Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2422/2023 09.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğvi, kreditin, ona hesablanmış faiz və cərimələrin qaytarılması” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehdən İddiaçı ASC-nin xeyrinə 5549,55 manat məbləğində əsas borcun, 873,3 manat məbləğində faiz borcunun, 293,61 manat məbləğində cərimə borcunun, cəmi 6716,46 manat borcun və 88 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə, illik 23% olmaqla 7000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələbin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir. İddiaçı ASC-nin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə proseslərinin çox olması ilə əlaqədar hazırki mülki iş üzrə xx.xx.2023-cü il tarixə təyin edilmiş prosesdə iştirak edə bilməyəcəklərini nəzərə alaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və təqdim olunmuş sübutlar əsasında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək iddia tələbini qismən qəbul etdiyini, cərimə borcunun çox olduğunu bildirdi. Əlavə olaraq himayəsində 3 azyaşlı uşaq olduğunu, borcu bir dəfəyə ödəməkdə çətinlik çəkdiyini qeyd etdi. Məhkəmədən borcun hissə-hissə ödənilməsində köməklik göstərilməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, CC/76808/82/10 saylı kredit müqaviləsinin surətindən görünür ki, Bank tərəfindən cavabdehə 36 ay müddətinə, illik 23% dərəcəsi ilə 7000 manat məbləğində kredit verilmişdir. Ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək sonuncu ay 274,86 manat olmaqla hər ay 270,97 manat ödəməyi öz üzərinə götürmüşdür. xx.xx.2021-ci il tarixli, 3018 saylı kassa məxaric orderinin surətindən görünür ki, müştəri Cavabdeh Bank tərəfindən kredit təyinatı üzrə ayrılmış 7000 manat məbləğində pulu təhvil almışdır. xx.xx.2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh İddiaçı ASC ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Banka 5549,55 manat əsas, 873,3 manat faiz və 293,61 manat məbləğində cərimə borcu vardır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, cavabdehə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcunu 3 gün müddətində ödəməyəcəyi təqdirdə bank tərəfindən müvafiq borc tələbi ilə bağlı məhkəməyə müraciət olunacağı, həmçinin kredit müqaviləsinin ləğv ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İş materialları ilə sübut olunur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Odur ki, iddiaçı cavabdehlə aralarında bağlanmış kredit müqaviləsinin ləğv edilməsini və müqavilə üzrə yaranmış əsas borcun, ona hesablanmış faiz və cərimə borclarının ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə xx.xx.2021-ci il tarixli, CC/76808/82/10 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən hesablanmış əsas, faiz və cərimə borcunu ayrı-ayrılıqda nəzərdən keçirib, hesab edir ki, iddia tələbi əsas və faiz borcu hissəsində tam təmin edilməli, 5549,55 manat məbləğində əsas borc, 873,3 manat məbləğində faiz borcu Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir: Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Çünki, müqavilədə dəbbə pulu əldə ediləcək gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 293,61 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 150 manat məbləğində müəyyən edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi kredit müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə yaranmış əsas borcun, ona hesablanmış faizlərin tutulması hissəsində tam, dəbbə pulu hissəsində isə qismən təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu ödəməklə əlavə xərc çəkmişdir. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı, cavabdehdən iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi (88 manat) əlavə xərc də alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, CC/76808/82/10 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 5549,55 (beş min beş yüz qırx doqquz manat əlli beş qəpik) manat əsas, 873,3 (səkkiz yüz yetmiş üç manat otuz qəpik) manat faiz, 150 (bir yüz əlli) manat cərimə borcu olmaqla, cəmi 6572,85 (altı min beş yüz yetmiş iki manat səksən beş qəpik) manat borc və 88 (səksən səkkiz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-2422/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2422/2023
09.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver