Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2459/2023 28.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, X4 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 4633,51 AZN əsas, 1224,21 AZN faiz olmaqla, cəmi 5857,72 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 78,98 AZN məbləğində vəsaitin tutulması baradə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Abasov Əhməd Nazim oğlu arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit xətti müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 48 ay müddətinə, illik 27% ödəmək şərtilə 5500 AZN məbləğində kredit verilmişdir. Bakı şəhəri, 3 saylı “Asan Xidmət” Mərkəzində notariat ofisinin sorğumuza xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən Abasov Əhməd Nazim oğlunun vəfat etməsi ilə əlaqədar Cavabdeh2 və Cavabdeh1 vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir. Bu isə cavabdehin borcalanın hüquqi varisi kimi müəyyən olunması anlamına gəlir. Bakı şəhəri 3 saylı “Asan Xidmət” Mərkəzində notariat ofisi borcalanın hüquqi varisinin müəyyən edilməsinə dair bankdan göndərdiyi cavab məktubundan göründüyü kimi iddia qaldırdıqları işlə bağlı cavabdehlər miras qalmış əmlakına vərəsəlik hüququ əsasında sahib olub. Cavabdehlər borcalanın vərəsəlik hüququ əsasında hüquqlarına sahib olduğu kimi eyni zamanda onun öhdəliklərini də yerinə yeritməyə borcludurlar. Bu bankın cavabdehdən borclunun kreditor qarşısında olan öhdəliklərini tələb etmək hüququnu yaradır. İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia tələbinin təmin edilməsini və məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, atası vəfat edəndən sonra vərəsəlik işi açılsa da, o və bacısı vərəsəlikdən imtina etmişdir. Yeganə vərəsə anası qalmışdır. Vərəsəlikdən imtina edərkən 17 yaşı olduğuna görə onun yerinə imzanı anası çəkmişdir. Bunu sənədlərin imza yerində də görmək olar. Miras əmlak kimi də yalnız “Metropoliten” idarəsindən verilmiş və miqdarı dəqiq göstərilməyən maddi yardım göstərilir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, özü də iddiaçı bankın kredit ödəyicisidir və borcunu da qızı ödəyir. Vərəsə olaraq ona həyat yoldaşından qalan “Metropoliten” idarəsindən təxminən 3000 AZN puldur. Həmin məbləğə vərəsə kimi o və qızı göstərilib və qızına 1/3 hissədə pay müəyyənləşib bu isə onun tərəfindən mənimsəmə və digər halların qarşısının alınması üçün olduğu bildirilib. Ona karta köçürülən müavinət təxminən 3000 manatdır. Məbləğin hamısını o götürüb, Pərvinə verməyib. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Abasov Əhməd Nazim oğlu ilə iddiaçı "xxxx" KB ASC arasında xx.xx.2018-ci il tarixli, 8186STB2/18 saylı kredit müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən Abasov Əhməd Nazim oğluna 48 ay müddətinə, illik 27% ödəmək şərtilə 5500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, BANK/PİKMD/1096438 saylı maliyyə arayışından müəyyən olunur ki, Abasov Əhməd Nazim 8186STB2/18 saylı müqavilə üzrə 4633,51 manat əsas, 1224,21 manat faiz olmaqla, ümumilikdə 5857,72 manat məbləğində borcu vardır. İş materiallarında olan “Elektron notariat” X1 çıxarışa əsasən müəyyən olunur ki, 3 saylı Bakı “Asan Xidmət” Mərkəzində notariat ofisində xx.xx.2022-ci il tarixdə vərəsəlik işi açılmış, Abasov Əhməd Nazim oğlunun qanun üzrə vərəsələri Cavabdeh2 və Cavabdeh1 təyin olunmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, Abasov Əhməd Nazim oğlu xx.xx.2021-ci ildə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında xx.xx.2021ci il tarixində 698 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Abasov Əhməd Nazim oğlunun vərəsələri: arvadı Cavabdeh2 miras əmlakdan 2/3 hissədə, azyaşlı qızı Cavabdeh1 miras əmlakdan 1/3 hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak: Azərbaycan Respublikası "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, № 40N-10/3-1429-İİ Arayışına əsasən mərhum Abasov Əhməd Nazim oğlunun Dövlət Sosial Müdafiə Fondu tərəfindən xəstəlik vərəqəsi üzrə ödənişdən və iş yerindən kollektiv müqavilə ilə nəzərdə tutulmuş maddi yardımdan ibarətdir. İş materiallarında olan Cavabdeh2 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ərizəyə əsasən göstərilən əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edir. Həmçinin bildirir ki, birgə nikah dövründə əldə olunan əmlakın ½ hissəsinə dair ayrıca mülkiyyət hüququ haqqında şəhadətnamədən imtina edir. İş materiallarında olan Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ərizəyə əsasən göstərilən əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edir. İş materiallarında olan X3 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ərizəyə əsasən atası Abasov Əhməd Nazim oğlundan irs qalmış mirasın ona çatası hissəsindən arvadı Cavabdeh2 xeyrinə imtina edir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 24 iyul 2023-cü il tarixli, 13-19/2-1014/2023 saylı məktubuna əsasən müəyyən olunur ki, Abasov Əhməd Nazim oğlunun xx.xx.2021-ci ildə vəfat etməsi və qanun üzrə vərəsəlik barədə sənədlər "xxxx" QSC-yə təqdim edildikdən sonra “Bakı Metropoliteni QSC ilə X2 İttifaqı arasında mövcud olar Kollektiv müqavilənin 11-ci bəndin 11.4.1-ci yarımbəndinə müvafiq olaraq mərhumun vərəsəsi Cavabdeh2 "xxxx" ASC-nin İnşaatçılar filialında olan bank hesabına tutulmalar çıxıldıqdan sonra 2360 manat köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 1133.1.-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2.-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1.-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 19 Aprel 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Abasov Əhməd Nazim oğlu kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş digər pul vəsaitlərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, Abasov Əhməd Nazim oğlu kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan digər pul vəsaitlərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini tam olaraq yerinə yetirməmişdir. Həmçinin, iş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, Abasov Əhməd Nazim oğlu xx.xx.2021-ci ildə ölmüşdür və xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, Abasov Əhməd Nazim oğlunun vərəsələri: arvadı Cavabdeh2 miras əmlakdan 2/3 hissədə, azyaşlı qızı Cavabdeh1 miras əmlakdan 1/3 hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak: Azərbaycan Respublikası "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, № 40N-10/3-1429-İİ Arayışına əsasən mərhum Abasov Əhməd Nazim oğlunun Dövlət Sosial Müdafiə Fondu tərəfindən xəstəlik vərəqəsi üzrə ödənişdən və iş yerindən kollektiv müqavilə ilə nəzərdə tutulmuş maddi yardımdan ibarətdir. Eyni zamanda iş materiallarında olan Azərbaycan Respublikası "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 24 iyul 2023-cü il tarixli, 13-19/2-1014/2023 saylı məktubuna əsasən müəyyən olunur ki, Abasov Əhməd Nazim oğlunun xx.xx.2021-ci ildə vəfat etməsi və qanun üzrə vərəsəlik barədə sənədlər "xxxx" QSC-yə təqdim edildikdən sonra “Bakı Metropoliteni QSC ilə X2 İttifaqı arasında mövcud olar Kollektiv müqavilənin 11-ci bəndin 11.4.1-ci yarımbəndinə müvafiq olaraq mərhumun vərəsəsi Cavabdeh2 "xxxx" ASC-nin İnşaatçılar filialında olan bank hesabına tutulmalar çıxıldıqdan sonra 2360 manat köçürülmüşdür. İş materiallarında olan sənədlərə və cavabdehlərin izahatından göründüyü kimi Abasov Əhməd Nazim oğlu öldükdən sonra miras əmlakı - iş yerindən kollektiv müqavilə ilə nəzərdə tutulmuş maddi yardım üzrə 2360 manat mərhumun vərəsəsi Cavabdeh2 ödənildiyindən iddia tələbi 2360 manat hissədə təmin olunmalıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməli, Cavabdeh2 2360 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə və digər Cavabdeh1 aid hissədə əsassız olduğu üçün təmin olunmamalıdır. Habelə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu da tələbin təmin olunmuş hissələrinə mütənasib olaraq 78,98 manat deyil, 43,6 manat məbləğində Cavabdeh2 tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 119.1, 216-220-ci, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh2 2360 (iki min üç yüz altmış) manat və dövlət rüsumu olaraq ödənilmiş 43,6 (qırx üç manat altmış qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(004)-2459/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2459/2023
28.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver