Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2456/2023 24.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi ilə, İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 341,19 (üç yüz qırx bir manat on doqquz qəpik) manat əsas, 3,02 (üç manat iki qəpik) manat faiz, cəmi 344,21 (üç yüz qırx dord manat iyirmi bir qəpik) manat borcun və 30,40(otuz manat qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə X5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit xətti müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 24 ay müddətinə, illik 27% ödəmək şərtilə 1450 (min dörd yüz əlli) manat məbləğində kredit verilmişdir. Bakı şəhəri, 3 saylı “Asan xidmət” mərkəzində notariat ofisinin sorğumuza xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən X1 vəfat etməsi ilə əlaqəda Cavabdeh1 və Cavabdeh2 vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir. Bu isə cavabdehin borcalanın hüquqi varisi kimi müəyyən olunması anlamına gəlir İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə AZEMİS elektron məhkəmə sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-cü il tarixində dəftərxana vasitəsi ilə iddia müddətinin tətbiqi haqqında məhkəməyə ünvanladıqları ərizənin məzmununda göstərilmişdir ki, kredit xx.xx.2015-ci ildə 24 ay müddətinə verildiyi üçün onun icra müddəti xx.xx.2017-ci ildə başa çatıb, növbəti gündən 3 illik iddia müddətinin axımı başlayıb və xx.xx.2020-ci ildə bitib.Rizvan Quliyev xx.xx.2017-ci ildə vəfat edib və 3 saylı ASAN Xidmət Mərkəzinin notariat kontorunda açılmış vərəsəlik işində onlara xx.xx.2017-ci ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilib. İddiaçı hazırkı iddianı iddia müddəti ərzində (xx.xx.2017 - xx.xx.2020) deyil, iddia müddəti bitdikdən 2 il 8 ay sonra, xx.xx.2023-cü ildə qaldırıb. İddiaçı kredit öhdəliyinin icra müddətinin xx.xx.2017-ci ildə bitdiyini və həmin tarixədək borcun tam ödənilmədiyini, yəni öz hüququnun pozulduğunu növbəti gün - xx.xx.2017-ci ildə bilirdi və bilməli idi. Hazırkı iddia tələbi üzrə iddia müddətinin axımı həmin tarixdən başlanır. Vərəsəlik şəhadətnaməsində miras payı kimi göstərilən 925.13 manat pul Rizvan Quliyevin vəfatı ilə əlaqədar onun işlədiyi müəssisə tərəfindən AR ƏM-nin 77-ci maddəsinin 7-ci hissəsinə uyğun olaraq ödənilmiş müavinətdir. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə işəgötürən tərəfindən orta aylıq əmək haqqının azı 3 misli miqdarında ödənilən müavinət miras aktivi sayıla bilməz. Belə ki, AR MM-in 1151.1-ci maddəsinə görə miras aktivi miras qoyanın öldüyü məqamadək, yəni sağlığında malik olduğu əmlak və əmlak hüquqlarından ibarətdir. İşçinin vəfatı ilə əlaqədar ödənilən müavinət isə işçi öldükdən sonra onun əmək müqaviləsinə xitam verildikdə ödənilir. Belə olan halda cavabdehlər mirası qəbul etmiş vərəsə sayıla bilməz. Hazırkı iddia həm əsassız olduğuna, həm də iddia müddəti keçdiyinə görə təmin oluna bilməz. Tələb üzrə iddia müddətinin tətbiq edilməsini və həmin müddətin keçməsi ilə əlaqədar iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdehlərin iddia müddətinin tətbiqi barədə ərizəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2361nkYSM/15 saylı kredit müqaviləsinə və ona 1 saylı əlavəyə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 27 faiz dərəcəsi ilə 1450 (min dörd yüz əlli) manat məbləğində kredit verilmişdir. "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında bağlanmış 2361nkYSM/15 saylı kredit müqaviləsinə əsasən 341,19 (üç yüz qırx bir manat on doqquz qəpik) manat əsas, 3,02(üç manat iki qəpik) manat faiz borcu vardır. İş materiallarında olan "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin X4 ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdalıq məktubunun surətindən görünür ki, "xxxx" ASC ilə cavabdeh X5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, kredit müqaviləsinə əsasən yaranmış borc məbləğini tam olaraq 5 (beş) iş günü müddətində ödəməsi barədə, əks təqdirdə, bank tərəfindən kredit müqaviləsinin vaxtından əvvəl xitam verilməsi və kredit məbləğinin qaytarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdeh xəbərdar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı “Asan xidmət” mərkəzində notariat ofisinin 13 fevral 2023-cü il tarixli 230 saylı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı məktubun məzmunundan görünür ki, X3 vərəsəlik haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan “Elektron Notariat” Avtomatlaşdırılmış İnformasiya sistemindən xx.xx.2017-ci il tarixli 842 resyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair cıxarışın surətindən müəyyən olur ki, vəfat etmiş X2 Azərbaycan Beynalxalq Bank ASC-nin Yasamal rayon filialinda AZ501BAZ******************** saylı əmək haqqı hesabında 925.13 ibarət olan pul miras qalmışdır. Qanun üzrə vərəsələri Cavabdeh1 və Cavabdeh2dır. İş materiallarında olan AZ-İ № 844372 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir və xx.xx.2017-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Qeydiyyat şöbəsində akt qeydləri kitabında 152 nömrə ilə qeyd aparılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2361nkYSM/15 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 27 faiz dərəcəsi ilə 1450 (min dörd yüz əlli) manat məbləğində kredit verilmişdir. X5 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. 03 noyabr 2017-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə tərtib edilmişdir. Qanuni vərələ Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlu iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin keçməsinə görə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qeyd edilənlərə məhkəmə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir; Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir; Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır; Maddə 379.1. İddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: 379.1.6. tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə; Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda, qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə xx.xx.2009-cu il tarixli Qərarı: “Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, müvafiq kredit müqaviləsi üzrə iddiaçı ilə cavabdehlərin mərhum X8 arasında xx.xx.2015-ci il tarixdə 24 (iyirmi dörd) ay müddətinə bağlanılmışdır, yəni sözügedən müqavilənin bitmə müddəti 27 avqust 2017ci il müəyyən edilmişdir. X5 03 aprel 2017-ci il tarixdə vəfat etmiş, 04 aprel 2017-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. R.Quliyev xx.xx.2017-ci il tarixdə vəfat etdiyindən, müvafiq notariat ofisinə mirasın qəbulu üçün qanunvericiliklə müəyyən olunmuş müddət bitdikdən sonra da müraciət etmək imkanı olduğu halda, iddiaçı 04 aprel 2017-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə baxmayaraq notariat ofisinə təxminən 06 il sonra müraciət etmiş, daha sonra isə xx.xx.2023-cü il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət edərək, müqavilə tələbləri üzrə müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüşdür. İddiaçı X1 ölümü barədə məlumatsız olduğu halda belə sonuncuya qarşı iddia 27 avqust 2020-ci il tarixə kimi irəli sürülməli idi. Məhkəmə iddia müddətinin tətbiqi barədə ərizədə cavabehlərin 925.13 manat məbləğində pulun müavinət olduğundan miras əmlak hesab olunmaması barədə etirazına münasibət bildirərək, qeyd edir ki, cavabdehlər etirazın dəlillərinə dair sübutu (həmin məbləğin ödənilməmiş əmək haqqı və ya müavinət olması barədə) məhkəməyə təqdim etmədiklərindən iddianın iddia müddəti tətbiq edilərək rədd edilməsi nəticəsinə gəlir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-2456/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2456/2023
24.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver