Məhkəmə qərarları › İş №e-2(004)-2462/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2462/2023

19.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2462/2023 19.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin mərhum borclu X8 qanun üzrə vərəsəsi olan arvadı Cavabdeh qarşı “vəfat etmiş şəxsin kredit borcunun vərəsəsindən tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC mərhum borclu X8 qanun üzrə vərəsəsi olan arvadı Cavabdeh qarşı “vəfat etmiş şəxsin kredit borcunun vərəsəsindən tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, "xxxx" KB ASC ilə X12 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 5439sİNSH/20 nömrəli kredit müqaviləsi üzrə yaranmış 346,53 manat əsas borc və ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 376,93 manat pulun X2 vərəsəsi olan - cavabdeh (arvadı) Cavabdeh tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, "xxxx" KB ASC ilə X12 arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit xətti müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 60 ay müddətinə, illik 29% ödəmək şərtilə 300 manat kredit verilmişdir. Bakı şəhəri 3 saylı “Asan xidmət” mərkəzində notariat ofisinin sorğuya xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən X8 vəfat etməsi ilə əlaqədar Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir. Bu isə cavabdehin borcalanın hüquqi varisi kimi müəyyən olunması anlamına gəlir. Bakı şəhəri 3 saylı “Asan xidmət” mərkəzində notariat ofisi borcalanın hüquqi varisinin müəyyən edilməsinə dair banka göndərdiyi cavab məktubundan göründüyü kimi, mövcud işlə bağlı cavabdeh miras qalmış əmlaka vərəsəlik hüququ əsasında sahib olub. Cavabdeh borcalanın vərəsəlik hüququ əsasında hüquqlarına sahib olduğu kimi, eyni zamanda onun öhdəliklərini də yerinə yetirməyə borcludur. Bu bankın cavabdehdən borclunun kreditor qarşısında olan öhdəliklərini tələb etmək hüququnu yaradır. Bu səbəbdən bank məhkəməyə müraciət etmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, əri X12 xx.xx.2021-ci ildə vəfat edib. X3 əlili olmuş və aldığı pensiya ilə krediti vaxtında ödəmişdir. O, özü onkoloji xəstədir. Hər 6 aydan bir Milli Onkologiya Mərkəzində müalicə alır. Əvvəllər 2-ci qrup əlil olub, hazırda əlilliyi dayanıb və işsizdir. X5 ağır formada epilepsiya xəstəsidir. Bakı şəhəri 3 saylı “Asan xidmət” mərkəzində notariat ofisi borcalanın hüquqi varisi ilə bağlı şəhadətnaməni X8 2-ci qrup əlilliyi ilə bağlı birdəfəlik sosial yardımını almaq üçün əldə etmişdir. Krediti ödəməyə maddi imkanı yoxdur. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edilir ki, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" KB ASC borcalan X9 60 ay müddətinə illik 29 faiz ödəmək şərti ilə alastik kart vasitəsilə 300 manat kredit vermişdir. X12 xx.xx.2021-ci il tarixdə vəfat etdiyinə görə xx.xx.2020-ci il tarixdə aldığı 300 manat borcu və ona hesablanmış faizləri banka qaytara bilməmişdir. X2 vərəsələrinin axtarılması üçün "xxxx" KB ASC notariusa sorğu göndərmişdir. Bakı şəhəri 3 saylı “Asan xidmət” mərkəzində notariat ofisi xx.xx.2023-cü il tarixli 230 nömrəli məktubu ilə "xxxx" KB ASC-in xx.xx.2023-cü il tarixli məktubuna cavab verərək bildirmişdir ki, xx.xx.2021-ci ildə vəfat etmiş X8 vərəsəsi ünvan 1 ünvanda qeydiyyatda olan xx.xx.1969-cu il təvəllüdlü Cavabdeh adına Bakı şəhəri 3 saylı “Asan xidmət” mərkəzində xx.xx.2021-ci il tarixdə 844 reyestr nömrəsi ilə qeydiyyata alınaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras əmlak "xxxx" ASC-nin 27 may 2021-ci il tarixli 157000/2-2544 nömrəli arayışına əsasən vəfat etmiş X8 (FİN:2BKZU7K) adına cari tarixə X13 filialında qalığı 125,00 manat olan ******************** nömrəli kart hesabından və "xxxx" ASC-nin 28 sentyabr 2021-ci il tarixli 157000/2-5024 nömrəli arayışına əsasən vəfat etmiş X8 (FİN:2BKZU7K) adına xx.xx.2021-ci il tarixə 237,00 manat vəsaitdən ibarət olmuşdur. "xxxx" KB ASC-in X2 borcunun ödənilməsi üçün onun vərəsəsi (arvadı) Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2020-ci il tarixli qərarında qeyd etmişdir ki, qanunvericilik mirasın qəbulunun iki üsulunu, formal və qeyri-formal üsullarını müəyyən etmişdir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (Mülki Məcəllənin 1243.2-ci maddəsi). Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Belə iddialara məhkəmələrdə hansı qaydada baxılmasının qeyri-müəyyən olmasına dair müraciətedənin qənaəti ilə bağlı qeyd edilməlidir ki, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinin mexanizmi mülki prosessual qanunvericiliklə müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən vərəsəsin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2023-cü il tarixli qərarında qeyd etmişdir ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri də vərəsəlik institutudur. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə uyğun olaraq, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Beləliklə, göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X8 xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə "xxxx" KB ASC-yə 346,53 manat borcu var. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, X2 qanun üzrə birinci növbə vərəsəsi olan - cavabdeh (arvadı) Cavabdeh əri X6 miras qalmış "xxxx" ASC-də olan 125 manatı və 237 manat vəsaitə dair Bakı şəhəri 3 saylı “Asan xidmət” mərkəzində notariat ofisindən xx.xx.2021-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaqla miras aktivini qəbul etdiyinə görə, miras qoyan X8 "xxxx" KB ASC-yə olan borcunu da qəbul etmiş sayılır və həmin borcun ödənilməsi üçün bankın qarşısında miras həcmində məsuliyyət daşıyırlar. Odur ki, iddia təmin edilməli, "xxxx" KB ASC ilə X12 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 5439sİNSH/20 nömrəli kredit müqaviləsi üzrə yaranmış 346,53 manat əsas borc və ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 376,93 manat pul X2 qanun üzrə birinci növbə vərəsəsi olan - cavabdeh (arvadı) Cavabdeh tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" KB ASC ilə X12 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 5439sİNSH/20 nömrəli kredit müqaviləsi üzrə yaranmış 346,53 manat əsas borc və ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 376,93 (üç yüz yetmiş altı manat əlli üç qəpik) manat pul X2 qanun üzrə birinci növbə vərəsəsi olan - cavabdeh (arvadı) Cavabdeh tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar