Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2470/2025 15.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X6 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulan xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün aliment tələbini hər ay Cavabdeh əmək haqqısı və digər gəlirlərinin 1/3-hissəsinə yönəldilməsi, 300 manat vəkil xərcinin və 60 manat mediasiya ödənişinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh xx.xx.2016-cı il tarixində rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 adlı uşaqlar doğulmuşdurlar. xx.xx.2022ci il tarixli Nərimanov Rayon Məhkəməsinin 2(005)-1458/2022 saylı qətnaməsi ilə nikah pozulmuşdur və uşaqlar anaları İddiaçı himayəsinə verilmişdir. xx.xx.2021-ci il tarixində tərəflər arasında mediasiyada “barışıq sazişi” imzalanmışdır. Sazişin şərtlərinə əsasən 483 manat alimentin cavabdehdən tutulması razılaşdırılmışdır. Daha sonra cavabdeh tərəfindən öhdəliklər yerinə yetirilmədiyinə görə iddiaçı tərəfindən “Barışıq sazişinin” təsdiqi üçün məhkəməyə müraciət olunmuşdur. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2050/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə “barışıq sazişi” təsdiq olunmuşdur. Cavabdehdən 483 manat pulun tutulması qət edilmişdir. Hal-hazırda cavabdehin əmək haqqında dəyişiklik yaranmışdır. O, DOST Xidmətində çalışır və aylıq əmək haqqısı 2500 manat təşkil edir. Mübahisəni məhkəmədən kənar qaydada həll edə bilmək üçün mediasiyaya müraciət etsə də, cavabdeh iştirak etməmişdir. Buna görə də alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı uşaqların qayğısına qalmır, uşaqların həm dərsə davamiyyəti, həm də sağlamlıqları pis vəziyyətdədir. Cavabdeh məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1458/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixdə bağlanmış və 1340 nömrə ilə 5 saylı Bakı “Asan Xidmət” Mərkəzi tərəfindən qeydə alınmış nikahın pozulması, xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 cavabdeh (anaları) İddiaçı himayəsində saxlanılması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2050/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən ərizə qismən təmin edilərək, Cavabdeh və İddiaçı arasında xx.xx.2021-ci il tarixli, mediasiya reyestrində M- 00221 nömrəsi ilə qeydiyyatdan keçmiş Barışıq sazişinin aşağıdakı hissədə təsdiq edilməsi (2.1.2-ci bəndə münasibətdə), “2.1.2 Tərəflər (yəni- Cavabdeh və İddiaçı) övladları xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün ana İddiaçı hesabına həyat yoldaşı Cavabdeh əmək haqqının 1/3 + 100 manat hal-hazırda ayda 483 manat pulun ödənilməsinə razılaşdılar” qət edilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də “baş mütəxəssis” vəzifəsində işləyir və əmək haqqı 2600 manat təşkil edir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Məhkəmə uşaqların mənafeyini və cavabdehin müntəzəm gəlirinin olmasını nəzərə alaraq qeyd edir ki, birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay əmək haqqısının (başqa gəlirlərinin) 1/3 hissəsi məbləğində müəyyən edilməlidir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay miqdarda aliment tutulur: 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə Azəbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli qərarını nəzərə alaraq qeyd edir ki, miqdarı artırılmış alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Məhkəmə iddia tələbinin 300 (üç yüz) manat hüquqi xidmətə görə haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, iş materiallarında olan 11 mart 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən “Femida” vəkil bürosuna hüquqi xidmətə görə 300 (üç yüz) manat məbləğində pul vəsaiti ödənilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli vəkil orderinə əsasən “Femida” vəkil bürosu tərəfindən EM-1644VK-14539/25 saylı müqaviləyə əsasən vəkil Nümayəndə hüquqi yardım göstərmək üçün İddiaçı vəkil təyin edilmişdir. Belə ki, sözü gedən müqavilə, hüquqi xidmətlərin göstərilməsinə dair bağlanılmış xidmət müqaviləsidir. MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmənin nümayəndəyə və ya vəkilin göstərdiyi yardıma görə xərclərin konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verə bilər. Məhkəmə hesab edir ki, qanunvericilik məhz işə məhkəmədə baxılması ilə əlaqədar nümayəndəyə və ya vəkilin göstərdiyi yardıma görə xərclərin digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilə bilinməsinin mümkünlüyünü nəzərdə tutmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, hüquqi xidmətə görə 300 (üç yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Bakı 12 saylı Mediasiya Təşkilatının 10 mart 2025-ci il tarixli mediasiya arayışından görünür ki, mediasiya xərci olaraq 50 manat İMS, 10 manat poçt və kargüzarlıq xərci İddiaçı tərəfindən nağdsız qaydada ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə ödənilmiş mediasiya xərcinin əvəzi olan 60 (altmış) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, xx.xx.2021-ci il tarixli, M- 00221 reyestr nömrəli barışıq sazişi ilə xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin məbləği dəyişdirilməli, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay əmək haqqının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməli, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, ödənilmiş mediasiya xərcinin əvəzi olan 60 (altmış) manat və hüquqi xidmətə görə vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli, M-00221 reyestr nömrəli barışıq sazişi ilə xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin məbləği dəyişdirilsin. Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay əmək haqqının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Ödənilmiş mediasiya xərcinin əvəzi olan 60 (altmış) manat və hüquqi xidmətə görə vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-2470/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2470/2025
15.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver