Məhkəmə qərarları › İş №e-2(004)-2474/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2474/2023

24.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2474/2023 24.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlu, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki işə kiçik iddia üzrə (sadələşdirilmiş icraat üzrə) icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair sadələşdirilmiş icraat üzrə iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 691,33 ABŞ dolları əsas borc və 188,48 ABŞ dolları faiz, 1.699,61 ABŞ dolları cərimə, kredit müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdə bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanmış 103,90 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2.683,32 ABŞ dolları borcun və ödənilmiş 65,62 manat dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduğu mülki işə, iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138-139-cu maddələrinin tələblərinə əsasən MPM-in 47-ci maddəsində nəzərdə tutulmuş prossesual hüquq və vəzifələri izah edilmişdir. Cavabdeh1 iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə göndərməmişdir. Digər Cavabdeh2 xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə etiraz təqdim edərək, iddia ərizəsində qeyd olunan 691,33 ABŞ dolları əsas borcu qəbul etdiyini, qalan hissədə iddianı qəbul etmədiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC borcalan Cavabdeh2 illik 33 faiz olmaqla 18 ay müddətinə 5.800 ABŞ dolları kredit vermişdir. Kreditin təminatı olaraq "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* nömrəli zaminlik müqaviləsinə əsasən borclu müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etmədiyi halda zamin həmin öhdəliyin həcmində bank qarşısında borclu ilə birgə məsuliyyət daşıyır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış xx.xx.2015-ci il tarixli 01 saylı Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 5.011,89 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti 23 ay uzadılmiş, xx.xx.2017-cı il tarixədək müəyyən edilmişdir. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli 02 saylı Əlavə Sazişlərə əsasən Kredit restrukturizasiya edilmişdir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 4310,88 ABŞ dolları hesablanmışdır. Ödəniş qrafiki üzrə Borcalan tərəfindən manatla ödənişlər Kreditor tərəfindən 1USD=1.40AZN məzənnəsi əsas götürməklə qəbul edilmişdir. Kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 % ödənilməli idi. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit və zaminlik müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtlı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışında göstərilir ki, borclu Cavabdeh2 müqavilə üzrə ləğv prosesində olan "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixə 691,33 ABŞ dolları əsas borc, 188,48 ABŞ dolları faiz borcu, 1.699,61 ABŞ dolları cərimə, kredit müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdə bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanmış 103,90 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2.683,32 ABŞ dolları borcu var. Məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə tənasübsüz surətdə yüksək hesablanmış 1.699,61 ABŞ dolları cərimə azaldılaraq 100 ABŞ dolları müəyyən edilməlidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, kredit müqaviləsi üzrə yaranmış borc yalnız borclu Cavabdeh2 tutulmalıdır. Kreditor "xxxx" ASC ilə zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdə başa çatdığına görə, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə Cavabdeh1 zaminliyinə xitam verilməlidir. Hazırda zamin borcun ödənilməsi üçün məsuliyyət daşımır. Çünki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, sadələşdirilmiş icraat üzrə iddia qismən təmin edilməli, cavabdeh (borclu) Cavabdeh2 xx.xx.2014-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 691,33 ABŞ dolları əsas borc və 188,48 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün hesablanan 103,90 ABŞ dolları faiz olmaqla, cəmi 1083,71 ABŞ dolları pul (ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə) və ödənilmiş 65,62 manat dövlət rüsumu tutularaq iddiaçı LPO "xxxx" ASC-yə ödənilməlidir. İddia tələbi cavabdeh (borclu) Cavabdeh2 qarşı qalan - 1.599,61 ABŞ dolları cərimə tutulması hissəsində rədd edilməlidir. İddia tələbi (zamin) Cavabdeh1 qarşı olan hissədə rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (borclu) Cavabdeh2 xx.xx.2014-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 691,33 ABŞ dolları əsas borc və 188,48 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün hesablanan 103,90 ABŞ dolları faiz olmaqla, cəmi 1.083,71 (min səksən üç ABŞ dolları yetmiş bir sent) ABŞ dolları pul (ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə) və ödənilmiş 65,62 (altmış beş manat altmış iki qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı LPO "xxxx" ASC-yə ödənilsin. İddia tələbi cavabdeh (borclu) Cavabdeh2 qarşı qalan - 1.599,61 ABŞ dolları cərimə tutulması hissəsində rədd edilsin. İddia tələbi (zamin) Cavabdeh1 qarşı olan hissədə rədd edilsin. Kreditor "xxxx" ASC ilə zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə Cavabdeh1 zaminliyinə xitam verilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar