Məhkəmə qərarları › İş №e-2(004)-2501/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2501/2022

06.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2501/2022 06.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X8 oğlunun katibliyi İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan Şəhər Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli 2(032)-1316/2019 saylı qətnaməsi ilə 28 mart 2015-ci il təvəllüdlü İsmayılova Mehri Şöhrət qızının saxlanması üçün 30 manat, və 31 avqust 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 50 manat hər ay sabit pul məbləğində aliment, İsmayılova Mehri Şöhrət qızının müalicəsi üçün əlavə xərc kimi 100 manat pulun tutulması hissəsində dəyişdirilərək artırılması; uşaqların yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün cavabdehdən hər ay hər biri üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin tutulması; 28 mart 2015-ci il təvəllüdlü İsmayılova Mehri Şöhrət qızının sağlamlıq imkanlarının məhdud olması və davamlı müayinə və müalicə xərcləri nəzərə alınaraq əlavə xərc kimi 300 manat pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər 2013-cü il tarixdən faktiki birlikdə yaşayaraq ümumi təsərrüfat aparmaqla ailə həyatı qurmuşlar. Birgə yaşadıqları müddətdə iki uşaqları anadan olmuşdur. Hər iki uşağın atalığı müəyyən olunmuşdur. Birgə yaşadıqları dövrdə ana dəfələrlə döyüldüyündən uşaq ana bətnində olan vaxt xəsarət almış və uşaq xəstə doğulmuşdur. X7 serebrial iflicdir. Ayrıldıqları vaxtdan iddiaçı valideynlərinin himayəsindədir. Cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır və uşaqların saxlanması üçün iddiaçıya heç bir zəruri maddi yardım göstərmir. Uşaqların bütün qayğısını, ehtiyacını tamamilə iddiaçı çəkir. Böyüdükcə uşaqlarda atasına qarşı ehtiyac və tələbatları artsa da, cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Bundan əlavə Mehri İsmayılova hər üç aydan bir ölkə hüdudlarından kənarda xəstəliyi ilə əlaqədar müalicə alır. Şirvan Şəhər Məhkəməsinin həmin qətnaməsinə əsasən əvvəli 19 avqust 2019-cu ildən hesablanmaqla cavabdehdən Mehrinin saxlanması üçün 30 manat, Rafətin yetkinlik yaşına çatana kimi saxlanması üçün 50 manat hər ay sabit pul məbləğində aliment, İsmayılova Mehri Şöhrət qızının müalicəsi üçün əlavə xərc kimi 100 manat pulun tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Təyin edilmiş aliment və İsmayılova Mehri Şöhrət qızının müalicəsi üçün əlavə xərc miqdarı bu günkü həyat şəraiti, uşaqların saxlanılması, müalicə, qidalanması, geyim və ləvazimatlarının alınması və s. ilə uyğunlaşmır. İddiaçı heç bir yerdə işləmir və başqa gəlir yeri yoxdur. Ona görə də uşaqların saxlanılmasında maddi çətinlik çəkir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin iştirak edə bilməyəcəyi ilə əlaqədar məhkəməyə teleqram ünvanlamışdır. Cavabdeh məhkəməyə ünvanladığı ərizələrdə bildirmişdir ki, ömürlük ikinci qrup əlildir. Əmək qabiliyyəti yoxdur. 180 manat sosial müavinət alır və heç bir yerdə işləmir. X6 beyin iflici xəstəliyindən əziyyət çəkir. Yataq xəstəsi olduğu üçün ona qulluq edir. 180 manat sosial müavinətin 80 manatını alimentə, qalan 100 manatını dərmanlara verir. İddiaçı onun və qızının xəstəliyinə görə onları atıb getmiş, sonradan qızını götürmüşdür. Şirvan Şəhər Məhkəməsinin müəyyən etdiyi 80 manat alimenti belə çətinliklə ödəyir. X10 hər ay 280 manat sosial yardım alır. Bunlardan əlavə iddiaçı cavabdehə uşaqları ilə görüşməyə də şərait yaratmır. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1.-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə–qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsinin 1 saylı X1 (Şirvan, Hacıqabul) xx.xx.2022-ci il tarixli, **********4 saylı arayışına əsasən Cavabdeh həmin filialdan ikinci qrup əlilliyə görə 180 manat sosial müavinət və birinci qrup əlil şəxsə (X2) qulluğa görə 80 manat Prezident təqaüdü alır (müddətsiz). Eyni filialın eyni tarixli **********6 saylı arayışına əsasən İddiaçı 18 yaş SİM övladına (İsmayılova Mehri Şöhrət qızına) görə 280 manat sosial müavinət alır (müddət xx.xx.2024). Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinın xx.xx.2022-ci il tarixli MİHO/1.2.2-2-2022-238 saylı məktubuna əsasən Cavabdeh fiziki şəxs kimi heyvandarlıq sahəsi üzrə adına olan (İN742839) inəyin doğulan (İN140398, İN140399) 2 buzovuna görə EKTİS-də müraciəti təsdiqlənmiş və hesablanmış 200 manat subsidiya məbləği Cavabdeh fermer kartına köçürülmüşdür. Elektron Məhkəmə İnformasiya Sistemindən alınmış məlumata əsasən iddiaçı bəzi kateqoriya şəxslərə qulluq edən şəxs kimi Azərbaycan Respublikası Prezidentinin 50 manat təqaüdünü alır. Məhkəmə uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olmasını, iddiaçının xəstə uşağa qulluğa görə əlavə təqaüd və sosial müavinət almasını, cavabdehin ikinci qrup əlil olmasını, himayəsində birinci qrup əlil şəxsin olmasını və iddiaçının cavabdehin iddia ərizəsində qeyd edilən aliment miqdarını ödəməyə imkanının olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməməsini nəzərə alaraq hesab edir ki, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Şirvan Şəhər Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər bir uşağa görə hər ay 100 manat, cəmi 200 manat məbləğində müəyyən edilməli, iddia müalicə xərcinin artırılması hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən iddiaçılar aliment alınması barədə iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İddia qismən təmin edildiyindən 34 manat dövlət rüsumu cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli 2(032)-1316/2019 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh 28 mart 2015-ci il təvəllüdlü İsmayılova Mehri Şöhrət qızı və 31 avqust 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 34 (otuz dörd) manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə köçürülsün. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar