh1 36 ay müddətinə illik 28 faiz ödəmək şərti ilə 13000 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və kredit müqaviləsində nəzərdə tutulmuş qaydada borcu borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC, Cavabdeh1 və Cavabdeh2 (zamin) arasında bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən zaminliklə təmin edilmiş öhdəlik (xx.xx.2014-cü il tarixli, 166 USD kredit müqaviləsi) kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan 166 USD saylı, 11 mart 2015-ci il tarixli Zaminlik Müqaviləsi üzrə İddiaçı ASC, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 01 nömrəli Əlavə Sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyini qalığı 9099,33 ABŞ dolları təşkil edir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2019-cu il tarixinədək uzadılır. İş materiallarında olan 68376577 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 01 nömrəli Əlavə Sazişə əsasən Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı konvertasiya edilməklə (1 USD=1,4 AZN) 11672,09 AZN təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılır. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən 20 faiz ödənilir. İş materiallarında olan İddiaçı ASC, Cavabdeh2 (zamin) və Cavabdeh1 (borcalan) arasında bağlanmış Zaminlik müqaviləsi üzrə 03 mart 2017-ci il tarixli Əlavə Sazişə əsasən Borcalanın kreditor qarşısındakı 8337,21 USD təşkil edən kredit öhdəliyinin qalığı konvertasiya edilməklə 11672,09 manat təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədəkdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, KM037T03170017S01 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 banka olan borcu xx.xx.2022-ci il tarixə 10682,03 manat əsas, 3321,31 manat faiz, 579,20 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 766,64 manat faiz borcu təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 yanvar 2023-cü il tarixli, 4/1814 nömrəli ekspert rəyinə əsasən ekspertizaya təqdim edilmiş mülki işin 134-cü vərəqində olan 11 mart 2015-ci il tarixli 166 USD saylı zaminlik müqaviləsi üzrə xx.xx.2016-cı il tarixli 01 nömrəli əlavə sazişdə “Borcalan Cavabdeh1” hissəsində imza qrafasındakı imza, mülki işin 137-ci vərəqində olan 03 mart 2017-ci il tarixli zaminlik müqaviləsi üzrə əlavə sazişdə “Borcalan Cavabdeh1” yazılardan aşağıda yerləşən imza Cavabdeh1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 134-cü vərəqində olan 11 mart 2015-ci il tarixli 166 USD saylı zaminlik müqaviləsi üzrə xx.xx.2016-cı il tarixli 01 nömrəli əlavə sazişdə “Zamin Cavabdeh2” hissəsində imza qrafasındakı imza, mülki işin 137-ci vərəqində olan 03 mart 2017-ci il tarixli zaminlik müqaviləsi üzrə əlavə sazişdə “Zamin Cavabdeh2” hissəsində imza qrafasındakı imza Cavabdeh2 tərəfindən icra olunmuşdur. Ekspertiza Xərclərinə dair bildirişdən görünür ki, Məhkəmə-xətşünaslıq ekspertiza təqdiqiqatının dəyəri 125 manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 fevral 2023-cü il tarixli, 9/8940 nömrəli ekspert rəyinə əsasən İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 166 USD saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2021-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) banka olan borcu əsas borc üzrə 11661,63 manat, faiz borcu üzrə 3450,31 manat təşkil edir. Ekspertiza Xərclərinə dair bildirişdən görünür ki, Məhkəmə-mühasibatlıq ekspertiza təqdiqiqatının dəyəri 100 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1. maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır:. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə onu da qeyd edir ki, tələb digər Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Belə ki, İddiaçı ASC, Cavabdeh2 (zamin) və Cavabdeh1 (borcalan) arasında Zaminlik müqaviləsi üzrə Əlavə Saziş 03 mart 2017-ci il tarixdə bağlanmışdır. Müvafiq kredit razılaşması üzrə icra müddəti xx.xx.2021-ci il tarixdə başa çatmışdır. Hazırkı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə ilk dəfə zaminə qarşı zaminlik müqaviləsindən irəli gələn tələb irəli sürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göstərilən normaların tələbi baxımından zaminə qarşı öhdəliyin icrası vaxtından bir il ərzində iddia irəli sürülmədiyindən 03 mart 2017-ci il tarixli zaminlik müqaviləsi üzrə zaminliyə xitam verilməlidir. Zaminlik müqaviləsi üzrə zaminliyə xitam verildiyindən iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, bank zamin Cavabdeh2 qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, bu haqqından istifadə etməmiş və bu müddətdə zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunmuş normaları və müqavilə şərtləri baxımından hazırki mübahisə üzrə Cavabdeh2 qarşı iddia tələbi ona aid hissədə rədd edilməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri və digər borcları iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını və digər borcları ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qismən qanuni və əsaslı olduğundan qismən təmin edilməli, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 fevral 2023-cü il tarixli, 9/8940 nömrəli ekspert rəyi və iddia tələbinin həcmi nəzərə alınmaqla Cavabdeh1 10682,03 manat əsas borc, 3321,31 manat faiz borcu, 50 manat cərimə borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesablanmış 766,64 manat, ümumilikdə 14819,98 manat məbləğində pul vəsaiti tutularaq LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia tələbində göstərilən cərimə pulunun , 579,20 manat məbləğində deyil, 50 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq sayır. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması hissəsi üzrə qeyd edir ki, iddia tələbi həmin hissədə də qismən əsaslıdır və qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq - 136,05 manat məbləğində deyil 134,46 manat məbləğində cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, məhkəmə-xətşünaslıq ekspertiza tədqiqatının dəyəri olaraq 125 manat məbləğində pul vəsaiti və məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabınaödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 10682,03 (on min altı yüz səksən iki manat üç qəpik) manat əsas borc, 3321,31 (üç min üç yüz iyirmi bir manat otuz bir qəpik) manat faiz borcu, 50 (əlli) manat cərimə borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesablanmış 766,64 (yeddi yüz altmış altı manat altmış dörd qəpik) manat, ümumilikdə 14819,98 (on dörd min səkkiz yüz on doqquz manat doxsan səkkiz qəpik) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 134,46 (yüz otuz dörd manat qırx altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Məhkəmə-xətşünaslıq ekspertiza tədqiqatının dəyəri olaraq 125 (yüz iyirmi beş) manat məbləğində pul vəsaiti və məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(004)-241/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-241/2023
03.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver