Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2488/2023 20.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 37800 manat pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 47690 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun oğludur. O, xx.xx.2015-ci il tarixli AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə ona məxsus Binəqədi rayonu, 6 MKR, keçid 1410, məhəllə 3215, ev 15/2-də yerləşən 36 nömrəli mənzilini 98500 manata X1. Mənzilini satan gün-yəni xx.xx.2015-ci ildə AAAF-İnşaat MMC-yə gedərək onlarla Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən AAAF-Park yaşayış massivindəki 12 saylı küçədə inşa edilən 5 saylı, 7 mərtəbəli yaşayış binasında ümumi sahəsi 51.5 kv.m olan, 1 otaqlı 24 saylı mənzili 33475 manata 120 ay müddətinə ayda 440,40 manat ödəməklə almaq barədə razılığa gəlmişdir. Həmin razılaşmaya əsasən AAAF-İnşaat MMC Azərbaycan Beynəlxalq Bankı ilə onun arasında daxili ipoteka krediti üçün təminatlı kredit müqaviləsi bağlanmaqla öz pullarını almalı idilər. O, bir gün sonra yəni xx.xx.2015-ci ildə AAAF-İnşaat MMC-nin nümayəndələri ilə Azərbaycan Beynəlxalq Bankına getmişdir. Həmin vaxt Bankda sənədlərindəki çatışmazlıq səbəbindən müqavilənin onun adına bağlanmasının mümkün olmayacağı deyildiyindən və həmin dövrdə cavabdehlə ana-oğul münasibəti yaxşı olduğundan və onun yanında olduğundan Salehin təklifi ilə kredit müqavilələrini Salehin adına rəsmiləşdirmişlər. Belə ki, ilk öncə AAAF-İnşaat MMC ilə xx.xx.2015-ci ildə ABB/0039 nömrəli mənzilin alqı-satqısı haqqında müqavilə bağlanılmış və Beynəlxalq Bank ASC ilə eyni tarixli 1-xx-xx-2015-YS-AAAF-AF nömrəli müqavilə bağlanılmışdır. Razılaşmaya əsasən sonradan müqavilə onun adına dəyişdirilməli idi. Bunun üçün o, AAAF-İnşaat MMC-yə müqaviləni dəyişməyə görə 2000 manat ödəməli idi. Bu halı isə onlar müqavilədə də qeyd etdilər ki, gələcəkdə müqavilə dəyişilsə minimum 2000 manat xərc tutacaqlar. Sonra o, müqavilə üzrə nəzərdə tutulan aylıq ödənişləri ödəməyə başlamışdır. O, həm faizlərin az çıxması, həm də bu evi sataraq həyət evi almaq üçün 2023-cü ilin əvvəlində artıq müqaviləyə əsasən cəmi 15 ay ödənişi qaldığı vaxt həmin pulu birbaşa ödəmək və çıxarışı adına sənədləşdirmək istəmişdir. Bu barədə oğluna müraciət etdikdə o hər dəfə bir bəhanə ilə uzatmağa başlamışdır. Sonda isə ona bildirmişdir ki, oğlu olduğuna görə evi ona bağışlasın. Evi iddiaçının adına keçirtməyəcəkdir. Bundan sonra cavabdeh atası və iddiaçı ilə münasibətlərini lap pis həddə çatdıraraq bildirmişdir ki, ailəsi ilə həmin mənzildə yaşayacaq. O, həmin mənzili alarkən 8000 manat ilkin ödəniş etmiş və Bank tərəfindən ona ayrılan 29800 manata görə 14238 manat faiz ödəməli olmuşdur. Cavabdehə belə bir bağışlama etmək fikri olmadığından cavabdehin hərəkətləri tamamən qanunsuzdur və hesab edir ki, həmin mənzil üzərində mülkiyyət hüququ tanınmalıdır. Cavabdehin həmin mənzilin nə alınması üçün ödənmiş ilkin ödənişində, nə də aylıq ödənişlərində 1 manat belə rolu olmamışdır. Yalnız bir-iki ödəniş vaxtında onun əvəzimdən ödəniş etmişdir ki, sonradan həmin ödənişləri də ona qaytarmışdır. Lakin,cavabdeh öz öhdəliyini yerinə yetirməyərək müqavilələri adına dəyişdirməkdən və mənzili mülkiyyətinə keçirtməkdən əsassız olaraq imtina edir. Yuxarıda qeyd edilənlərə, mənzilin pulunun onun tərəfindən ödəndiyinə, həmin mənzili sırf özü üçün aldığına, cavabdehin heç bir yerdə rəsmi işləmədiyi, taksi fəaliyyəti ilə əldə etdiyi qazancın isə öz ailəsinin dolanışığına belə zorla çatmasına, mənzilin pulundan 1 manat belə olsun nə özünün nə də başqa bir şəxsin vəsaitindən ödəmədiyindən, müqavilələrin formal olaraq cavabdehin adına bağlandığından, həmin müqavilə öhdəliyinin və Azərbaycan Beynəlxalq Bankından götürülmüş kreditin onun tərəfindən ödəndiyindən hesab edir ki, iddia tələbində haqlıdır və iddia tələbi təmin olunmalıdır. Mülki işin gedişi zamanı tərəfndən cavabdehin adına olan kreditə görə xx.xx.2023-ci ildə 441 manat, mart ayında 441 manat, xx.xx.2023-cü ildə 441 manat, 15.05.203-cü ildə isə 441 manat ödəniş etmişdir. Belə ki, o, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən AAAF-Park yaşavış massivindəki 12 saylı küçədə inşa edilən 5 saylı, 7 mərtəbəli yaşayış binasında ümumi sahəsi 51.5 kv.m olan. 1 otaqlı 24 saylı mənzili özü üçün aldığından kredit ödənişlərini ödəməyəcəyi təqdirdə mənzilin əlindən çıxacağından ehtiyat etdiyindən həmin ödənişləri etsə də, cavabdeh mənzili mülkiyyətinə keçirtməkdən imtina edir, mənzili iddiaçının mülkiyyətinə keçirtmir və kredit müqaviləsini onun adına dəyişdirmir. Mənzilin mülkiyyətinə keçirilməsi və kredit müqaviləsinin adına dəyişdirilməsi cavabdeh və bankın razılığı olmadığı təqdirdə edilə bilmədiyindən və bu barədə iddia tələbi qaldıra bilmədiyindən yalnız ödədiyim pulları cavabdehdən tələb etməli olmuşdur. Bundan sonra kredit məbləğini ödəməyəcəyindən hazırda yekun ödədiyi məbləğ kimi (39690+8000) 47690 manatın (xx.xx.2015-ci ildən 15.05.203-cü ilə qədər 90 ay müddətində aylıq 441 manat ödənişlərin cəmi) cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə bildirmişdir ki, iddiaçı evi oğlu üçün yox məhz özü üçün almışdır. O, evini satıb və səhəri günü həmin evi almışdır. Sadəcə sənədlərində problem olduğu üçün formal olaraq cavabdehinn adına almışdır. Bütün ödənişləri iddiaçı etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı onun anasıdır və ödənişləri ödəmişdir. Sadəcə iki aylıq ödənişi o etmişdir. Belə ki, anası öna ödənişi etməyini və həmin pulu ona geri qaytaracağını bildirmişdir. O, 882 manat ödəmiş, anası 200 manatı geri qaytarmışdır. Hətta, bəzi hallarda pulu anası vermiş, o ödəmişdir. Onun evi və pulu qaytarmaq fikri yoxdur. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə X3 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış AZ-İ seriyalı ******* saylı, 27 noyabr 2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 98.48 kv/m olan mənzili 98500 manata X1. İş materiallarında olan AAAF-İnşaat MMC ilə Cavabdeh arasında bağlanmış ABB/0039 saylı, 27 noyabr 2015-ci il tarixli mənzilin alqı-satqısı haqqında müqaviləyə əsasən, AAAF-İnşaat MMC Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən AAAF-Park yaşayış massivindəki 12 saylı küçədə inşa edilən 5 saylı, 7 mərtəbəli yaşayış binasında ümumi sahəsi 51.5 kv.m olan, 1 otaqlı 24 saylı mənzili tikinti işləri başa çatdıqdan sonra Cavabdeh təhvil verməyi, Cavabdeh isə mənzilin dəyəri olan 33475 manat pulu AAAF-İnşaat MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Cavabdeh Azərbaycan Beynəlxalq Bankı ASC-yə olan 27 noyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcu üçün 31667,3 manat ödənilmişdir. Ödəniş cədvəlindən görünür ki, 2023-cü ilin may ayının ödənişi ilə birlikdə həmin dövrə qədər kredit müqaviləsi üzrə ödənilməli məbləğ 39636 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Beynəlxalq Bankı ASC ilə Cavabdeh arasında bağlanmış 1-xx-xx-2015-YS-AAF-AF nömrəli 27 noyabr 2015-ci il tarixli kredit müqaviləsi əsasında bank tərəfindən Cavabdeh 100 ay müddətinə qaytarmaq şərtilə 10% dərəcəsi ilə 29800 manat kredit verilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, AAAF-İnşaat MMC ilə Cavabdeh arasında bağlanmış ABB/0039 saylı, 27 noyabr 2015-ci il tarixli mənzilin alqı-satqısı haqqında müqaviləyə əsasən, AAAF-İnşaat MMC Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən AAAF-Park yaşayış massivindəki 12 saylı küçədə inşa edilən 5 saylı, 7 mərtəbəli yaşayış binasında ümumi sahəsi 51.5 kv.m olan, 1 otaqlı 24 saylı mənzili tikinti işləri başa çatdıqdan sonra Cavabdeh təhvil verməyi, Cavabdeh isə mənzilin dəyəri olan 33475 manat pulu AAAF-İnşaat MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Beynəlxalq Bankı ASC ilə Cavabdeh arasında bağlanmış 1-xxxx-2015-YS-AAF-AF nömrəli 27 noyabr 2015-ci il tarixli kredit müqaviləsi əsasında bank tərəfindən Cavabdeh 100 ay müddətinə qaytarmaq şərtilə 10% dərəcəsi ilə 29800 manat kredit verilmişdir. Həmçinin müəyyən edilmişdir ki, mənzilin dəyərini təşkil edən 33475 manat pulun 29800 manatı bankdan götürülmüş kredit hesabına, qalan hissəsi də iddiaçı tərəfindən ödənilmişdir. Banka olan kredit borcu iddiaçının vəsaiti hesabına, bir hissəsi bilavasitə iddiaçı tərəfindən, bir hissəsi isə cavabdeh vasitəsilə ödənilmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bu halı təsdiq etmiş və yalnız iki aylıq kredit ödənişini etdiyini, ödədiyi məblədən 200 manat pulun iddiaçı tərəfindən ona qaytarlıldığını bildirmişdir. İddiaçı Cavabdeh ilə AAAF-İnşaat MMC və Cavabdeh ilə Azərbaycan Beynəlxalq Bankı ASC arasında bağlanmış müqaviləyə əsasən cavabdehin adına alınmış mənzili özü üçün aldığını və cavabdehin həmin mənzili onun adına keçirtməkdən imtina etdiyini qeyd edərək, həmin mənzilin alınması üçün AAAF-İnşaat MMC–yə və banka ödənilmiş pulun geri ödənilməsini tələb edir. Məhkəmə ilk növbədə qeyd edir ki, mənzilin alqı-satqısına dair müqavilənin məhz cavabdehlə bağlanması mənzilin iddiaçı tərəfindən cavabdehə bağışlanması və cavabdeh üçün alınması kimi qiymətləndirilməldir. Əksi təqdirdə iddiaçı müqaviləni öz adına bağlamalı idi. Belə ki, müqavilə onu bağlayan şəxslər üçün mülki hüquq və vəzifələr müəyyənləşdirir, dəyişdirir və ya xitam verir. Həmçinin, müqavilədən onun üçüncü şəxsin xeyrinə bağlanması halı və tərəflər arasında sonradan müqavilənin iddiaçının adına dəyişdirilməli olması barədə razışlamanın olması müəyyən edilmir. İddiaçı müqavilənin cavabdeh ilə bağlanmasını özünün sənədlərinin qaydasında olmaması ilə əsaslandırsa da, uyğunsuzluğun nədən ibarət olmasını göstərməmişdir. Həmçinin, iş materiallarında olan sübutlarla təsdiq edilir ki, iddiaçı alqı-satqı və kredit müqavilələrinin bağlandığı tarixdən bir gün əvvəl, xx.xx.2015-ci il tarixdə ona məxsus mənzilin alqı-satqısına dair müqavilə bağlamış və müqavilə notarial qaydada təsdiq edilmişdir. Göründüyü kimi, iddiaçı qeyd edilən müqavilələrin bağlanmasından bir gün əvvəl notarial qaydada təsdiq edilmiş müqavilə bağlamışdır. Bu da iddiaçının öz adından müqavilə bağlamaq üçün sənədlərində hər hansı çatışmazlığın olmadığını göstərir. Bu halda müqaviləni iddiaçının deyil, cavabdehin bağlaması iddiaçının mənzili cavabdehə hədiyyə kimi alındığını təsdiq edir. İddiaçı iddia ərizəsində də müqavilə bağlanarkən cavabdehlə ana-oğul münasibətini yaxşı olduğunu bildirmişdir. Məhkəmənin qənaətinə görə, iddiaçının sonradan mənzilin alınması üçün ödənilmiş pulun geri tələb edilməsi, onlar arasında anaoğul münasibətinin yaxşı olmamasından irəli gəlir. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bununla belə, iş materialları və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, mənzilin alınması üçün götürülmüş kredit borcu üzrə ödənişlər iddiaçı tərəfindən, bilavasitə özü və cavabdeh vasitəsilə ödənilmişdir. Cavabdeh də bu halı təsdiq etmişdir. Həmçinin qeyd edilməlidir ki, iddiaçı tərəf tələb edilən məbləği bütünlüklə ödədiyini təsdiq edən sənədi təqdim etməməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş qəbzlərə əsasən 27 noyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 31667,3 manat ödənişin edildiyi təsdiq edilir. Qəbzlərlə ödənildiyi təsdiq edilən vəsaitin 2135,7 manatı digər kredit müqaviləsi üzrə, 1132 manatı isə fərqli təyinatlar (şəxsiyyət vəsiqəsi, sayğac və kommunal ödəniş) üzrə ödənilmişdir. Lakin, cavabdeh özü tərəfindən yalnız 842 manat ödənildiyini, onun 200 manatının da iddiaçı tərəfindən ona qaytarıldığını, qalan vəsaitin iddiaçı tərəfindən ödənildiyini bildirmişdir. Həmçinin ödəniş cədvəlinə əsasən 2023-cü ilin may ayının ödənişi ilə birlikdə həmin dövrə qədər kredit müqaviləsi üzrə ödənilməli məbləğ 39636 manat təşkil edir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ödənilən pulun dəqiq məbləği məhkəmə üçün iddia əsaslı olduğu təqdirdə əhəmiyyət kəsb edərdi. Məhkəmənin qənaətinə görə, mənzilin alınması üçün götürülmüş kredit borcu üzrə iddiaçı tərəfindən bilavasitə ödənilmiş vəsait öhdəliyin üçüncü şəxs tərəfindən icrası, iddiaçı tərəfindən cavabdehə verilmiş vəsait hesabına ödənilməsini isə pul vəsaitinin bağışlanması kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, hər iki halda iddiaçının ödənilmiş pul vəsaitini geri tələb etməsi əsassızdır. Belə ki, Mülki Məcəllənin 431.1-ci maddəsinə əsasən, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Mülki Məcəllənin 431.1-ci maddəsinə əsasən, əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 431.1-ci maddəsinə əsasən, üçüncü şəxsin kreditoru təmin etməsi halında, tələb hüququnun həmin şəxsə keçməsi nəzərdə tutulsa da qeyd edilən maddənin müddəaları hazırki iş üzrə tərəflərə münasibətdə tətbiq edilə bilməz. Belə ki, iddiaçı mənzili oğlu olan cavabdeh üçün ona bağışlamaq niyyəti ilə almış, bunun üçün də həmin mənzilin alınması üçün bağlanmış kredit müqaviləsi üzrə öhdəliyi onun əvəzinə icra etmişdir. Həmçinin iddiaçının həmin mənzilə dair hər hansı hüququ olmadığından mənzilə məcburi icra yönəldiləcəyi təqdirdə mənzilə hüququnun itirilməsi təhlükəsi də yaranmamışdır. Həmçinin qeyd edilməlidir ki, öhdəliyin icrası üçün hədiyyə kimi verilmiş pul vəsaitinin geri tələb edilməsi üçün də əsaslar mövud deyildir. Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Mülki Məcəllənin 673.1-ci maddəsinə əsasən, hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. Göründüyü kimi, qanunvericilikdə hədiyyə verənin bağışlamaqdan imtina etmək üçün əsas olan halları dəqiq göstərilmişdir. Məhkəmə tərəfindən iddiaçı tərəfindən cavabdehə öhdəliyin icrası üçün bağışladığı pulun geri tələb edilməsi üçün yuxarıda qeyd edilən əsaslardan hər hansı birinin mövudluğu müəyyən edilməmişdir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-2488/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2488/2023
20.06.2023 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver