Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2416/2022 15.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşviq qızının katibliyi, Ərizəçinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi "xxxx" QSC-nin maraqlı şəxslər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “barışıq sazişinin təsdiq edilməsi barədə” ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi "xxxx" QSC maraqlı şəxslər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “barışıq sazişinin təsdiq edilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 01.02.2022-ci il tarixli, N:MŞB/4-00119 saylı barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Cavabdeh2 "xxxx" QSC ilə bağladığı 04.10.2014-cü il tarixli 01L000002924 saylı krеdit xətti müqaviləsinə əsasən 195 ay müddətinə 200000 ABŞ dolları məbləğində krеdit хətti açılmışdır. Müqaviləyə əsasən vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Cavabdeh2 09.10.2019-cu il tarixli 001R********** saylı krеdit razılaşması əsasında 15 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 22500 manatməbləğində krеdit götürmüş, lakin, krеdit razılaşmasının tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, ödəməli оlduğu vəsaitləri 09.07.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 15999.08 manat əsas borc, 5449.63 manat faiz borcu qalmışdır. Krеdit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Mediasiya prosesinin nəticəsi olaraq tərəflər arasında imzalanmış 01.02.2022-ci il tarixli, N:MŞB/4-00119 saylı barışıq sazişinin şərtlərinə əsasən, ikinci tərəf sayılan Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 25.02.2022-ci il tarixədək İddiaçı QSC-yə 001R********** saylı krеdit razılaşması əsasında 16000 manat əsas borc, 5449.63 manat məbləğində faiz borcunu ödəməyi, bank 9590.36 manat məbləğində cərimə borcunun silinməsini öhdəsinə götürmüşdür. Lakin 25.02.2022-ci il tarixindən bu günə qədər barışıq sazişi üzrə kredit ödənişləri həyata keçirilməmişdir. Mediasiya xərci olaraq bank tərəfindən 200 manat haqq ödənilmişdir Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X4 ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış maraqlı şəxslər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə analogiya tətbiq edərək, AR MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 01.02.2022-ci il tarixli, MŞB/4-00119 saylı barışıq sazişindən görünür ki, İddiaçı QSC-nin nümayəndəsi X2 (“Birinci tərəf), və ünvan 1 ünvanında qeydiyyatda olan əsas borclu Cavabdeh2, zaminlər: İmişli şəhəri, Şadlinski küçəsi, ev 17 ünvanında qeydiyyatda olan Cavabdeh4, ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh1, ünvan 3 ünvanında qeydiyyatda olan Cavabdeh3 ( “İkinci tərəf”) aralarındakı fikir ayrılığı və mübahisəni qarşılıqlı razılıqla həll etmək üçün, mediasiya reyestrində M-00249 nömrəsi ilə qeydiyyatdan keçmiş, Bakı 4 saylı Mediasiya Təşkilatının mediatoru X3 iştirakı ilə aşağıdakı şərtlər barədə bu Sazişi imzalamışdırlar: “Maddə 1. Mübahisənin qısa təsviri
1. Tərəflər arasında imzalanmış 001R********** saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrası edilməməsi və 16000 (on altı min) əsas borc, 5449,63 (beş min dörd yüz qırx doqquz) AZN məbləğində faiz borcu, 9590,36 (doqquz min beş yüz doxsan, 36 qəp) cərimə borcu olmaqla, cəmi 31039,99 (otuz bir min otuz doqquz, 99 qəp) məbləğində borcun ödənilməsi barədə mübahisənin həll edilməsi Maddə 2. Barışığın şərtləri 2.1.1. İkinci tərəf Saziş imzalandıqdan sonra 25 fevral 2022-ci il tarixinə kimi birinci tərəfə 16000 (on altı min) AZN əsas borcu, 5449,63 (beş min dörd yüz qırx doqquz) AZN məbləğində isə faiz borcunu ödəməyi öhdəsinə götürür. 2.1.2. İkinci tərəf bu sazişin 2.1.1-ci bəndində göstərilən şərti qeyd edilən tarixədək yerinə yetirərsə, Birinci tərəf 9590,36 (doqquz min beş yüz doxsan, 36 qəp) cərimə borcunun silinməsini öhdəsinə götürür. 2.2. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 2.3. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 2.4. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. 2.5. Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notarisun icra qeydinə əsasən həyata keçirilə bilər. 2.6. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 2.7. İkinci tərəflər mediasiya prosesin Barışıq Sazişi ilə nəticələndiyinə görə Tam Mediasiya xərci olaraq 200 (iki yüz) AZN məbləğində xərci Bakı 4 saylı Mediasiya Təşkilatına ödəməyi öhdəsinə götürür. Maddə 3. Digər şərtlər 3.1. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.2. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardır və onlar Sazişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşiblər və ya Sazişi imzalamaqla bu hüquqlarından imtina edirlər. Tərəflər həmçinin təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.3. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. Tərəflər mediasiya zamanı əldə edilmiş hər hansı bir məlumatı və ya sənədləri məxfi saxlamaq və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, bunu heç kimə açıqlamamaq vəzifələrini bir daha təsdiqləyirlər. 3.4. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.4.1. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 3.4.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 3.4.3. mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 3.4.4. qarşı tərəfin yazılı icazəsi ilə; 3.4.5. yaxın qohumlara; 3.4.6. Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara. 3.5. Bu Sazişin məzmununun Sazişin 3.4.1. və 3.4.5. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır. 3.6. Tərəflər arasında digər razılaşma yoxdursa, “iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi” və ya oxşar bir şərh vermək və ya cəmiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcək. Tam Mediasiya prosesi ilə əlaqədar digər xərclər proses sonunda qarşılıqlı razılaşma ilə ödəniləcəkdir.. 3.7. Bu Saziş tərəflər arasında vahid razılaşma təşkil edir və bu mövzuda yazılı və ya şifahi başqa müqavilə və ya razılaşma yoxdur. Bu Saziş bütün tərəflər və ya onların nümayəndələri və mediator tərəfindən imzalanana qədər heç bir tərəf üçün məcburi olmayacaqdır. Bu saziş son imzanın atıldığı gündən qüvvəyə minir.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasmdan imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.. Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, işin araşdırılmış halları ilə maraqlı şəxslər tərəfindən ərizəçi ilə aralarında mediasiya prosesi nəticəsində bağlanmış 01.02.2022-ci il tarixli, MŞB/4-00119 saylı barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Həmçinin, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsinə səbəb ola biləcək, MPM-nin 355-26-cı maddəsində sadalanmış halların olmadığı müəyyən edilmişdir Ona görə də, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında”Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının MPM-nin 216-220, 339-341, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Ərizəçi "xxxx" QSC ilə maraqlı şəxslər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış 01.02.2022-ci il tarixli, N:MŞB/4-00119 saylı barışıq sazişinin məcburi icrası üçün barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxslər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 100 (yüz) manat məbləğində mediasiyaya dair xərc tutularaq ərizəçi "xxxx" QSC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən:Ayaz Məmmədov